Professor Nərgiz Paşayeva:
Biz istəyirik ki, Azərbaycan
elmi dünyada layiq olduğu yeri tutsun
M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı
filialının rektoru, AMEA-nın müxbir üzvü,
professor Nərgiz Paşayevanın AZƏRTAC-a müsahibəsi
-Mərkəzin rəsmi
saytında qeyd olunub ki, Azərbaycan və onun
yerləşdiyi Qafqaz bölgəsinin zəngin
mədəniyyətinin və tarixinin
araşdırılması beynəlxalq elm
aləminin diqqətindən kənarda qalıb. Sizcə, təşkil
edilən elmi konfransın bu
baxımdan əhəmiyyəti nədən ibarətdir?
-Sabahkı konfrans Oksford Universitetində yaradılmış və onun səlahiyyətli bir qurumuna çevrilmiş Nizami Gəncəvi adına Mərkəzin ilk elmi konfransıdır. Şübhəsiz ki, belə bir tərkibdə və belə bir çevrədə təqdim olunan konfrans özlüyündə ortaya bir çox mühüm məsələləri qoyur. Birinci mühüm məsələ odur ki, artıq deyildiyi kimi burada səsləndirilən hər bir fikir, irəli sürülən hər bir elmi mülahizə auditoriyada qalmır, dünyanın bütün elmi dairələrinə çatdırılır. Çünki Oksfordun yürütdüyü mülahizələr, qəbul etdiyi dəlillər artıq dünyada sınaqdan keçirilmiş elmi meyarlardır. Bu baxımdan əlbəttə ki, bizim Mərkəzin keçirdiyi konfransın əhəmiyyəti çox böyükdür. Konfransda iştirak edən alimlər bu gün öz sahələrində ən sanballı, ən məşhur və nüfuzlu alimlərdir. Bu isə sözsüz ki, tədbirin səviyyəsinin əsas göstəricisidir.
-Ötən il AZƏRTAC-a verdiyiniz
müsahibədə Nizami Gəncəvi
adına Mərkəzin tezliklə fəaliyyətə
başlayacağını qeyd etmişdiniz. O vaxtdan çox keçməsə də, Mərkəzin
fəaliyyəti və layihələri haqqında nə deyə
bilərsiniz?
-Layihələrin sadalanması
doğrudan da sevindiricidir. Məsələn,
fərəhli hal odur ki, Bertelsin
1941-ci ildə nəşr
olunmuş və təəssüf ki, heç vaxt yenidən rus dilində dərc edilməmiş “Böyük
Azərbaycan şairi Nizami Gəncəvi” kitabını biz burada, Oksfordda ingilis dilinə tərcümə
edirik. Bu ilin
sonuna qədər bu kitabın həm Oksfordda, həm də Azərbaycanda təqdim olunması nəzərdə
tutulur. Alimlər və peşəkar
dairələr, bu işin fərqində olanlar üçün bu, çox böyük hadisədir.
Çünki Bertelsin kitabının
ingilis versiyasını
bu vaxta qədər heç kəs hazırlamamışdı.
Əgər bunu Oksford kimi böyük bir universitet, onun şərqşünaslıq
fakültəsi tərcümə
edib ortaya qoyursa, artıq bu kitabı bütün dünya tanıyacaq.
Bundan başqa,
biz 3 magistrant və 3
aspirant hazırlığı ilə məşğuluq. Hazırlıq nədən ibarətdir?
İmtahan vermək lazımdır.
Oksford müəllimlərinin və
professorlarının sınağından
keçmək lazımdır.
Sınaqdan keçən hər
kəs bu uğuru qazanacaq. Əlbəttə ki, biz bu imkanı layiq olana verəcəyik.
Bundan əlavə,
biz təkcə şərqşünaslıq
və ədəbiyyatşünaslıq
deyil, elmin hər hansı bir başqa sahəsi ilə də məşğul olan, Oksford Universiteti
ilə əlaqə yaratmaq istəyən hər bir kəsə
universitetin qaydaları
çərçivəsində yardım etmək səlahiyyətinə malikik. Konfransdan bir
gün əvvəl universitetin rəhbərliyi
ilə görüşdə
mənə dedilər
ki, gələcəkdə
bizi yalnız Qafqaz regionu deyil, həmçinin Orta Asiya bölgəsində
təmsil edən bir mərkəz olaraq görmək istəyirlər. Artıq iki
ildir ki, birgə çalışırıq.
Burada etimad qazanmışıq və bu müddət
ərzində onlar bizim elmi biliyimizi,
bacarığımızı, tərəfdaşlıq qabiliyyətimizi
qiymətləndiriblər və
bu qiymət yüksəkdir.
-Bu layihəyə
təbii ki, Azərbaycanda böyük
maraq göstərilir.
Belə ki, Nizami Gəncəvi adına Mərkəz
Oksford Universitetinin bir hissəsi kimi fəaliyyət göstərir. Bu, böyük nailiyyətdir.
Siz bunu necə izah edərdiniz və maraqlananlar Mərkəzin fəaliyyətində
necə iştirak edə bilərlər?
-Bilirsiniz, ən əsası odur ki, bacarıqlı, əməksevər gənclər
olsunlar. Doğrudur, XIII əsrdən fəaliyyət göstərən
Oksford Universiteti ödənişli əsaslarla
təhsil verir. Amma bu o demək
deyil ki, maliyyə imkanı olan hər bir
kəs buraya daxil ola
bilər. Bu nüfuzlu
təhsil ocağına
yaxınlaşmaq burada
təhsil almaq üçün maddi vəsait demək olar ki, ən
axırıncı şərtdir.
Vacib olan bacarıq və bilik, çalışqanlıq, səbir
və təmkindir.
Tədricən kamilləşərək irəli getmək arzusu olmalıdır.
Elm biznes sahəsi
deyil, buraya addım-addım, özündən
əvvəlkiləri yaddan
çıxarmayaraq, üstündən
xətt çəkməyərək
gəlirsən. Sən özündən
qabaq olanları və çox işlər görənləri
unutmayaraq irəli gedə bilərsən.
Ən əsası odur ki, biz burada heç də formal, müvəqqəti funksiya daşımırıq. Bu gün fəaliyyət göstərən və Azərbaycanı təmsil edən Nizami Gəncəvi adına Elmi Mərkəz Oksfordda daimi olmalıdır və olacaqdır. Çünki məhz belə olduğu halda ölkənin də, vətənin də, vətəndaşın da nüfuzu, dəyəri artır.
-Səkkiz yüz illik tarixə malik və bir çox dünya
şöhrətli alim və ictimai xadim yetişdirən
məşhur Oksford Universitetində təmsil
olunan ilk azərbaycanlı
alim olaraq hisslərinizi
necə ifadə edərdiniz?
- Mənə elə gəlir ki, bu həm reallıq, həm də əfsanədir. Mən bu gün Oksforda gələndə məni ən istəkli və fəxri qonaq kimi qarşıladılar. Mənə dedilər ki, bu bütün fəaliyyətini universitetə və tələbələrə həsr etmiş, universiteti təmsil edən adamların görüşüdür. “Biz belə insanları həmişə qorumağa, onlara dəstək olmağa hazırıq”. Bu sözlər yüksək etimadın ifadəsidir, insan üçün böyük sevincdir. Belə məqamda fikirləşirsən, nə yaxşı ki, 33 ildir öz peşənlə, fikrimcə ən yaxşı peşə ilə - müəllimlik və elmlə məşğulsan. Oksford Universitetinin qapısını açmaq, onun kollektivinə qovuşmaq mənim üçün çox böyük qürurdur.
Azərbaycanda məşhur alimlər olub, burada böyük
elmi potensial formalaşıb. Dünya Azərbaycan elmi ilə hələ kifayət qədər tanış deyil. Biz istəyirik
ki, Azərbaycan elmi dünyada layiq olduğu yeri tutsun. Bu isə bir günün,
bir saatın ərzində, ani istəklə ərsəyə
gələn bir iş deyil. Bu,
böyük əmək,
zəhmət və ürəkyanğısı tələb
edir. Burada Oksfordda heç kim heç
kimdən asılı
deyil, lakin hamı həqiqətdən
asılıdır və
ona xidmət edir.
-Müsahibəyə görə çox sağ
olun.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London