Yalnız güclü dövlətlər böyük idman tədbirlərinə evsahibliyi edə bilər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim vurğuladığı kimi, bayram tədbirləri keçilən yola nəzər salınması, perspektivlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Ölkəmizin evsahibliyi etdiyi I Avropa Oyunları da böyük birlik, həmrəylik, əməkdaşlıq bayramı kimi tarixə yazılacaq. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə gəldikdə isə, bu, müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin təntənəsidir.

İdmanın sağlamlıqla yanaşı, həm də siyasət olduğu ümummilli lider Heydər Əliyevin çıxışlarında xüsusi qeyd olunurdu: “İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”. Hər bir sahədə Heydər Əliyevin siyasətinə sadiqliyini təsdiqləyən cənab İlham Əliyevin idmanın inkişafı istiqamətində atdığı addımlar da davamlılığı ilə diqqət çəkir. Dövlət başçısı deyib: “Biz Avropa Oyunlarını yay olimpiya oyunları səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları, əslində, Bakıda qoyulacaq. Çünki heç vaxt bugünə qədər belə Oyunlar keçirilməmişdir. Bu Oyunlar müxtəlif səviyyədə keçirilə bilərdi. Ancaq biz istəyirik ki, bu möhtəşəm idman bayramı möhtəşəm dostluq bayramına çevrilsin. Buna böyük ehtiyac var”.

Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında idman komplekslərinin tikintisinə geniş yer verilməsi də bu sahəyə göstərilən qayğıdan xəbər verir. Son illərdə iqtisadiyyatı üç dəfə artan, maliyyə imkanları və resursları kifayət qədər olan ölkəmizdə yaradılan idman infrastrukturunun beynəlxalq standartlara cavab verməsi Azərbaycana bu şansı qazandırmışdır. Ölkəmizə gələn qonaqların da etiraf etdiyi kimi, dünyanın ən gözəl şəhərlərindən olan, füsunkar, müasirləşən siması, tarixi ilə diqqət çəkən Bakı Avropa ilə Asiyanı birləşdirən körpüdür. Son illərdə keçirilən beynəlxalq yarış və olimpiadalarda azərbaycanlı idmançıların qazandıqları qələbələrin təməlində də ölkəmizdə idmanın inkişafına yönəldilən diqqət, yaradılan şərait dayanır.

Heydər Əliyev Fondunun prezidenti, ISESCO və UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın komitənin ilk iclasında bildirdiyi kimi, belə möhtəşəm yarışların Bakıda keçirilməsi ölkəmiz, ümumiyyətlə bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir: “Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla evsahibliyi edəcəkdir”. Bakıda keçiriləcək yarışlarda 6 min nəfərədək idmançı iştirak edir. Rəsmi nümayəndə heyəti təxminən 1000, KİV nümayəndələri isə 2000 nəfərdir. Təkcə bu iki rəqəm ilk Avropa Oyunlarına marağın hansı səviyyədə olmasına işıq salır. Son 11 il ərzində Azərbaycanda 40-dan çox yeni, müasir olimpiya mərkəzi tikilib. İdmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı ildən-ilə artır, onların qarşısında yeni perspektivlər, yeni imkanlar açılır. Azərbaycanın dünyada idman dövləti kimi tanındığını bir daha qeyd edən Mehriban xanım Əliyeva bildirir ki, tarixə ilk Avropa Oyunları kimi daxil olan belə irimiqyaslı yarışları qəbul etmək, hazırlamaq və keçirmək, əlbəttə, bizim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Beynəlxalq Olimpiya Komitəsinin rəsmiləri də ümidvardır ki, bu idman yarışları uğurla keçəcək. Qeyd olunur ki, Azərbaycan idmançıları 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək yay olimpiya oyunlarına da yüksək səviyyədə hazırlaşacaq və uğurlar qazanacaqlar. Qələbələrin təməli isə, təbii ki, “Bakı 2015” yarışlarında qoyulacaq.

 Hər bir tədbirin özəlliyi onun keçirilən ölkəyə nə vəd etməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkə Prezidenti İlham Əliyev daim çıxışlarında bu reallığı qeyd edir ki, əvvəlki dövrlərdə Azərbaycan haqqında məlumat vermək, təqdimatlar etmək üçün müxtəlif ölkələrə nümayəndələr göndərilirdisə, bu gün respublikamızın beynəlxalq tədbirlərin keçirilməsi üçün önəmli məkana çevrilməsi həqiqətlərimizin təbliğinə geniş imkanlar yaradır. Hər bir tədbir ölkəmizlə tanışlığa, ən əsas reallıqları barədə aydın təsəvvürə malik olmağa stimul yaradır. Azərbaycana istər ilk dəfə, istərsə də bir neçə dəfə gələn qonaqlar ölkəmizin uğurlarından heyrətləndiklərini gizlətmirlər. Ötən hər gün, hər ay ölkəmizin həyatında müəyyən yeniliklə, quruculuq, abadlıqla yadda qalır. Cənab İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 11 illiyinə həsr olunan mərasimdə bu məqamı xüsusi vurğulamışdır: “Azərbaycana gələn qonaqlar bir çox hallarda soruşurlar ki, bu sürətli inkişafın sirri nədir? Ölkədə bu qədər inkişaf gedir, təhlükəsizlik hökm sürür, insanların üzü gülür, gözəl ab-hava var. Nədir bunun sirri? Bilirsiniz ki, bunu bir görüş zamanı izah etmək mümkün deyil. Bunun bir çox səbəbləri var. Amma əsas xalqla iqtidar arasındakı birlikdir. Əgər bu varsa, deməli, hər şey olacaq, əgər yoxdursa, heç nə kömək etməyəcək. Nə enerji resursları, nə valyuta ehtiyatları, nə ordu - heç nə. Bax indi müxtəlif regionlarda baş verən hadisələrə nəzər salaraq görürük: harada ki bu yoxdur, sabitliyi süni şəkildə saxlamaq mümkün deyil. Ancaq xalqla iqtidar arasındakı birliyi əldə etmək, bunu möhkəmləndirmək üçün xalqa xidmət etmək lazımdır. Bax mən bunu, necə deyərlər, yığcam formada bu cür izah edərdim: xalqa ulu öndər kimi xidmət etmək lazımdır. O, bütün dövrlərdə öz xalqına xidmət edib. Biz də çalışırıq onun yolu ilə gedək. Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz onun yolu ilə uğurla gedirik”.

Hərtərəfli inkişaf dövlət siyasətimizin əsasını təşkil edir. Azərbaycanın evsahibliyi etdiyi tədbirlərdə də bu fikir xüsusi vurğulanır ki, ölkəmiz dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaqla davamlı inkişafını təmin edir.

Azərbaycan bu gün ən uğurlu dövrünü yaşayır. Ölkəmizə beynəlxalq baxışın, ən əsası I Avropa Oyunları ilə bağlı gözləntilərin ürəkaçan olduğu söylənilən fikirlərdən də aydın görünür. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın “Sizin gördüyünüz işlər, töhfələriniz bütünlüklə cəmiyyətin inkişafına, təhsil sisteminin daha da təkmilləşməsinə, daha səmərəli olmasına müsbət təsir göstərməklə yanaşı, idmançıların beynəlxalq yarışlarda uğur qazanmalarına və dünya səviyyəsində Azərbaycanın imicinin möhkəmlənməsinə səbəb olur. Bütün bunların nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda çoxlu sayda medallar qazanırlar. Mən inanıram ki, idmanla mədəniyyət tədbirlərinin vəhdəti çox maraqlı olacaq” sözləri ölkəmizə verilən dəyərin nümunəsidir.

 Təbii ki, bu inam Azərbaycanın malik olduğu imkanlara, təcrübəyə əsaslanır. İqtisadiyyatı inkişafın təməl daşı kimi dəyərləndirən dövlətimiz biri-birindən əhəmiyyətli nailiyyətlər qazanır. İqtisadi tərəqqi fonunda hər bir sahə üzrə konkret dövlət proqramlarının qəbulu və icrası sürətlənir, Azərbaycan uğurları ilə dünyanın diqqətini özünə çəkir. Hər zaman bu fikri qeyd etməyi özümüzə borc bilirik ki, Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan malik olduğu təbii resurslarına, eyni zamanda yerləşdiyi coğrafi məkana görə dünyanın diqqətində olub. İllər keçdikcə bu diqqət və marağın daha da artdığı göz qabağındadır. Müasirləşməni, yeniləşməni, modernləşməni həyata keçirdiyi siyasətin önündə saxlayan Azərbaycan dövləti imza atdığı uğurları ilə gələcək perspektivlərə geniş yol açır. Bircə bu faktı qeyd etmək kifayətdir ki, olimpiya oyunları Avropa qitəsində yaransa da, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbulu tarixi hadisə, nailiyyət olmaqla, özünü dünya miqyasında dinamik inkişaf edən müasir, güclü, etibarlı dövlət kimi tanıdan Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqi kimi qiymətləndirildi. Həmrəylik, birlik, əməkdaşlıq bayramı kimi dəyərləndirilən I Avropa Oyunları Azərbaycana yeni-yeni dostlar qazandıracaq, beynəlxalq əlaqələrin qurulmasında və inkişafında stimulverici amil olacaq. Azərbaycan atdığı hər addımı, gerçəkləşdirdiyi hər bir layihəsi, evsahibliyi etdiyi hər bir tədbiri ilə ölkələr, xalqlar arasında bugünə qədər yaratdığı dostluq, qardaşlıq körpüsünü daha da möhkəmləndirir, münasibətlərin inkişafı üçün yeni prioritetlərin müəyyənləşdirilməsinə dəstək olur. Birgə səylər hər bir məqsədə yüksək səviyyədə nail olmaq üçün ən mühüm əsaslardan biridir. Ölkəmizin uğurları “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müddəalarını özü-özlüyündə formalaşdırdı. Əsas hədəfimiz Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Azərbaycanın adı dünyanın 10 xoşbəxt ölkəsinin sırasında çəkilirsə, təbii ki, bu, doğrudan da, xalqımızın xoşbəxtliyi olmaqla yanaşı, qarşıya qoyulan hədəfimizə çatmaq üçün böyük əsasdır. Reallıq budur ki, Azərbaycan qətiyyətlə irəliləyir, dünya birliyində tanınır, uğurları ilə maraq doğurur.

Ölkəmizə şərəf qazandıran bütün idmançılarımıza uğur diləyir və bildiririk: Azərbaycan sizinlə fəxr edir, qürur duyur, sizdən yeni-yeni qələbələr gözləyir.

 

Xatirə ƏLİYEVA,

YAP mətbuat xidmətinin əməkdaşı,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Azərbaycan.-2015.- 13 iyun.- S.9.