Avropanın 50 gücü
Son illərdə mühüm siyasi, iqtisadi forumlara, idman və musiqi yarışmalarına evsahibliyi etməklə beynəlxalq tədbirlərin keçirilməsi məkanına çevrilən Azərbaycan qitə tarixində ilk dəfə təşkil olunacaq “Bakı-2015” ilk Avropa Oyunlarına da tam hazırdır. “Köhnə qitə”nin tarixində ilk ən böyük idman bayramında yarışacaq iştirakçı ölkələrin komandalarının heyətləri də artıq dəqiqləşib.
Onlardan bir çoxları paytaxtımıza təşrif buyurublar. Yarışın Təşkilat Komitəsindən verilən məlumata görə, bu günə kimi 34 yığmanın ilk nümayəndə heyəti Bakıya gəlib. Bunlar arasında ən geniş heyət Rusiyaya aiddir. Şimal qonşularımız iştirakçı ölkələr arasında ilk pillədə yer alır. Rusiyanın 50 regionundan - Moskva (97 nəfər), Moskva vilayəti (38 nəfər), Sankt-Peterburq (33 nəfər), Tatarıstan (17 nəfər), Krasnodar diyarı (16 nəfər) və digər bölgələrdən 359 atlet komandanın tərkibindədir. Onların arasında 7 olimpiya və 34 dünya çempionu var. Rusiyalı idmançılar yüngül atletikadan başqa bütün idman növləri üzrə yarışlarda iştirak edəcəklər.
Türkiyə isə “Bakı-2015”ə 20 idman növü üzrə ümumilikdə 153 idmançı ilə qatılacaq. Qardaş ölkə atletika üzrə 1, atıcılıq 4, basketbol 8, bədii gimnastika 4, boks 13, qılıncoynatma 3, stolüstü tennis 2, sambo 1, üzgücülük 10, veloyarış 6, güləş 24, karate 11, oxatma 2, çimərlik voleybolu 4, triatlion 3, cüdo 2, sinxron su polosu 13, voleybol 24, üzgücülük 12, kanoedə üzrə isə 6 nəfərlə təmsil olunacaq.
Böyük Britaniya da Avropa Oyunlarına Olimpiya mükafatçıları da daxil olmaqla 158 idmançı ilə gəlir. Onlar suyatullanma, üzgüçülük, su polosu, kamandan oxatma, çimərlik voleybolu, avarçəkmə, qılıncoynatma, cüdo və bir sıra başqa növlərdə starta çıxacaqlar. Almaniya isə Azərbaycana mötəbər komanda - 266 idmançı göndərib. Almanlar Bakıda Avropa Oyunları proqramına daxil olan 20 növdən 16-da çıxış edəcəklər. Avropa Oyunlarına ən az idmançı ilə qatılan ölkələr isə Lixtenşteyn (10) və Monakodur (6).
Ümumiyyətlə, qeyd edək ki, “Bakı-2015”də mübarizə aparacaq 6000 atletdən 150-si Olimpiya mükafatçısdır. Onlar arasında olimpiadanın qalibləri üstünlük təşkil edir. Belə ki, 150 Olimpiya mükafatçısından 59-u çempionlardır.
Qitənin ən böyük idman yarışının iştirakçıları 13 yaşayış binasından, yardımçı binalardan ibarət kompleksdə iki, üç və dördotaqlı 1042 mənzildən ibarət Atletlər kəndində yaşayacaqlar. “Evdən kənar ev” rolunu oynayacaq bu möhtəşəm kəndin hər mənzili 2, 4 və 6 yataq otağından ibarətdir. Burada ümumilikdə 7499 atlet və rəsmi şəxs yerləşə biləcək. Atletlər kəndində idmançılar və komanda rəsmiləri üçün təhlükəsiz, rahat yaşayış şəraiti yaradılıb.
Atletlər kəndinin mədəniyyət və turizm mərkəzində isə sərgi təşkil olunacaq. Burada ölkəmizin müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri, o cümlədən xalça, geyim və məişət əşyalarının nümayişi və satışı təşkil ediləcək. “Best of Azerbaijan” adlanan yeməkxanasında isə ölkəmizin zəngin mətbəxinə aid təamlar təklif olunacaq və bu xidmətdən eyni vaxtda 450 idmançı istifadə edəcək. Atletlər kəndində əsas diqqət yetirilən məsələlərdən biri də yarışlar zamanı idmançılara və məşqçilərə, qonaqlara, ümumiyyətlə ehtiyacı olan hər kəsə yüksək tibbi xidmət göstərməkdir. Bu məqsədlə də burada xüsusi poliklinika fəaliyyət göstərəcək. Burada müxtəlif təyinatlı otaqlar, o cümlədən qeydiyyat, müalicə, stomatoloji, oftalmoloji, laboratoriya, rentgen, fizioterapiya və s. xidmət sahələri var. Poliklinika ən zəruri avadanlıqlarla təchiz olunub. Bu səhiyyə mərkəzi hər gün səhər saat 8-dən axşam saat 20-dək fəaliyyət göstərəcək və günün 24 saatı təcili yardım xidməti olacaq. Dopinq nəzarəti mərkəzi də poliklinika ilə yanaşı yerləşir.
Atletlər kəndi Oyunların keçiriləcəyi əsas idman komplekslərinə - Bakı Olimpiya Stadionuna, Milli Gimnastika Arenasına və Heydər Əliyev Beynəlxalq Aeroportuna yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə nəqliyyatın gediş-gəlişinin rahat olduğu bir ərazidə yerləşir.
Avropanın idman aləmi üçün əlamətdar hadisə hesab olunan “Bakı-2015” ilk Avropa Oyunlarında yarışacaq ölkələr və atletlərin sayı aşağıdakı kimidir:
1.
AZƏRBAYCAN - 291 atlet
2. Rusiya
- 359 atlet
3. İtaliya - 291 atlet
4. Almaniya
- 266 atlet
5. Fransa
- 251 atlet
6.
Ukrayna - 243 atlet
7. İspaniya - 216 atlet
8. Polşa - 212 atlet
9. Macarıstan - 200 atlet
10. Türkiyə - 191 atlet
11. Slovakiya - 179 atlet
12. Böyük Britaniya - 158 atlet
13.
Belarus - 150 atlet
14. Rumıniya - 146 atlet
15. Avstriya
- 145 atlet
16. İsrail - 141 atlet
17. Yunanıstan
- 138 atlet
18. Serbiya
- 133 atlet
19. Çexiya - 130 atlet
20. İsveçrə - 130 atlet
21. Bolqarıstan
- 127 atlet
22. Hollandiya
- 120 atlet
23. Belçika - 117 atlet
24. Xorvatiya - 109 atlet
25. Finlandiya
- 106 atlet
26. Gürcüstan - 105 atlet
27. Portuqaliya
- 100 atlet
28.
Moldova - 86 atlet
29. Sloveniya - 83 atlet
30. İsveç - 76 atlet
31. Litva
- 71 atlet
32. Latviya
- 67 atlet
33. Danimarka
- 65 atlet
34. İrlandiya
- 63 atlet
35.
Malta - 61 atlet
36. Lüksemburq
- 61 atlet
37. Estoniya
- 59 atlet
38. Norveç - 58 atlet
39. B. Herseqovina - 56 atlet
40. Monteneqro -
55 atlet
41. Makedoniya - 45 atlet
42.
Andorra - 31 atlet
43. Albaniya
- 28 atlet
44. Ermənistan
- 25 atlet
45. Kipr
- 23 atlet
46.
San-Marino - 20 atlet
47. İslandiya
- 19 atlet
48.
Kosovo - 18 atlet
49. Lixtenşteyn - 10 atlet
50. Monako - 6 atlet
Elçin CƏFƏROV,
Azərbaycan.- 2015.- 10 iyun.- S. 8.