“Muzeydə gecə” intellektual istirahətin yeni hüdudlarını müəyyənləşdirdi

 

YARAT Müasir İncəsənət Mərkəzində “Muzeydə gecə” adlı mövzu əhatəsi geniş olan tədbir keçirilib. Əvvəldən xəbər verildiyi kimi, insanların diqqətini intellektual istirahət növünə cəlb etmək məqsədilə dünyanın bir sıra ölkələrində 40 ildən çoxdur ki, belə aksiyalar təşkil olunur.

Bir aydan artıq idi ki, planlaşdırılan “Muzeydə gecə” tədbiri barədə fəal surətdə sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində məlumatlar yayılırdı. Bu səbəbdən də səhər saat 11-dən başlayaraq iştirak etmək arzusu ilə adamların tədbir keçirilən yerə axışmağı təəccüblü deyildi. Tədbirin proqramına yoqa, kulinariya, rəqslər, art-terapiya seansları, Bakının sirləri haqqında tarixi məruzə və başqa mövzular daxil idi. Tədbir gecə yarıdan keçənədək davam etdi.

YARAT Müasir İncəsənət Məkanının icraçı direktoru Fərid Abdullayev aksiya barədə bunları söyləyib: “Müasir incəsənəti təmsil edən kolleksiyalar və ekspozisiyaların nümayiş etdirildiyi mərkəzə bır sıra köməkçi xarakterli tədbirlər vasitəsilə daha çox ziyarətçi cəlb etmək niyyətindəydik. Deyə bilərik ki, istəyimiz baş tutdu. Tədbirə gələn insanlar ustad dərslərində iştirak etdikdən sonra dağılışmadılar. Əksinə, onlar məmnuniyyətlə bələdçilərimizin ekskursiyalarına yazılır və nümayiş olunan ekspozisiya ilə maraqlanırdılar. Məqsədimizə nail olduq. Bu isə o deməkdir ki, gələcəkdə belə aksiyaların daha çox keçirilməsinə çalışacağıq”.

Tədbirdə iştirak etməyənlər YARAT Müasir İncəsənət Mərkəzinə çərşənbə axşamı-cümə günləri saat 11-dən 20-dək, şənbə günü saat 11-dan 23-dək, bazar günü isə saat 12-dan 20-dək baş çəkə bilərlər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 10 iyun.- S. 16.