Azərbaycan-İndoneziya
münasibətlərinin inkişaf səviyyəsi
məmnunluq doğurur
Azərbaycanın
xarici işlər nazirinin müavini Xələf Xələfov
iyunun 8-də İndoneziya Xarici İşlər Nazirliyinin Cənubi
və Mərkəzi Asiya üzrə direktoru xanım Listyovati
ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, X.Xələfov Azərbaycan və İndoneziya arasında mədəni, dini və adət-ənənə bağlılıqlarının iki ölkə arasında dost münasibətlərin formalaşmasında mühüm amillərdən biri olduğunu vurğulayıb. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə inkişafının həm ikitərəfli, həm də çoxtərəfli platformada əlaqələrin xarakterini müəyyənləşdirdiyini qeyd edən X.Xələfov iqtisadi, humanitar, mədəniyyət sahələrində də əməkdaşlıq üçün potensial olduğunu diqqətə çatdırıb.
Cənubi Qafqaz regionunda hərtərəfli inkişaf və inteqrasiya proseslərinə əsas əngəl olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağı məlumatlandıran nazir müavini münaqişənin həllinin Ermənistanla yanaşı, bir çox kənar faktorlardan da asılı olduğunu deyib. O, münaqişənin yalnız işğal edilmiş Azərbaycan torpaqlarının azad olunmasından sonra öz həllini tapa biləcəyini vurğulayaraq beynəlxalq təşkilatların, xüsusilə də Avropa institutlarının bu istiqamətdə səmərəli fəaliyyət göstərmədiyini diqqətə çatdırıb, işğal etdiyi ərazilərdən çıxması üçün Ermənistana həmin təşkilatların təzyiq göstərmələrinin vacibliyini bildirib.
Nazir müavini ən böyük müsəlman dövləti və İslam Əməkdaşlıq Təşkilatının xüsusi çəkiyə malik aparıcı üzvlərindən olan İndoneziyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edərək ümumiyyətlə strateji məsələlərlə bağlı mövqelərimizin yaxın olduğunu deyib.
Xanım Listyovati iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsindən məmnunluğunu bildirərək əlaqələrin dərinləşməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmli rol oynadığını qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin İndoneziyaya səfər etməsini arzuladıqlarını deyən xanım Listyovati iki ölkə arasında müxtəlif səviyyədə mütəmadi dialoqun əhəmiyyətini vurğulayıb. Həmçinin Azərbaycan və İndoneziya arasında birgə iqtisadi komissiyanın fəaliyyətə başlamasının iqtisadi sahədə əməkdaşlığın inkişafına və şaxələndirilməsinə töhfə verəcəyini vurğulayıb.
İndoneziyanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıdığını və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində bu dəstəyi ifadə etdiklərini, bu ədalətli yanaşmaya hər zaman sadiq qalacaqlarını qeyd edən xanım Listyovati Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda sülh yolu ilə nizamlanacağına ümidvar olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər
beynəlxalq və regional məsələlər
ətrafında fikir mübadiləsi
aparılıb.
Azərbaycan.- 2015.- 10 iyun.- S. 15.