Bakı mədəniyyətlərarası
dialoqun paytaxtıdır
“Naşa Qazeta.ch.│” öz səhifəsində Nadejda Sikorskayanın “Bakı mədəniyyətlərarası dialoqun paytaxtıdır” sərlövhəli məqaləsini yerləşdirib. AZƏRTAC həmin məqaləni təqdim edir.
“BMT-nin mayın 21-də qeyd etdiyi Dialoq və İnkişaf naminə Ümumdünya Mədəni Müxtəliflik Günü münasibətilə mayın 18-19-da Azərbaycanın paytaxtında Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilirdi. Forumu UNESCO, İSESCO, Dünya Turizm Təşkilatı və Avropa Şurası birgə təşkil etmişdi. “Naşa Qazeta.ch.│” nəşrinin redaktoru da respublika hökumətinin dəvəti ilə bu Forumda iştirak etmişdi.
Yuxusuz gecədən sonra səhər saat 6-da tanış olmayan bir şəhərə ilk dəfə uçub gələn insanı ilk növbədə nə narahat edir? Əlbəttə, internet işləyirmi sualı! Heydər Əliyev Beynəlxalq Aeroportundan dünya şəbəkəsinə dərhal və keyfiyyətlə qoşulma sürprizlər seriyasından birincisi oldu. İkincisi – əvvəllər qarşıma çıxan tərifli rəylərə baxmayaraq sübh çağının zəif dumanında gördüyüm möhtəşəmliyə hazır olmamağım. Hər halda ən yaxşısı bir dəfə görməkdir! Üçüncüsü – müasir Bakının təcəssümü olan üç göydələn kompleksindən ibarət “Alov qülləri”ndən birində yerləşən supermüasir gözəl otel. İstirahətə bir saatdan bir qədər çox vaxt qalırdı. Düz səhər saat 8-də isə Forumun rəmzi ilə bəzədilmiş rahat avtobuslar iştirakçıları Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasiminə apardı.
Heç nəyə bənzəməyən bu binanı görəndə əlim adətim üzrə telefona uzandı – onun kim tərəfindən inşa olunduğunu “google”də axtarmağa başladım. Məlum oldu ki, onu İraqda anadan olan Britaniya arxitektoru və dizayneri, dekonstruktivizmin nümayəndəsi Zaha Hadid inşa edib. Z.Hadid 2004-cü ildə Pritsker mükafatına layiq görülən ilk qadın arxitektordur. 2012-ci ildə isə Britaniya İmperiyasının “Xanım komandor” ordeninə layiq görülüb. Mərkəzin tikintisi beş il çəkib. 2012-ci il mayın 10-da təntənəli açılışı olub, 2014-cü ildə isə bu unikal bina nüfuzlu “ Design of the Year” mükafatına layiq görülüb. İndi onun girişində müxtəlif ölkələrdən Bakıya “qonaq gəlmiş” ən füsunkar ceyranlardan ibarət sərgi açılıb. Axı, Ceyran qarşıdan gələn birinci Avropa Oyunlarının rəmzlərindən biridir.
(Bircə düz xətti də olmayan bu qeyri-adi tikilidə qarşımıza çıxan ilk adamın Olqa Rostropoviç olması daha bir sürpriz oldu. Bu günlərdə Heydər Əliyev Fondunun dəstəyi ilə onun atasının, Bakıda doğulan böyük violonçelçalan Mstislav Rostropoviçin adını daşıyan sayca səkkizinci festival keçirilir. Odur ki, ertəsi gün Mstislav Rostropoviçin Moskva Fondunun təqaüd alan gənc musiqiçilərinin və İqor Butmanın dahiyanə kvartetinin Bakının yaraşıqlı Filarmoniyasında keçirilən maraqlı konsertində olduq).
Eyni zamanda “Bakı prosesi” adı ilə məşhur olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsası 2008-ci ildə qoyulub. Ötən illər ərzində bu forum qloballaşdığı qədər müxtəlif olan dünya birliyini narahat edən ən mühüm məsələlərə dair fikir mübadiləsi aparmaq üçün hamı tərəfindən qəbul edilən məkana çevrilib. Odur ki, indiki forumun leytmotivinin “Ümumi təhlükəsizlik üçün ümumi mədəniyyət” olması heç də təəccüblü deyil.
Forumu əla ingilis dilində açan Azərbaycan Prezidenti İlham Əliyev təqribən yüz ölkədən 500-dən çox iştirakçıya müraciət edərək vurğuladı ki, Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkənin uğurlu inkişafına öz töhfələrini verirlər. O dedi: “Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Biz mənfi istiqamətdə cərəyan edən meyillərin şahidi oluruq. Gərginliyin və nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir”.
Prezident Əliyev bildirdi ki, mədəni müxtəlifliyə alternativ görmür. O, toplaşanların hamısını bu konsepsiyanı irəlilətmək üçün səylərini birləşdirməyə çağırdı. O, mədəni müxtəlifliyin gələcəyinin olmadığını düşünənlərə xəbərdarlıq edərək dedi: “Səylərimizi dayandırsaq, dünyada vəziyyət daha da pisləşəcək. Bunun alternativi nədir? Təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillərdir ki, onlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub”. Dini və ya etnik zəmində gərginliyin bəzən süni şəkildə yaradıldığını qeyd edən Prezident bütün ölkələrin liderlərini, bütün siyasətçiləri xüsusi sayıqlıq nümayiş etdirməyə çağırdı.
Əfsus ki, onu tribunada əvəzləyən natiqlərin irəlicədən hazırlanmış və kağızdan oxunan çıxışları bu dərəcədə qətiyyətli və cəsarətli olmadı. Təəssüf edirik ki, belə mühüm və real şəkildə ümumi mövzuya həsr olunmuş forumda bəzi natiqlər ənənəvi ideoloji və siyasi opponentlərinə həmişəki kimi hücum etməkdən özlərini saxlaya bilmədilər. Zənnimizcə, bunun üçün zaman və məkan yanlış seçilmişdi. Amma yəqin ki, heç bir iri beynəlxalq toplantı insanın kefini pozan belə əhəmiyyətsiz hadisələr olmadan ötüşmür.
BMT-nin antisemitizmə qarşı mübarizə məsələləri üzrə xüsusi nümayəndəsi ravvin Endrü Bekerin çıxışı gözlənilməz oldu. O, nəinki yəhudilər ilə müsəlmanlar arasında dialoqu möhkəmləndirməyə çağırdı (onun sözlərinə görə, hər iki tərəfin cəsarətli nümayəndələri sayəsində bu sahədə əhəmiyyətli irəliləyiş əldə olunub), həm də din qardaşlarının Allahın adından törətdikləri terror aktlarına qarşı mötədil müsəlmanların yetərincə fəal çıxış etmədikləri barədə yayılmış fikri təkzib etdi. Onun fikrincə, qarşılıqlı anlaşmaya nail olmaq formulu sadədir: müsəlmanlar Holokostu danmaqdan imtina etməli, yəhudilər isə islamofobiyanı dəstəkləməməlidirlər.
Belə tədbirlərdə iştirak etmiş bütün oxucularımıza yaxşı məlumdur ki, mühüm məqamların çoxu iclas salonlarında deyil, “pərdə arxasında”, fasilələrdə, çay, yaxud nahar süfrəsi arxasında qeyri-rəsmi görüşlərdə baş verir. Məsələn, Rus Dram Teatrının direktoru Ədalət Hacıyev ilə plov süfrəsi arxasında görüşdük. Bu yaxınlarda 95 illiyini qeyd edən teatrda nə vaxtsa Faina Ranevskayanın özü çıxış edib! Bu yaxınlarda Lev Dodinin truppasını qəbul edən, indi isə Lermontovun 200 illiyi şərəfinə “Maskarad” ilə cavab səfərə hazırlaşan Ədalətin və Ukrayna mədəniyyət nazirinin müavini Andriy Vitrenkonun müşayiəti ilə köhnə Bakının küçələrində gəzib dolaşmağa başladıq. Öyrəndik ki, “Brilyant əl” filmindən məşhur “Sürüşdüm, yıxıldım, oyandım - gips” səhnəsi bu küçələrdən birində çəkilib. Tarixi yeri yaddaşımıza həkk edəndən sonra kult filmindən sitatları hamılıqla, bir-birimizə aman vermədən və təbii ki, rus dilində yağdırmağa başladıq.
Ümumiyyətlə, Bakıda hər yerdə, hətta yeniyetmələr arasında söhbətlərdə rus dili eşidilir. Yəqin ki, bu, 250 rusdilli məktəbin, Slavyan Universitetinin və yeni tanışlarımızın danışdıqları kimi, diplomu yüksək qiymətləndirilən MDU-nun filialının olması ilə izah edilir.
Bakıda olduğumuz ikinci günün xeyli hissəsini Azərbaycan Respublikasının parlamentində - Milli Məclisdə keçirdik. Parlament sədrinin müavini Bahar Muradovanı və parlament aparatının beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Aynur Nurəhmədovanı yenidən görmək xoş idi. Onlar ilə bu ilin martında Berndə tanış olmuşduq. Həmin rəsmi səfər mehriban insani münasibətlərin başlanğıcını qoyması sevindirici haldır. Razılaşın ki, belə münasibətlər hər hansı əməkdaşlığın ən etibarlı rəhnidir. Aynur Nurəhmədovanın lütfkarlığı sayəsində parlamentin əzəmətli binasını gəzdik, Heydər Əliyev muzeyinə getdik, - onun divarlarından birini respublikanın keçmiş başçısının Mstislav Rostropoviç və Gennadi Xazanov ilə birgə şəkli bəzəyir, - deputat kreslosunda oturduq və hətta tribunada dayandıq!
Sonra bədən quruluşu üçün zərərli olan paxlava ilə çay və çox dadlı nahar süfrəsi arxasında redaksiyamızla Azərbaycanın əməkdaşlığına dair müxtəlif ideyaları müzakirə etdik. Məlum oldu ki, Bahar Muradova da, Aynur Nurəhmədova da yazılarımızı izləyir və çox vaxt bu yazılarda öz işləri üçün faydalı informasiya tapırlar.
Milli Məclisin sədri Oqtay Əsədovla görüşmək imkanı lap gözlənilməz sürpriz oldu. Demək olar, bir saat çəkən qeyri-rəsmi söhbətdə çox mətləblərdən – bütövlükdə siyasətdən, o cümlədən Dağlıq Qarabağdakı və Ukraynadakı vəziyyətdən, jurnalistikadan, incəsənətdən, Azərbaycanın Rusiya və İsveçrə ilə müsbət inkişaf edən münasibətlərindən danışdıq. Cənab Əsədov artıq 10 ildir ki, Azərbaycan Respublikasının Milli Məclisinə başçılıq edir. O, mənə təcrübəli, müdrik və təmkinli adam təsiri bağışladı.
Söz yox
ki, belə dar macalda - Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçirildiyi bir vaxtda bizə göstərilən diqqətdən
riqqətə gəldik. İyunun 2-də neft və qaz məsələlərinə
dair forum, 12-də birinci Avropa Oyunları başlayacaq. Bakıda həyat qaynayır”.
Azərbaycan.- 2015.- 10 iyun.- S. 12.