Həştərxanda I Avropa Oyunlarına dəstək aksiyası keçirilib

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) tərəfindən Rusiyanın müxtəlif şəhərlərində keçirilən “Bakı-2015” I Avropa Oyunlarına dəstək kampaniyası çərçivəsində iyunun 10-da Həştərxan şəhərində növbəti aksiya təşkil edilib.

Aksiya Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan bölməsinin və AMOR-un Həştərxan bölməsinin təşkilatçılığı ilə şəhərin mərkəzində yerləşən Heydər Əliyev Parkında təşkil olunub.

Tədbirin əvvəlində ümummilli liderin parkda ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Aksiya iştirakçılarına Olimpiya obyektləri, idman qurğuları, Milli Olimpiya Stadionu, şəhərdə görülən yenidənqurma işləri barədə geniş məlumat verilib. Əsas diqqət Avropa Oyunlarına hazırlıq işlərinə yönəldilib. Həmçinin tədbir zamanı gənclər tərəfindən I Avropa Oyunlarını əks etdirən geyimlərdə fləşmob keçirilib və iştirakçılara Oyunlara aid suvenirlər və broşürlər paylanıb.

Tədbirdə Həştərxan vilayəti və şəhəri administrasiyasının nümayəndələri, şəhər sakinləri, AMOR-un üzvləri, Heydər Əliyev adına məktəbin kollektivi və şagirdləri, diaspor nümayəndələri iştirak ediblər.

I Avropa Oyunlarında Həştərxan idmançılarının iştirakını, tarixən Azərbaycan-Həştərxan dostluq münasibətlərini, son illər ərzində Azərbaycan, xüsusilə də Heydər Əliyev Fondu tərəfindən Həştərxanda genişmiqyaslı layihələrin həyata keçirilməsini nəzərə alaraq, bu dəstək aksiyası şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 11 iyun.- S.3.