I Avropa Oyunları: Niyə
məhz Azərbaycan?
Olimpiya Oyunlarının vətəni hesab olunan “Köhnə qitə”də ilk dəfədir təşkil olunacaq Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir, beynəlxalq miqyaslı uğurlardan biridir. Təbii ki, bu nailiyyətin əldə olunmasına təsir edən başlıca amil Azərbaycanın xarici arenada qazandığı uğurlarla, tutduğu önəmli yerlə bağlıdır.
Müstəqillik əldə etdikdən sonra səmərəli və məqsədyönlü xarici siyasət kursunun həyata keçirilməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi dünya dövlətlərinin Azərbaycana olan etimadının artması ilə nəticələnib.
Son 12 ildə təşkil olunan idman turnirləri isə Bakının daha böyük miqyaslı yarışlara evsahibliyi etmək imkanlarını artırıb. Mötəbər idman yarışlarına evsahibliyi etməyin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. İndi Azərbaycanda keçirilən dünya və Avropa çempionatları silsilə xarakter daşıyır. Hər il müxtəlif beynəlxalq turnirlər, bədii gimnastika, taekvando, güləş, boks, karate və olimpiya idman növlərinə daxil olan digər yarışların məhz Azərbaycanda keçirilməsi, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. Paytaxtımız ötən illərdə idmanın ayrı-ayrı növləri üzrə dünya və Avropa çempionatlarını, dünya kuboku yarışlarını, Olimpiya təsnifat turnirlərini, “Qran-pri”ləri, digər mötəbər beynəlxalq startları ən yüksək səviyyədə təşkil etmiş və bu yarışların iştirakçısı olmuş güləşçilər, boksçular, taekvandoçular, voleybolçular, şahmatçılar və digər növlərin nümayəndələri, eləcə də beynəlxalq federasiyaların rəhbərləri respublikamızdan vətənlərinə zəngin təəssüratla qayıdıblar. 2012-ci ilin payızında Bakı və Lənkəranda keçirilmiş 17 yaşadək qadınlardan ibarət komandalar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin də xarici qonaqlara necə güclü təsir bağışladığı, çempionatın iştirakçısı olmuş bütün 16 kollektivin respublikamızda onlara göstərilən qonaqpərvərlikdən, yarışların yüksək səviyyədə təşkilindən böyük zövq aldığı dünya idman ictimaiyyətinə yaxşı məlumdur.
Beynəlxalq Olimpiya Komitəsi (BOK), Avropa Olimpiya Komitəsi (AOK) və digər beynəlxalq idman təşkilatları ilə sıx əməkdaşlığın qurulması ölkəmizin dünya Olimpiya hərəkatına fəal şəkildə qoşulduğunu nümayiş etdirir. Bunu idmançılarımızın Olimpiya Oyunlarında göstərdikləri nəticələr də təsdiq edir. İdmançılarımız Olimpiya Oyunlarında getdikcə daha çox medal qazanaraq hər dəfə milli rekordu təzələyiblər.
Belə ki, ilk dəfə müstəqil yığma komanda kimi qatıldığımız Atlanta Olimpiadasında (1996) cəmi bir medal (gümüş) qazanılmışdısa, sonrakı Olimpiya Oyunlarında - Sidneydə (2000) 3 medal (2 qızıl, 1 bürünc), Afinada (2004) 5 medal (1 qızıl, 4 bürünc), Pekində (2008) 7 medal (1 qızıl, 2 gümüş, 4 bürünc), nəhayət, Londonda (2012) 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) əldə edilib. Azərbaycan idmançıları daha bir böyük uğuru 2014-cü ildə Çində keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazanıblar.
Dünyanın 200-ə yaxın ölkəsinin iştirakı ilə keçirilən bu olimpiadada Azərbaycan komandası 10-cu pillədə qərarlaşıb ki, bu da respublikamızı təmsil edən gənc idmançıların tarixi nailiyyətləridir.
Müstəqillik dövründə idmançılarımızın Olimpiya Oyunlarında qazandıqları qələbələrin belə nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsinə böyük imkanlar yaratdığını qeyd edən Prezident İlham Əliyev Avropa idman ailəsinin bizə göstərdiyi etimadda idmançılarımızın uğurlarının da böyük rol oynadığını daima vurğulayıb: “Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü göstərir... Əlbəttə ki, idmançıların uğurlu çıxışları bu oyunların Bakıda keçirilməsinə müsbət təsir göstərib”.
İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir olimpiya komplekslərinin və digər idman qurğularının inşası nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkan, dünyanın idman mərkəzlərindən biri olub. Azərbaycanın bu il tarixdə ilk dəfə olaraq təşkil olunacaq Avropa Oyunlarını Bakıda keçirmək hüququnu əldə etməsi dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir. AOK-un qitədə ilk dəfə təşkil olunacaq bu mötəbər idman tədbirinin məhz Azərbaycana həvalə etməsi beynəlxalq idman ictimaiyyətinin ölkəmizdə görülən bütün müsbət işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verdiyi yüksək qiymətdir. Olimpiadaya hazırlıq üçün 7-8 il vaxt verilsə də, Azərbaycanın 2,5 ilə bu işləri görməyə müvəffəq olması isə təşkilatçılıq işlərində analoqu olmayan tarixi uğurdur. Bütün bunlar beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb.
Ötən dövrə nəzər saldıqda Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında nə qədər böyük məsafə qət edildiyinin şahidi oluruq. Belə ki, dövlət başçısının Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri kimi fəaliyyət göstərdiyi ötən illər ərzində gerçəkləşdirilən çoxistiqamətli siyasət nəticəsində ölkəmizdə idmançı ordusu, fiziki və mənəvi cəhətdən sağlam nəsil, müasir idman infrastrukturu yaradılıb. Paytaxtdan başlayan infrastruktur sahəsindəki quruculuq tədricən bölgələrə doğru istiqamətlənib. Bütövlükdə 2000-ci ildən indiyədək ölkədə 41-ə yaxın olimpiya idman kompleksi və bir sıra ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. İndi, demək olar ki, respublikamızın bütün bölgələrində olimpiya kompleksləri fəaliyyət göstərir. Azərbaycanın ucqar rayonlarında belə müxtəlif idman növləri ilə məşğul olmaq üçün mövcud şərait var. Bütün bunlar Azərbaycanda Olimpiya hərəkatının inkişafına təkan verir. “Bakı-2015”də yarışların keçiriləcəyi 18 arenanın bəziləri yenidən əsaslı təmir olunub, bir neçəsi isə yenidən tikilib. Yeni tikililər dünyanın ən möhtəşəm və modern qurğuları hesab olunur.
Sevindirici haldır ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin qazandığı nüfuz, göstərdiyi fəaliyyət beynəlxalq idman təşkilatları tərəfindən dəstəklənir və ən yüksək qiymətə layiq görülür. Azərbaycanın 2016-cı ildə Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının, futbol üzrə Avro-2020-nin final mərhələsinin 4 qarşılaşmasının Bakıda keçirmək hüququnu əldə etməsi dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir.
I Avropa Oyunları Azərbaycanın gələcəkdə də mötəbər və daha böyük idman yarışlarına evsahibliyi etmək imkanlarını yüksəldəcək. Belə ki, Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm yarışlara evsahibliyi etməyimizə şərait yaradacaq və təcrübəmizi artıracaq. Ən əsası, Azərbaycanın Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şansları yüksələcək. Bu mənada I Avropa Oyunları gələcəkdə Yay Olimpiya Oyunlarının da Bakıda təşkili üçün gözəl zəmin yaradacaq. Beynəlxalq idman təşkilatlarının Azərbaycanla bağlı indiyədək yeganə narahatlığı ölkəmizdə kompleks yarış təcrübəsinin olmamasına dair idi. I Avropa Oyunlarından, o cümlədən Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməsindən sonra narahatlıq tamamilə aradan qalxacaq və hər iki mötəbər idman gələcəkdə Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə ölkəmizin verdiyi sifarişin qalib gəlməsi üçün böyük güc olacaq.
Bu gün
qitəni Avropa Oyunları həyəcanı
bürüyüb. Tarixdə ilk dəfə keçiriləcək Oyunlar dünyanın ikinci
ən böyük idman
bayramı olmağa iddialıdır. Turnir start
götürdükdən sonra bu Oyunların nə qədər
populyarlaşdığının və əhəmiyyətinin
şahidi olacağıq. Eyni
zamanda Avropa
Oyunlarının keçirilməsi ilə bağlı
standartları Azərbaycan ortaya qoyacaq. Əminlik var ki, növbəti belə yarışlarda Azərbaycanın
nümunəsi əsas götürüləcək.
Elçin CƏFƏROV,
Azərbaycan. - 2015.- 11 iyun.- S.1.