Professor Robert Hoyland: Mən Azərbaycanın və onun yerləşdiyi bölgənin tarixini, mədəniyyətini dərindən öyrənəcəyəm

 

Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin direktoru professor Robert Hoylandın AZƏRTAC-a müsahibəsi

-Mərkəzin rəsmi saytında qeyd olunub ki, Azərbaycan və onun yerləşdiyi Qafqaz bölgəsinin zəngin mədəniyyətinin, tarixinin araşdırılması beynəlxalq elm aləminin diqqətindən kənarda qalıb. Sizcə, sabah keçiriləcək elmi konfrans bu boşluğu doldura biləcəkmi?

-Bəli, mən düşünürəm ki, konfrans bu boşluğu doldurmağın yollarını müəyyənləşdirəcək. Çünki biz bir çox ölkələrdən, o cümlədən Almaniya, Böyük Britaniya və Azərbaycandan alimlər dəvət etmişik. Onlar Qafqazda, xüsusilə Azərbaycan və Gürcüstanda müxtəlif sahələrin - memarlıq, tarixarxeologiya sahələrinin mütəxəssisləridir. Buna görə, bəli, məncə bu elmi konfrans dünyada Azərbaycan və ona qonşu bölgələr haqqında biliklərin genişlənməsinə öz töhfəsini verəcək.

-Ötən il AZƏRTAC-a verdiyiniz müsahibədə Nizami Gəncəvi adına Mərkəzin tezliklə fəaliyyətə başlayacağını qeyd etmişdiniz. O vaxtdan çox keçməsə də, Mərkəzin fəaliyyəti və layihələri haqqında nə deyə bilərsiniz?

-Biz bu qısa zaman ərzində çox işlər görməyə çalışmışıq. Ötən müddət ərzində biz artıq iki tədqiqatçıya elmi aparmaq üçün təqaüd vermişik. Bu təqaüdçülər sentyabr ayından öz tədqiqatlarına başlayacaqlar. Bu tədqiqatlar Azərbaycanda mövcud olan dillər və mədəniyyətlərlə bağlıdır. Biz Azərbaycan və rus dillərində kitabların ingilis dilinə tərcüməsinə başlamışıq. Onların arasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə BertelsinDahi Azərbaycan şairi Nizami” kitabını qeyd edə bilərəm. Biz, həmçinin Bərdədə tərəfimizdən aparılacaq ilk arxeoloji qazıntılar vasitəsilə qədim Qafqaz Albaniyasının Erkən Orta əsrlərdən etibarən İslam aləminin bir hissəsinə çevrilməsi prosesini tədqiq edəcəyik.

-Bu layihəyə təbii ki, Azərbaycandan böyük maraq göstərilir. Layihə ilə maraqlananlar Mərkəzin fəaliyyətində necə iştirak edə bilərlər?

- Maraqlananlar Mərkəzin Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun saytındakı bölmə vasitəsilə fəaliyyətimizi izləyə və bizə yazılı surətdə müraciət edə bilərlər. Əlbəttə, professor Nərgiz Paşayeva bizim Azərbaycanda təmsilçimizdir və hər kəs onunla əlaqə saxlaya, Mərkəzin fəaliyyəti ilə bağlı, gördüyü vacib işləri izləyə bilər.

- Siz öz sahənizdə dünyada tanınmış alimlərdənsiniz, bir çox əhəmiyyətli layihələrdə iştirak etmisiniz və etməkdəsiniz. Oksford Universitetinin Nizami Gəncəvi adına Elmi Mərkəzinin fəaliyyətindən Mərkəzin Oksford Universiteti tərəfindən rəhbəri kimi məmnunsunuzmu?

- Əlbəttə, mən müxtəlif sahələr üzrə işləməkdən zövq alıram. Vaxtilə Suriya, Yəmən və Misirdə tədqiqatlar aparmışam. Nizami Gəncəvi adına Mərkəzin əhatə etdiyi bölgə mənim üçün yeni bir elmi-tədqiqat istiqaməti olduğuna görə onun tarixi və mədəniyyətini dərindən öyrənmək həvəsindəyəm. Biz Mərkəzin internet səhifəsində bütün fəaliyyətimiz haqqında müntəzəm surətdə məlumat verəcəyik. Buyurub internet səhifəmizi izləyə və öz dəstək məktublarınızı göndərə bilərsiniz.

- Təşəkkür edirəm. Müsahibəyə görə sağ olun.

 

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Azərbaycan.- 2015.- 10 iyun.- 16.