Azərbaycan Avropa Oyunlarının
standartlarını müəyyənləşdirir
"Azərbaycan"
qəzetində I Avropa Oyunlarına həsr olunan "dəyirmi
masa"
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan növbəti möhtəşəm hadisə ərəfəsindədir. Bir neçə gündən sonra Bakıda I Avropa Oyunları start götürəcək. Avropa Oyunlarının ilk keçiriləcəyi ünvan kimi Azərbaycanın seçilməsi ölkəmizin həm tarixi uğuru, həm dünyada artan nüfuzunun göstəricisi, həm də yüksəlişinin beynəlxalq miqyasda etiraf olunmasıdır. Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin yanvarında yaradılan I Avropa Oyunlarının Təşkilat Komitəsi ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə cəmi 2 il yarıma hazırlıq işlərini başa çatdırıb. Artıq xarici ölkələrin idmançıları və nümayəndə heyətləri tədricən Bakıya gəlməkdədirlər.
“Azərbaycan” qəzeti I Avropa Oyunlarının təbliğini, bu çərçivədə həyata keçirilən tədbirlərin əhatəli şəkildə işıqlandırılmasını ilk gündən diqqət mərkəzində saxlayır. Artıq xeyli müddətdir ki, bu möhtəşəm idman hadisəsi qəzetin prioritet mövzusudur. Oyunların məşəlinin səyahətinə geniş yer ayıran “Azərbaycan” qəzeti may ayının sonunda - ilk Avropa Oyunlarına hazırlığın yekun mərhələsində görkəmli məşqçilərin və Olimpiya çempionlarının iştirakı ilə “dəyirmi masa” keçirmişdi.
Bu günlərdə “Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirir” mövzusunda növbəti “dəyirmi masa” keçirildi. “Azərbaycan” qəzeti redaksiyasındakı Heydər Əliyev və mətbuat muzeyində keçirilən “dəyirmi masa”nın iştirakçıları Milli Məclis Sədrinin birinci müavini Ziyafət ƏSGƏROV, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz QURBANLI, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bəxtiyar ƏLİYEV, Milli Məclisin deputatı, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru Musa QASIMLI, Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin üzvü Elman MƏMMƏDOV, YAP Gənclər Birliyinin sədri Seymur ORUCOV və “Şöhrət” ordenli Olimpiya çempionu, Güləş Federasiyasının vitse-prezidenti Fərid MANSUROV I Avropa Oyunlarına hazırlıq və bu möhtəşəm idman tədbirinin mahiyyəti ilə bağlı fikirlərini bölüşdülər.
Bəxtiyar SADIQOV:
- Azərbaycan Prezidenti İlham Əliyev 17 yanvar 2013-cü ildə I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayarkən və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, ISESCO və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanı həmin quruma rəhbər təyin edərkən heç kimdə zərrə qədər də şübhə yox idi ki, Təşkilat Komitəsi etimadı layiqincə doğruldacaq, çoxsaylı və genişmiqyaslı işləri və tədbirləri dəqiqliklə yerinə yetirəcəkdir. Əslində, bu, belə də oldu!
Təşkilat Komitəsinin işə yüksək məsuliyyət və peşəkarlıqla yanaşması, dəqiq və intizamlı çalışması sayəsində başqalarının 84 aya görə biləcəyi işi üç dəfə az müddətə - 30 aya, həm də keyfiyyətlə icra etdi. Bu uğur Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki tərəfindən də yüksək dəyərləndirildi. “Atəşgah” məbədində “Bakı-2015” I Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimindəki çıxışında Patrik Hikki dedi: “Azərbaycan rəhbərliyi ilə işləmək olduqca məmnunluq doğurdu. Sizin peşəkarlığınız və diqqətiniz bizi hər zaman təsirləndirdi. “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, birinci xanım Mehriban Əliyeva Oyunlara hazırlıq işlərində şəxsən iştirak edərək dəyərli göstəriş və tövsiyələrini vermiş, işə tam sadiqliyini nümayiş etdirmişdir. Mən Avropa Olimpiya Komitəsinin səmimi minnətdarlığını Prezident İlham Əliyevə və birinci xanıma çatdırmaq istərdim. Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində, bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bu sözlərində zərrə qədər də şişirtmə yoxdur! Doğrudan da, bu qədər işin cəmi 2 il yarıma görülməsi əsl qəhrəmanlıqdır! Ölkə paytaxtına 100-dək ölkədən dövlət, hökumət və idman ictimaiyyəti nümayəndələrinin, 6 min idmançının, mindən çox jurnalistin və on minlərlə turistin gəlişi gözlənilir. Bu tədbir, ən əvvəl, idman yarışıdır. Odur ki, yarışların müvafiq standartlara uyğun şəraitdə keçirilməsi, yəni, idman qurğularının hazırlanması dedikcə vacib və ən çox vaxt aparan məsələ sayılırdı. Təşkilat Komitəsi bu işin öhdəsindən bacarıqla gəldi!
Azərbaycanın müstəqilliyinin bərpasından ötən 24 il dövlətin qəddini düzəltmək, özünü təsdiq etmək üçün çox qısa müddətdir. Amma Azərbaycan bu müddətdə çox böyük uğurlara imza atıb. Lakin müəyyən dövlətlər var ki, onlar Azərbaycan kimi ölkələrin inkişafını, onlarla eyni sırada dayanmasını, gəlib onlara qoşulmasını asanlıqla qəbul etmək istəmirlər. Amma Azərbaycan Prezidenti İlham Əliyev o qədər məharətlə, diplomatik peşəkarlıqla və ustalıqla siyasət yürüdür ki, Azərbaycan dünyaya uğurla inteqrasiya olunur, beynəlxalq birlikdə öz yerini möhkəmləndirir. Əlbəttə, dünyanın əksər dövlətləri, liderləri Azərbaycanın uğurlarını qəbul edir, onun Prezidentinin müdrikliyini, uzaqgörənliyini, Avropaya və dünyaya töhfəsini yüksək dəyərləndirir. Bütün bunlar bizim üçün də çox xoşdur.
Lakin Azərbaycanın bu uğurlarına
qısqanclıqla yanaşan dövlətlər də var,
ölkəmizin inkişafını istəməyən antiazərbaycançı
şəbəkə var. Nailiyyətlərimizə həmişə
kölgə salmaq istəyən, erməni lobbisi tərəfindən
maliyyələşdirilən beynəlxalq qurumlar, təşkilatlar
var. Bunlar daim çalışırlar ki, Azərbaycanın
uğurlarına qara yaxsınlar. Hər dəfə beynəlxalq
tədbirlər ərəfəsində həmin təşkilatlar
“fəallıqlarını” artırırlar. “Amnesty İnternational”, “Freedom House”,
“Human Rights Watch” kimi təşkilatlar uzun illərdir ki, Azərbaycan
haqqında ancaq mənfi rəylər söyləyirlər. Məhz ermənilərin və bütövlükdə
antiazərbaycançı şəbəkənin
maraqlarına xidmət etdiklərindən onlar Azərbaycanın
qazandığı saysız-hesabsız qələbələrə,
reallaşdırdığımız transmilli layihələrə,
sürətli inkişafına, peykini orbitə göndərməsinə
qısqanclıqla yanaşırlar.
Ona görə də I Avropa Oyunları ərəfəsində
onların fəallığının artmasını təəccüblü
hesab etmirik.
“Eurovision” müsabiqəsində bunlar necə hay-həşir
qopardılar, hansı “oyunlar”dan çıxdılar və nəticəsi
nə oldusa, indi də həmin nəticə olacaq! Azərbaycan
xalqının gözəl bir misalı var
və karvan də öz yolu ilə gedəcək. Biz I Avropa
Oyunlarını ən yüksək səviyyədə
keçirəcəyik, antiazərbaycançı şəbəkənin
çığır-bağırı da özünə
qalacaq!
Ziyafət
ƏSGƏROV:
- Bu
günədək Azərbaycanda çoxlu sayda beynəlxalq tədbirlər
keçirilib! Məsələn, hər il
Azərbaycan və Rusiya prezidentlərinin dəstəyi ilə
Rusiya-Azərbaycan Forumu keçirilir. Beynəlxalq
təşkilatların xətti ilə ən müxtəlif tədbirlər
baş tutur. Azərbaycan dini
tolerantlığın, multikulturalizmin mərkəzi kimi
dünyaya örnək verəcək baş dövlətdir.
Bu mənada
Avropa Oyunlarının Bakıda keçirilməsi ilə
bağlı beynəlxalq dəstəyi həm də bu cür
tədbirlərə ev sahibliyinin sayəsində
əldə etmişik. 2012-ci il dekabrın
8-də Romada Oyunların harada keçiriləcəyi barədə
müzakirələr aparılanda və Azərbaycanın namizədliyi
barədə fikirlər səsləndiriləndə hamı
buna səs verdi. Yəni, buna qədər Azərbaycan
artıq özünü təsdiqləmiş bir dövlət
idi. Odur ki, iqtisadi, siyasi, mədəni və idman
nöqteyi-nəzərindən bu gün Azərbaycanın I
Avropa Oyunlarına ev sahibliyi etməsi
tamamilə təbiidir.
Təşkilati işlərin hansı səviyyədə
getdiyini hamımız görürük. Bütün
idman arenaları hazırdır, gələn qonaqların
qalması üçün yerlər yüksək səviyyədədir.
Dünya idman ictimaiyyətinin bu tədbirə
verdiyi qiymət də yüksəkdir.
Bir məqama diqqət yetirək. Prezident İlham
Əliyev həmişə deyir ki, bu tədbiri, yəni, I
Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində
keçirək. Əslində, bu, bir
mesajdır. Əgər biz bu tədbiri Olimpiya Oyunları
səviyyəsində keçirsək, deməli, bu, gələcəkdə
Azərbaycanda keçiriləcək Olimpiya Oyunlarının
baş məşqi ola bilər. Niyə də olmasın? Əgər
biz burada “ilk”ə imza atırıqsa, Avropa Oyunlarının
standartlarını burada müəyyən edəcəyiksə,
niyə də Azərbaycanda Olimpiya Oyunları keçirilməsin?
Fürsətdən istifadə edərək
xalqımıza bir müraciət də etmək istəyirəm. Bu, məsələnin
təşkilati tərəfi ilə bağlıdır. Bildiyimiz kimi, Bakı şəhərində əhali
çoxdur, maşınlar yollarda sıxlıq yaradır.
Xoşdur ki, yollarda idmançıları
daşıyacaq nəqliyyat vasitələrinin
rahatlığını təmin etmək üçün
“sarı xətt” deyilən bir xətt də çəkilib.
Bu rahatlığı artırmaq
üçün Bakıda bir “Piyada gəzək!” aylığı
keçirək. Zəruri
olmadığı halda şəhərə maşınla
çıxmayaq. İyun ayında şəxsi
maşınları bir kənara qoyaq. Çünki
gözəl avtobuslarımız, rahat metromuz var.
Bu, ilk növbədə dövlətimizin idman
oyunlarına təşkilati nöqteyi-nəzərdən dəstəyi
olar, şəhərdə avtomobil tıxacı yaranmaz. Beləliklə,
biz idmançılarımızın idman arenalarına
vaxtında gedib çatmasına yardımçı
olarıq. Bu, eyni zamanda,
sağlamlıqdır. İdmanın
özü də bir sağlamlıq və mədəniyyətdir.
Bu, bizə hərtərəfli lazımdır.
Qoy bu da bir standarta çevrilsin. Harada Avropa Oyunları keçirilsə, piyada gəzmək
aylığı olsun.
Azərbaycan həm də idman ölkəsidir. Əhali
arasında gənclər çoxdur. İndi mən
bulvarda pulsuz trenajorlar görürəm, kim
istəsə, onlardan istifadə edir. Digər
parklarda da belə trenajorların qoyulması pis olmaz. Qoy idmana meyil gündən-günə artsın.
Bir neçə kəlmə də qarayaxma kampaniyası
haqqında demək istəyirəm. İdmanla siyasətin
birləşməsinin heç vaxt tərəfdarı
olmamışam. Amma reallıq budur ki, onlar
artıq birləşiblər. İdmanı
siyasətə çeviriblərsə, əl-ələ verib
siyasi şüurumuzu göstərməliyik, mədəniyyətimizi
göstərməliyik. Xarici ölkələrin
qısqanclığını mən daha nədə
duymuşam? Məntiqlə
düşündükdə onlar bizə “sağ ol” deməlidirlər.
Bəs bu qədər hücum nəyə
görədir? Heç olmasa maneçilik
etməsinlər.
Düşünürəm ki, qısqanclıq yaradan səbəb
xalqla iqtidarın birliyidir. Görürlər ki,
Azərbaycan güclü dövlətdir və xalqla iqtidar
birlikdə olanda istənilən məsələni həll etmək
mümkündür. O cümlədən, Dağlıq
Qarabağ məsələsini də! Beləliklə
də, qısqanclıq əmələ gəlir. Çalışırlar ki, insanlar dövlətə,
dövlət başçısına güvəncli
olmasınlar.
“Sapı özümüzdən olan baltalar”ın onlara dəstəyi
də bu fikirdən yaranır. “Eurovision”da da belə
yola əl atmışdılar. Əlbəttə,
bunların niyyətləri puç olacaq. Çünki
biz dünyaya idman mədəniyyəti, sağlamlıq, dini
tolerantlıq mesajı veririk. Biz
Avropanın, Şərqin, Qərbin bütün dəyərlərini
özündə əks etdirən bir xalqıq. Bundan sui-istifadə edib üstümüzə gəlmək
istəyənlər öz layiqli cavabını
almalıdır. Cavablarımızdan biri də
Avropa Oyunlarıdır.
Xalqımıza, dövlətimizə, Prezident İlham
Əliyevə, tədbirin Təşkilat Komitəsinin sədri
Mehriban xanım Əliyevaya bu işdə uğurlar arzu edirəm.
Mübariz
QURBANLI:
- “Bakı-2015”ə hazırlıq ən yüksək səviyyədə
başa çatıb. Qısa zaman kəsiyində müxtəlif
idman növlərinə aid beynəlxalq standartlara cavab verən
idman infrastrukturunun yaradılması rekord göstərici hesab
olunur.
Lakin bütün bu uğurlara kölgə salmağa
çalışan dairələr yenə çirkin niyyətlərindən
çəkinmirlər. Azərbaycan dövlətinin Ermənistan
istisna olmaqla bütün dövlətlərlə ikitərəfli
əmakdaşlıq münasibətləri mövcuddur. Ölkəmizin hazırda 150-dən çox dövlətlə
ticari-iqtisadi əlaqələri var. Ancaq bu dövlətlərin
içərisində həm erməni lobbisi ilə əlaqəsi
olan siyasətçilər, həm də bütünlükdə
Azərbaycanın sürətli inkişafını həzm
etmək istəməyənlər mövcuddur.
Bir qrup isə
Azərbaycanın islam dünyasında bir
nümunəvi ölkə kimi görünməsini istəmir.
Azərbaycan və Türkiyə kimi dövlətlərin islam dünyasında dünyəvilik
baxımından nümunə rolunda çıxış etməsi
bəzi dairələri narahat edir. Onlar
çalışırlar ki, öz məkanlarında islam dünyasını “qara rəngdə”
göstərsinlər. Çünki bu gün islam
dünyası ilə sanki bir rəqabət aparırlar. Bu rəqabət isə özünü Avropanın əhalisində
də göstərir. Bu gün Avropanın
əhalisinin 5 faizi müsəlmandırsa, 10 ildən sonra 10
faizə qalxacaq və getdikcə artacaqdır. ABŞ-da da islamı qəbul edənlərin sayı
durmadan artır. Bu isə həmin
qrupları narahat edir.
Ancaq əksər dövlətlər Avropa
Oyunlarının Azərbaycanda keçirilməsini dəstəkləyir
və bunu müsbət qiymətləndirirlər. Rusiya Prezidenti
Vladimr Putin məxsusi olaraq I Avropa Oyunları ilə
bağlı toplantı keçirərək Azərbaycana gələcək
idmançılara öz tövsiyələrini verib.
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bu
uğurundan narahat olanları qruplara bölərək
üç istiqamət müəyyənləşdirib. Bunlar
düşmən ölkə Ermənistan, erməni lobbisi və
ölkə daxilində olan “beşinci kolondur”. Erməni lobbisinin fəaliyyəti bəllidir. Azərbaycan əleyhinə istənilən
çirkin kampaniyaya dəstək vermək, maliyyələşdirmək,
ölkəmizi gözdən salmaq üçün müxtəlif
yollara əl atmaq erməni lobbisinin fəaliyyət istiqamətidir.
“Beşinci kolon” isə özünə “nə qədər
pis olarsa, bizim üçün yaxşıdır” fikrini deviz
seçib. Bu qüvvələrə xidmət
edən mətbu orqanların Avropa Oyunlarını gözdən
salmaq üçün əl atmadıqları çirkinliklər
qalmayıb. Adi məişət hadisəsini,
təbii qəzaları şişirdərək baş verənləri
Avropa Oyunlarına bağlamağa çalışırlar.
Məqsədləri isə hər kəsə bəllidir.
Avropa Oyunları ərəfəsində Azərbaycanı
gözdən salmaq, ölkə haqqında mənfi fikir yaratmaq
üçün hər şeyə hazırdırlar.
Bir vaxtlar Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri
ilə bağlı razılaşmalar əldə edildikdən
sonra Qərb mətbuatında bu layihənin baş
tutmayacağı barədə yazılar dərc edilirdi. Bu neft kəmərini
nağıl, əfsanə adlandırırdılar və Azərbaycanın
50 milyon ton nefti verə bilməyəcəyi söylənilirdi.
Məqsədləri bəlli idi və Azərbaycanın
təbii ehtiyatlarının Avropaya
çıxarılmasının qarşısını almaq
üçün istənilən vasitələrə əl
atırdılar. Ancaq ulu öndər Heydər
Əliyev və Prezident İlham Əliyevin həyata
keçirdikləri uğurlu siyasi fəaliyyət nəticəsində
Azərbaycan nəyə qadir olduğunu sübut etdi. Bu gün isə nəinki Bakı-Tbilisi-Ceyhan layihəsi
fəaliyyət göstərir, hətta yeni neft kəmərinin
çəkilişinə də böyük ehtiyac duyulur.
Çünki Xəzər dənizinin neft və qaz
ehtiyatlarının dünya bazarlarına çıxarılması
üçün ən əlverişli marşrutlar var.
Bütün bunlar göstərir ki, Azərbaycanı istəməyən
qüvvələr ölkəmizin istənilən sahədə
uğurlarına kölgə salmaq üçün hər
vasitəyə əl atır və sonda da təbii olaraq istəklərinə
nail ola bilmirlər. İndi
isə qarşıdan gələn Avropa Oyunları ilə
bağlı “gözdən-salma” kampaniyası aparırlar.
Ancaq hesab edirəm ki, istənilən çirkin
kampaniyanın aparılması əbəsdir.
Çünki Azərbaycan istənilən idman
yarışına necə ev sahibliyi etməyə
qadir olduğunu göstərib.
Əminəm ki, Azərbaycan dövləti kimi
idmançılarımız da I Avropa Oyunlarında qələbələri
ilə fərqlənəcək, ölkəmizin
uğurları dünyaya yayılacaq. Azərbaycanda
keçirilən I Avropa Oyunları bir sıra ilklərə
imza atacaq. Həqiqətən də, gələcəkdə
harada keçirilməsindən asılı olmayaraq Azərbaycandakı
Avropa Oyunları bir standart, nümunə kimi seçiləcək.
Yay Olimpiya Oyunları ilə bağlı
standartlar artıq mövcuddur. Ancaq Avropa
Oyunlarını ikinci keçirəcək dövlət
mütləq Azərbaycan təcrübəsindən
yararlanacaq. Ona görə də
“Bakı-2015” bizim üçün qürurverici hadisədir.
Bəxtiyar
ƏLİYEV:
- Prezident
İlham Əliyevin apardığı məqsədyönlü
xarici siyasət daxili siyasətdən qaynaqlanır. Bu, xalqın inandığı və bəhrəsini
gördüyü siyasətdir. Ona görə
də beynəlxalq aləmlə, həmin dövlətlərlə
qurulan münasibətləri pozmaq istəyən istər erməni
lobbisi, yaxud da onların adından istifadə edərək
öz əməllərini yeridən və buna cəhd edən
digər qüvvələr bəd və çirkin niyyətlərinə
çata bilməyəcəklər.
Azərbaycan son dövrlərdə tarixə mühüm
bir fenomen yazıb. Bu, iqtisadiyyatın inkişaf fenomenidir.
Hətta dünyada böhranlı vəziyyətlərdə
belə respublikamızda iqtisadiyyat inkişaf edib. Bu gün Azərbaycan dünya bazarında möhkəm
yer tutmaqla yanaşı, burada həlledici səsə malikdir,
iradəsi, sözü, fikri qəbul ediləndir. Qeyd etdiyimiz kimi, vaxtilə neft-qaz kəmərləri,
eləcə də digər nəqliyyat-kommunikasiya xətləri
çəkiləndə müəyyən lobbiçilik edənlər
mane olmağa çalışırdılar. Bütün bunlara baxmayaraq, Azərbaycan nəinki həmin
layihələri həyata keçirdi, hətta onları
özü maliyyələşdirən dövlətə
çevrildi. Bu, bəziləri tərəfindən
qısqanclıqla qarşılanır. Fikirləşirlər
ki, necə oldu, dünən özü qaz alan
bir dövlət bu gün nəinki dünyaya qaz satır, hətta
Avropanın enerji təhlükəsizliyini təmin edir, eyni
zamanda, bütün layihələrin həllinə təkbaşına
nail olur?! Əlbəttə, bu fikirdə olanlar
ölkəmizin ildən-ilə artan imicinə heç bir əngəl
törədə bilməzlər.
Bir
sıra dövlətlərdə güclü korporasiyalar,
şirkətlər, iş adamları var və onların
öz ölkələrinin hakimiyyətinə təsir etmə
imkanları genişdir. Bu şirkətlər öz
kapitalları ilə bir çox dövlətlərin siyasətlərini
belə müəyyənləşdirmək istəyindədirlər.
Bəzi ölkələrdə siyasətçilər
bizə deyirlər ki, seçicilərimizin əksər hissəsi
ermənilərdir və onların da istəyi budur. Necə
anlayasan ki, bir qrup - haradasa ölkə əhalisinin 0,1 faizini təşkil edən seçici həmin
dövlətin siyasətini müəyyənləşdirsin və
xalqının mənafeyini ifadə etmiş olsun? Deməli, ya Amerika, ya Fransa, yaxud digər dövlətlər
və xalqlar qalır bir tərəfdə, hər hansı
kiçik bir qrup onların siyasətlərinə təsir edə
bilir. Bu onu göstərir ki, bir sıra
ölkələrdə siyasi kurs xalqın deyil, müəyyən
dairələrin maraqlarına xidmət edir. Ermənistanın bu gün regionda
işğalçı dövlət kimi qalması
bütün Avropa üçün nə qədər təhlükəlidirsə,
erməni maraqlarının müdafiəsi də onlar
üçün bir o qədər təhlükəlidir.
Yeri gəlmişkən, antiazərbaycançı dairələr doğulduğu yurdu ermənilər tərəfindən dağıdılan, məhv edilən, əzizləri, yaxınları gözləri qarşısında vəhşicəsinə və amansızlıqla qətlə yetirilən Ramil Səfərovla bağlı bir siyasi şou düzəltmişdilər. Onun törətdiyi hadisəyə uyğun gəlməyən ömürlük həbs cəzasına nail olmuşdular. Bu ədalətsizliyə Azərbaycan dövlətinin başçısı adekvat cavab verdi. Azərbaycan Respublikasının Prezidenti bununla bir daha göstərdi ki, dövlətimiz harada yaşamasından asılı olmayaraq, həmişə öz vətəndaşının yanındadır və haqq-ədalətə dəstək verir. Ramil Səfərov Azərbaycana gətiriləndə respublikamıza qarşı şər-böhtan kampaniyası başlanmışdı. Amma Avropada kimsə demədi ki, Fransada yüzlərlə fransızın, eyni zamanda, türkün, dinc insanların qanına bais olmuş bir erməni terrorçusuna - Fransanın vətəndaşına niyə ömürlük həbs cəzası vermədilər? Hətta bir ildən sonra onu Ermənistana göndərdilər. Ermənistan isə ona milli qəhrəman adı verdi və hətta dövlət səviyyəsində baş nazir onu təntənəli şəkildə qəbul etdi. Beynəlxalq birlik heç bundan danışmadı, reaksiya vermədi.
Fikrimi yekunlaşdıraraq bir məsələni də qeyd etmək istəyirəm. 2003-cü ildə prezident seçkiləri keçiriləndə Andreas Qross adlı bir avropalı diplomat Azərbaycana gəlmişdi. O, Sumqayıtda seçkilərdə müşahidəçi kimi iştirak edirdi. Qutular açılandan və səslər hesablanandan sonra seçicilərin 80 faizinin cənab İlham Əliyevə səs verdiyi məlum olmuşdu. O, bunun yaratdığı şokdan ayılmamış digər hadisələr baş vermişdi. Elə o zamanlardan onun kimi müşahidəçilər Azərbaycan xalqının öz iqtidarına qarşı olan sevgisinə heyran qalıblar. Çünki il ərzində Azərbaycan Prezidenti ölkənin bölgələrinə dəfələrlə səfərə çıxır, insanlarla görüşür, onlarla söhbət edir, fikirlərini öyrənir və bunların əsasında isə regionların sosial-iqtisadi inkişafı üçün sərəncamlar imzalayır. Respublikamızın bütün bölgələri inkişaf etməkdə, bunun müqabilində isə əhalinin rifah halı yüksəlməkdədir. Azərbaycan dövləti öz vətəndaşının təhlükəsiz, inamlı bir mühitdə yaşamasını təmin edir.
I Avropa Oyunlarının məşəlinin səyahəti də Azərbaycanın inkişafının, yüksəlişinin göstəricisidir. Məşəlin səyahətini hər birimiz izlədik və xalqımızın nə qədər qürur duyduğunun şahidi olduq. Çünki o, bizim uğurumuzdur, öz mədəniyyətimizin bir ifadə formasıdır. Azərbaycan xalqı həmişə çalışıb ki, sülh və inkişaf olsun, birgəyaşayış təmin edilsin. I Avropa Oyunları Təşkilat Komitəsi bütün təşkilati və hazırlıq işlərini ən yüksək şəkildə qurub. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşkilatçılıq bacarığı həmişə olduğu kimi burada da özünü göstərir. İstər obyektlərin hazırlanıb istifadəyə verilməsi, istərsə də ölkəmizin xaricdə tanıtdırılması, təbliğ olunması bir daha göstərdi ki, heç bir şər-böhtan Azərbaycanı öz yolundan döndərə bilməz. Əminəm ki, bu Oyunlar Azərbaycan dövlətinin növbəti uğuru kimi tarixə düşəcək. İdmançılarımız isə böyük qələbələrə imza atacaq, həmişə olduğu kimi bayrağımızı yüksəldəcəklər.
Musa QASIMLI:
- İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi təkcə Azərbaycan üçün əhəmiyyət daşımır. Bu, “qoca, köhnə dünya” olan Avropa üçün daha çox önəm daşıyır. Azərbaycana gələn avropalılar Şərq və Qərbin qovuşuğunda yerləşən, Avropa ailəsinin bir neçə il əvvəl üzvü olmuş “yeni dünya” ilə yaxından tanış olacaqlar. Dövlət müstəqilliyi bərpa edildikdən keçən qısa müddət ərzində müasir, layiqli bir dövlətin qurulmasını öz gözləri ilə görəcəklər. Bir çox ölkələrin bir neçə on ildə keçdiyi yolu qısa müddətdə keçən Azərbaycanın inkişafından, ilklərindən öyrənməli olacaqlar. Dünyanın müxtəlif ölkələrindən gələn turistlərin paytaxt şəhərimiz Bakını və rayonları görmələri onlarda təkcə xoş təəssürat yaratmayacaq, eyni zamanda təccübləndirəcəkdir. Gələnlər heyrət edəcəklər: qısa müddət ərzində bir dövlət və xalq bunu necə bacarmışdır? Odur ki, öz inkişaf modelini qurmuş Azərbaycan Respublikası bir çox ölkələr üçün müəllim rolunu oynayacaqdır. Yenicə tanış olduqları Azərbaycan dünyası onların qitəyə olan baxışlarına düzəlişlər edəcəkdir.
Bəli, Azərbaycan bu gün sürətlə inkişaf edir. Hətta mən deyərdim ki, bu inkişaf bizim düşüncələrimizi belə çox qabaqlayır. Əslində, həmişə düşüncələr öndə olmalıdır. Amma bizim inkişaf, bizim tərəqqi düşüncələrimizi ötüb keçir. Şübhəsiz, bu, Prezident İlham Əliyevin yeritdiyi düşünülmüş, əsaslandırılmış, o cümlədən çevik və xalqın maraqları üzərində qurulan siyasətin nəticəsidir. Bu, cənab Prezidentin ölkəmizin inkişafı və gələcəyi ilə bağlı strateji düşüncəsinin göstəricisidir.
Amma bəzən biz bu inkişafı lazımınca qiymətləndirə bilmirik. Məsələn, bir rayonun kəndində tarixində ilk dəfə olaraq təbii qaz xətti çəkilir. Hansı ki, bu xətt neçə-neçə dərələrdən, aşırımlardan, çaylardan, mürəkkəb ərazi quruluşuna malik digər yerlərdən keçir. Və yaxud Yardımlının bir vaxtlar yalnız atla gedilən kəndlərinə indi böyük zəhmət hesabına geniş, müasir avtomobil yolları çəkilir. Lakin ölkə ictimaiyyəti, o cümlədən mətbuat bu insanların rifahının yüksəlməsinə xidmət edən bu məsələnin əhəmiyyətini bəzən kifayət qədər qabartmır. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər isə bu cür faktlarla zəngindir. Sovet hakimiyyətinin yol çəkə bilmədiyi, qazlaşdırmadığı yerlərə müstəqil Azərbaycan dövləti yol çəkir, təbii qaz verir. Bu mənada 2003-cü ildən sonrakı illər müstəqil Azərbaycanın tarixinin qızıl dövrüdür. Və biz bu dövrü lazımınca qiymətləndirməliyik. Bu dövr Azərbaycanın tarixində çoxlu ilklərə, yeniliklərə, ən möhtəşəm uğurlara imza atılması ilə zəngindir. İndi Azərbaycanın hansı bölgəsinə getsən, tamamilə başqa bir mühitin, Azərbaycanın real inkişaf mənzərəsinin şahidi olarsan. Ölkənin hər yeri fasiləsiz elektrik enerjisi ilə təmin olunur, dağ rayonlarında qazlaşdırılmayan kəndlərə qaz xətləri çəkilir, içməli su ilə bağlı problemimiz yoxdur. İnfrastruktur tamamilə yenidən qurulub. Bax, budur inkişaf və yüksəliş. I Avropa Oyunları da Azərbaycanın bu inkişafının ən gözəl təbliği olacaq.
Burada I Avropa Oyunlarına kölgə salmaq cəhdlərindən də bəhs olundu. Bu məkrli kampaniyanın arxasında dayanan antiazərbaycançı şəbəkə və erməni lobbisidir. Onlar Azərbaycanda güclü və mükəmməl idarəçiliyin olduğunu bilirlər. Onlar bununla Azərbaycandakı yüksək idarəetmə formasını, əldə etdiyimiz uğurları gözdən salmaq istəyirlər. Amma əbəsdir. Ermənilərin bütün çirkin niyyətləri həmişə gözlərində qalıb. Bununla bağlı bir faktı sizin diqqətinizə çatdırmaq istəyirəm. 1983-cü ildə Yerevanda ağır atletika üzrə beynəlxalq yarış keçirilməli idi. Ermənilər bu yarışın təşkilinə çox ciddi hazırlaşmışdılar. Həmin yarışda xaricdən çoxlu sayda idmançılar və nümayəndə heyətləri iştirak etməliydi. Ermənilər bundan özlərinin təbliğatı üçün istifadə etmək istəyirdilər. Hər yerdə bu yarışı təbliğ edir, suvenirlər hazırlayırdılar. Uydurma faktlarla, yalanla özlərini dünyaya tanıtmağı planlaşdırırdılar. O dövrdə ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini və Siyasi Büro üzvü kimi həm də idman sahəsini kurasiya edirdi. Lakin sonradan bu yarışın Yerevanda keçirilməsi ləğv olundu və ev sahibliyi Moskvaya verildi. Ondan sonra bəzi xarici radiostansiyalar və erməni lobbisinin təsirində olan mətbuat SSRİ-yə qarşı kampaniyaya başladılar. Yazırdılar ki, ac Moskva Ermənistana çatacaq pulları özünə götürdü. Hətta bu məsələdə Heydər Əliyevi günahlandırırdılar. Lakin erməni lobbisi nə qədər çalışsa da, nə qədər çirkin fəaliyyət həyata keçirsə də, bu yarışın Yerevanda keçirilməsinə nail ola bilmədi. Beləliklə, ermənilərin niyyəti gözlərində qaldı.
Bu gün də erməni lobbisinin və bütövlükdə antiazərbaycançı şəbəkənin planları iflasa məhkumdur. Çünki onların qarşısında güclü Azərbaycan dövləti dayanıb. Bu dövləti hansısa qərəzli hesabatlarla öz yolundan döndərmək mümkün olan bir şey deyil. Ona görə əvvəllər olduğu kimi, I Avropa Oyunları ərəfəsində də baş qaldıran antiazərbaycançı şəbəkənin niyyəti gözündə qalacaq.
Elman MƏMMƏDOV:
- Azərbaycan güclənməyə başlayandan təhdidlər, təzyiqlər də olub. Bu, indi deyil, Heydər Əliyev hakimiyyətə gələndən, Azərbaycan dirçəlməyə başlayandan, ulu öndərin sayəsində hörmət-izzət sahibi olandan, iqtisadi cəhətdən möhkəmlənməyə başlayandan qarayaxmalar və şər-böhtanlar bir-birini əvəz edir. Əgər Azərbaycan 1990-cı illərin əvvəllərindəki kimi zəif olsaydı, nüfuzu, gücü olmasaydı, ölkəmizə qarşı heç kim nə kampaniya aparacaqdı, nə də bir kəs təzyiq göstərəcəkdi. Güclənirsənsə, nüfuzun, nailiyyətlərin artırsa, bu, qısqanclığa və qısqanclıqdan pis olan paxıllığa, hətta paxıllıqdan da betər düşmənçiliyə çevrilir. Bu qısqanclığın, paxıllığın, düşmənçiliyin qarşısında durmaq üçün möhkəm daxili sabitliyə və müstəqil siyasətə malik olmaq lazımdır.
Erməni lobbisinin və Ermənistanın dünyada Azərbaycana qarşı apardığı siyasət şər və böhtandan ibarətdir. Həmişə demişik ki, ermənilər böyük dövlətlərin, böyük güclərin əlində alətdir. Təəssüf ki, bu gün bəzi beynəlxalq qurumlar, müəyyən qeyri-hökumət təşkilatları, üzdəniraq siyasətçilər və bu qəbildən olan insanlar erməni lobbisinin, erməni maliyyəsinin, ermənipərəst təşkilatların əlində alətə çevriliblər. Erməni lobbisi həmin adamları qızışdırıb Azərbaycanın üstünə salır. Ancaq bir el məsəli var: dəyirman öz bildiyini edir, çax-çax baş ağrıdır. Deməyim odur ki, ölkəmiz düz yoldadır, siyasətimiz, əqidəmiz, amalımız düzdür. Bu işdə bütün xalqımız ölkə Prezidentinin ətrafında sıx birləşmişdir.
Ermənilər daim dünya mediasında, keçirilən müxtəlif tədbirlərdə özləri haqda mifik obraz formalaşdırmağa çalışıblar. Onlar həmçinin yaxın qonşuları, xüsusən də Dağlıq Qarabağ barədə də dünyaya kifayət qədər yalan məlumatlar təqdim edirlər. Qondarma “erməni soyqırımı” və Azərbaycan ərazilərinin işğal olunmasına dair məqamları buna misal göstərmək olar. Müəyyən maraqlı dairələr, o cümlədən də erməni lobbisi hələ də dünya ictimaiyyətinə yalan üzərində qurulan miflər sırımağa cəhd göstərir.
Lakin bu yalanlar ifşa edilməkdədir. Avropa
Oyunları isə erməni mifinin şər və böhtan
olduğunu tam aydınlığı ilə üzə
çıxaracaq. Erməni millətinin
özünün yaranma tarixi belə uydurmalardan, miflərdən
ibarətdir. Bütün erməni tarixi
saxtakarlıq, uydurma üzərində qurulub. Onu da qeyd edim ki, ermənilərin özlərindən
daha çox onlara havadarlıq edənlər erməni mifi
yaradır. Onlar erməni məzlumluğu,
erməni əzabkeşliyi kimi miflər
formalaşdırıblar. Bunu da elə-belə
bilmədən deyil, məqsədli şəkildə edirlər.
Xaricdəki bəzi dairələr ermənilərdən
öz maraqları naminə müxtəlif məqsədlər
üçün istifadə etmək niyyəti ilə belə
miflər formalaşdırırlar. Bakıda
keçiriləcək I Avropa Oyunları isə ölkəmiz
haqqında dünyada geniş təəssürat yaratmaqla həm
də erməni mifinin aradan qaldırılması işinə
mühüm töhfələr verəcək.
Azərbaycan bu yarışları Avropanın ən irəlidə gedən, inkişaf etmiş dövlətlərindən də yüksək səviyyədə keçirəcək. Ermənilərin uzun illər boyu Azərbaycan, onun xalqı və dövlətimiz haqqında yaratdığı xoşagəlməz fikirləri bu Oyunlar, sözün həqiqi mənasında, darmadağın edəcək. Azərbaycan bu yarışla özünü təkcə idman sahəsində deyil, mədəniyyət, incəsənət, xalqlar arasında olan münasibətlər, tolerantlıq istiqamətində, mədəniyyət və dinlərarası münasibətlərdə, iqtisadi sahədə qazandığı inkişafa görə, yəni, bütün sahələr üzrə sübut edəcək ki, Avropa dəyərlərindən də üstün dəyərlərə malik dövlətdir. Sübut edəcəyik ki, dövlətimiz və xalqımız doğru yoldadır. Ermənilər və onlara havadarlıq edənlərin iddiaları isə qara piar, şər və böhtandan başqa bir şey deyil.
I Avropa Oyunları günlərində ölkəmizə yüzlərlə xarici jurnalist, on minlərlə turist gələcək. Yarışlarda 6 mindən çox idmançı iştirak edəcək. Onlar ölkəmizdə olan gerçəklikləri kənara çıxaracaqlar. Ölkəmiz barədə yaxşı mənada geniş informasiya yayacaqlar. Bizi sevən, sevməyən də olsa, mövcud həqiqətləri xaricə daşıyacaq və beləliklə, real mənzərə kənarda da görünəcək.
Ona görə də yaranmış bu fürsətdən ermənilərin iç üzünün açılması, onların ifşa olunması üçün səmərəli istifadə etməliyik. Bütün hallarda heç bir iş görməsək belə, xaricilər özləri maraq dairəsi fonunda Azərbaycandakı real gerçəkliyi görüb ermənilərin iddialarının yalan olduğunu anlayacaqlar. Ölkəmizə bu ərəfədə erməni lobbisinin təsiri altında olan jurnalistlər də gələ bilər. Onlar da gerçəkliyi görüb erməni lobbisinin onları aldatdığının şahidi olacaqlar. Bu mənada I Avropa Oyunları ermənilərin təşkil etdiyi yalan kampaniyasına, uydurduqları miflərə zərbə olacaq.
Seymur ORUCOV:
- Avropa Oyunları ilə bağlı həyata keçirilən tədbirlər ölkəmizin bütün dünyada ən gözəl tanıtımıdır. Bu istiqamətdə Heydər Əliyev Fondunun xətti ilə müxtəlif ölkələrdə keçirilən I Avropa Oyunlarının təqdimatı xüsusilə təqdirəlayiqdir. Bütün bunlar Azərbaycanla və Avropa Oyunlarına hazırlıqla bağlı məlumatları ən dolğun şəkildə dünya ictimaiyyətinə çatdırır.
Bu mötəbər idman hadisəsinin təbliğində gənclərimiz də olduqca yüksək fəallıq nümayiş etdirirlər. Sosial şəbəkələrə baxsaq görərik ki, gənclərimiz hər gün bu Oyunlarla bağlı müxtəlif layihələr həyata keçirirlər, bir-biriləri ilə müxtəlif məlumatları bölüşürlər. Bununla yanaşı, hər kəs öz “Facebook” səhifəsindəki profil şəkili yerində Avropa Oyunlarının loqosunu yerləşdirir. Bax, gənclərimiz Avropa Oyunlarının təbliğində bu qədər maraqlıdırlar.
O cümlədən, YAP üzvü olan gənclər I Avropa Oyunları ilə bağlı müxtəlif layihələr həyata keçirməkdədirlər. Bunlardan biri “İlk Avropa Oyunlarına sən də qoşul” adlı layihəmizdir. İndiyədək bu layihə çərçivəsində bir neçə tədbir həyata keçirmişik. Bu yaxınlarda Azərbaycan Voleybol Federasiyası ilə birlikdə keçirdiyimiz yürüş də I Avropa Oyunlarının təbliğinə yönəlmişdi. YAP Gənclər Birliyinin fəalları tərəfindən partiyamızın Gənclər Birliyi qərargahının önündən başlayan yürüş Olimpiya Stadionuna qədər davam etdi.
Bundan başqa, ilk Avropa Oyunlarına dəstəklə bağlı YAP Gənclər Birliyinin üzvlərinin iştirakı ilə indiyədək üç qəzetdə “dəyirmi masa” keçirilib. Həmçinin gənclərimizin iştirakı ilə Oyunlar zamanı dövlət bayrağından istifadə qaydalarına dair treninqlər də təşkil etmişik. Etik normalarla da bağlı əyani tədbirlərimiz olub. Məsələn, görürsən ki, bir nəfər suyu içib boş butulkanı küçənin ortasına atır. Həmin vaxt bir azyaşlı uşaq gedib butulkanı yerdən götürür, zibil qutusuna atır və sonra həmin şəxsə deyir ki, “ay əmi, bunu yerə atmaq olmaz”. Bu vaxt bizim komandamız kənardan toplaşaraq balacanı alqışlayır. Bu həm də bir növ ictimai qınaq vasitəsidir. Bu cür tədbirlərimiz bundan sonra davamlı olacaq.
Ümumiyyətlə, YAP üzvləri hər zaman ölkə miqyaslı tədbirlərdə yaxından iştirak etməklə töhfələrini verirlər. I Avropa Oyunlarında da belədir. Hazırda ölkə ictimaiyyəti I Avropa Oyunları məşəlinin “Atəşgah”dan başlayan səyahətini izləyir. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, məşəlin səyahətində YAP üzvləri, o cümlədən YAP Gənclər Birliyinin təmsilçiləri fəal iştirak edirlər. Məşəldarlar arasında xeyli sayda YAP üzvü olan gənclərimiz var. Məşəl tədbirlərinin hazırlanmasında və təşkilində də gənclərimiz kifayət qədər aktivdir. Bildiyiniz kimi, bu mötəbər idman tədbirində müxtəlif vəzifələri icra etmək üçün 12 mindən artıq könüllü cəlb edilib. Onların arasında YAP üzvü olan gənclərimiz də kifayət qədərdir.
Təbii ki, Avropa Oyunlarından sonra ölkəmizin idman sahəsindəki işləri bitməyəcək. Gələn il Azərbaycanda “Formula-1” üzrə dünya çempionatı və şahmat olimpiadası keçiriləcək. 2017-ci ildə isə bizi daha gözəl bir tarixi hadisə gözləyir - IV İslam Həmrəylik Oyunları Azərbaycanda keçiriləcək. Bunların hamısı biz gənclərə görə Azərbaycanın inkişafının göstəricisidir.
Burada antiazərbaycançı şəbəkənin I Avropa Oyunları ərəfəsində fəallaşmasından söz açıldı. Biz sosial şəbəkələrdə müşahidə edirik ki, erməni gəncləri tərəfindən Avropa Oyunlarına qarşı çox ciddi qarayaxma kampaniyası aparılır. Onlar çağırışlar edərək I Avropa Oyunlarının əhəmiyyətinə kölgə salmağa çalışırlar. Ona görə YAP Gənclər Birliyinin qarşısında duran ən mühüm vəzifələrdən biri bu cür antiazərbaycançı fəaliyyəti sıradan çıxarmaq, ermənilərin bu çirkin əməlini bütün dünyada ifşa etməkdir. Gənclərimiz vaxtında onların cavablarını verir, qabaqlayıcı addımlar atırlar. Əlimizdən gəldiyi qədər erməniləri yerlərində otuzdururuq, başa salırıq ki, Azərbaycan heç də siz dediyiniz ölkə deyil.
Təəssüflə qeyd etmək istərdim ki, bəzən bizim öz gənclərimizin də arasından naxələflər çıxır. Onlar antiazərbaycançı şəbəkənin maraqlarına xidmət edən qeyri-hökumət təşkilatlarının əməkdaşları, xaricdən maliyyələşən, ölkəmizi istəməyən müəyyən qüvvələrin maraqlarına xidmət edən şəxslərdir. Təbii ki, biz belələrinin də cavabını veririk. Amma bizi daha çox təsirləndirən budur ki, onlar niyə öz vətənlərinə qarşı naxələf çıxırlar. Belələri hər şeydə mənfi nəsə axtarırlar, hər uğura qara yaxmağa çalışırlar.
Təbii ki, bunların heç birinin nəticəsi olmayacaq, biz Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyik. Biz gənclər hərtərəfli olaraq dövlətimizin həyata keçirdiyi siyasətin içərisindəyik, cənab Prezidentimizin ətrafındayıq. Bizim uğurumuz təkcə Avropa Oyunlarının yüksək səviyyədə təşkili ilə bitməyəcək. Ölkəmizə 6 mindən çox idmançı gəlir və onlar 253 dəst medal uğrunda yarışacaqlar. Biz istərdik ki, həmin medalların çoxu Azərbaycanda qalsın. İnşallah, belə də olacaq! Əminəm ki, Azərbaycan idmançıları bu Oyunlarda da xalqımıza sevinc yaşadacaqlar.
Fərid MANSUROV:
- Sözsüz ki, belə mötəbər bir idman təntənəsinin ölkəmizdə keçirilməsi bizim üçün əvəzsiz bir idman bayramıdır və bu zaman dünyanın gözü Azərbaycanda, Azərbaycan özü isə dünyanın mərkəzində olacaq. Bu yarışlar zamanı dünya ictimaiyyəti Azərbaycanla, idmanda qazandığımız uğurlarla, eyni zamanda, insanlarımız, qonaqpərvərliyimiz, təbiətimizlə daha yaxından tanış olacaqlar. Bu ənənə bundan sonra hər zaman davam etdiriləcək. Olimpiya Oyunlarının məşəli hər dəfə Afinadan start götürdüyü kimi, inşallah, bundan sonra dünyanın başqa ölkələrində keçirilən Avropa Oyunlarının məşəli də Bakıdakı “Atəşgah” məbədindən od alacaq! Beynəlxalq idman ənənələrinə görə bu, belə olmalıdır və ümid edirik ki, aparılan müzakirələr bu prinsiplərə əsaslanacaqdır.
Hazırlıq prosesinə gəldikdə isə deyə bilərəm ki, inanılmaz bir göstərici sərgilədik. Çox qısa bir zamanda Bakıda müasir idman qurğuları - Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Velopark, Atıcılıq Mərkəzi, Su İdmanı Sarayı və başqa idman kompleksləri inşa olundu. Hər birimizə məlumdur ki, həm iqtisadi imkanlarına, həm də idmanın kütləviliyinə görə fərqlənən inkişaf etmiş ölkələrdə belə obyektlərin tikintisinə, Olimpiya Oyunlarına, bu tipli beynəlxalq yarışların hazırlığına sərf etdiyimiz vaxtdan üç dəfə artıq vaxt ayrılır. Heç biz idmançılar da belə qısa vaxtda Bakının bu səviyyədə idman mərkəzinə çevriləcəyinə inanmazdıq. Ancaq reallıq göz qabağındadır. Digər tərəfdən, hazırlıq mərhələsində Bakıda “Atəşgah” məbədindən od alan məşəlin Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzməsi özü ayrıca bir bayram təntənəsi idi. Heç şübhə etmirəm ki, bu tarixi səyahət bütün bölgələrimizdə yeniyetmə və gənclərdə idmana hədsiz maraq yaradacaq, onların bu sahədəki fəaliyyətlərinə yeni stimul verəcəkdir. Bu Oyunların keçirilməsi Azərbaycanı dünyada idman ölkəsi kimi nə qədər tanıdacaqsa, ölkə daxilində idmanın inkişafına da bir o qədər təkan verəcək. Bu yarışlar bitəcək, bu əzəmətli idman obyektləri xalqımız üçün, gənclərimiz üçün qalacaq. Heç şübhə etmirik ki, bu komplekslərdə Olimpiya Oyunlarında, qitə, dünya çempionatlarında və digər beynəlxalq yarışlarda ölkəmizin bayrağını qaldıracaq yüzlərlə çempionumuz yetişəcək. Bir daha vurğulamaq istəyirəm ki, belə sürətli inkişaf və yüksək səviyyədə hazırlıq dövlət başçısı İlham Əliyevin idmana ayırdığı böyük diqqət və I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın xüsusi təşkilatçılığı sayəsində mümkün olub.
Hər birimiz bilməliyik ki, I Avropa Oyunları Vətənimizi növbəti dəfə tanıtmaq üçün gözəl şansdır. Bu idman bayramı təkcə idmançıların, ayrı-ayrı çempionların yox, bütün Azərbaycanın bayramıdır. Odur ki, idman ictimaiyyəti ilə bərabər, hər bir vətəndaş Oyunlar ərəfəsində özünü göstərməli, əlindən gələni etməli, Oyunlara öz töhfəsini verməli, Vətənini sevdirməli, onu daha da ucaltmalı, Azərbaycanımızın inkişafında, idmanımızın dünyada daha da tanıdılmasında fəal iştirak etməlidir.
İdmançılarımızın hər birindən, xüsusilə güləşçilərimizdən böyük uğurlar gözləyirik. Çünki güləş bizim milli idman növlərindən biridir. Hər bir azərbaycanlının qanında, canında güləşmək həvəsi var. Əksər yarışlarda qaliblər sırasında güləşçilərimiz həmişə çox olub, inanırıq ki, doğma Vətənimizdə keçirilən bu əvəzsiz yarışmada onlar yenə də yüksək göstəricilərlə fərqlənəcəklər. Azərbaycan güləşçiləri böyük himayədarları olan İlham Əliyevin etimadını I Avropa Oyunlarında da doğruldacaqlar.
Mən “Azərbaycan” qəzeti vasitəsilə bütün idmansevərləri, xalqımızı I Avropa Oyunlarına dəstək olmağa və yarışları izləməyə çağırıram. Yerli azərkeşlərin alqışları idmançılarımızda ruh yüksəkliyi yaradacaq və onları qələbəyə daha da yaxınlaşdıracaq. Xüsusilə gənclər və yeniyetmələrin belə mötəbər yarışlarda bir azərkeş kimi iştirakı çox vacibdir. Sözsüz, bu yarış gənclərmizin idmana olan marağını birə beş artıracaq, onlarda idman sahəsinə güclü istək yaradacaq.
Fürsətdən istifadə edib bütün gəncləri, yeniyetmələri idmanla məşğul olmağa çağırıram. Söhbət hər kəsin peşəkar idmançı olmasından getmir, əsas odur ki, idmanla müntəzəm məşğul olsunlar və sağlam bədənə, möhkəm iradəyə sahib olsunlar. Bir daha qarşıdan gələn möhtəşəm idman yarışında hər birimizə, bütün idmançılarımıza uğurlar arzu edirəm.
“Dəyirmi
masa”ya yekun vuran Bəxtiyar SADIQOV dedi:
- Prezident
İlham Əliyevin qayğısı sayəsində gənclərimiz
idmanın bütün növləri ilə məşğul
olurlar. Hətta bir sıra idman növləri
üzrə xaricdən adlı-sanlı məşqçilər
dəvət edilir və onların rəhbərliyi ilə gənclərimiz
öz güclərini sınayırlar. İdmançılarımız
püxtələşmək üçün müxtəlif səviyyəli
beynəlxalq yarış və məşq toplantılarına
da göndərilir ki, bu da idmançılarımıza həmişə
formada qalmaqda kömək edir.
Hər bir idmançının böyük nailiyyətlər
əldə etməsi üçün onun mənəvi və
maddi dəstəyə ehtiyacı var. Bu səbəbdən
Prezident İlham Əliyev Olimpiya və beynəlxalq
yarışlarda böyük qələbələr qazanan
idmançıları qəbul edir, onlara maddi və mənəvi
dəstək verir. Bildiyiniz kimi, “Qarabağ” futbol komandası
Avropa futbol turnirində hakimin ədalətsizliyi nəticəsində
yarışları dayandırmalı oldu. Prezident
İlham Əliyev “Qarabağ” futbol komandasının məşqçi
və oyunçularını qəbul edərək onları
yeni qələbələrə ruhlandırdı. Əlbəttə, belə mənəvi stimul
idmançılarımızın uğur qazanmasında
böyük rol oynayır. Digər bir
qayğı isə idmançıların mənzil-məişət
şəraitinin yaxşılaşdırılması ilə
bağlıdır. Azərbaycanda hər
bir idmançı qazandığı qələbəyə
görə maddi cəhətdən də
mükafatlandırılır, dövlət təltiflərinə
layiq görülür ki, bu da onları yeni qələbələrə
ruhlandırır.
Dövlət başçısının
idmançılara göstərdiyi yüksək qayğı gənclərimizin
idmana marağının artmasının başlıca səbəbidir. Gənclər
görürlər ki, Azərbaycanın şərəfini uca
tutan idmançılar ölkədə böyük hörmət
sahibidirlər, onlara hər cür qayğı göstərilir,
maddi və məişət problemləri yüksək səviyyədə
həll olunur. Bütün bunlar idmanın
stimullaşdırılmasına təkan verən
başlıca amillərdəndir.
Bu gün dünyanın maraqla öyrəndiyi
inkişafın Azərbaycan modeli formalaşıb. Bu modelə
daxil olan və inkişaf edən Azərbaycanın idman
modelinin formalaşması da dünyanın diqqətindədir.
Bütün bunlar son dövrdə idmana göstərilən
qayğı, onun yüksək maddi-texniki bazası nəticəsində
mümkün olub.
Bu gün Azərbaycanın idman arenaları bütün
beynəlxalq standartlara cavab verir. Həmin arenalarda nəinki
idmançılar üçün, hətta buraya gələn
tamaşaçılar və media nümayəndələri
üçün də yüksək şərait yaradılıb.
I Avropa Oyunları ilə bağlı hər
cür şəraiti olan Atletlər və Media kəndləri
buna sübutdur.
Bütün
bunların nəticəsidir ki, Azərbaycan I Avropa
Oyunlarına ev sahibliyi etmək
üçün ən layiqli ölkə sayıldı. Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkinin dediyi
kimi, Azərbaycan hələ yarışlara
başlamamış dünya rekorduna imza atdı.
Bu uğurların qazanılmasında I Avropa
Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban
xanım Əliyevanın xidmətləri böyükdür. Mehriban
xanımın qısa vaxtda gördüyü işlər bir
daha onun təşkilatçılıq qabiliyyətinin nə
qədər yüksək olduğunu sübut etdi.
I Avropa Oyunlarının məşəlini cənab
Prezident “Atəşgah”da alovlandırdı. Bu məşəl 47 gün
ərzində 1000 məşəlçinin müşayiəti
ilə 60 rayon üzrə 5500 kilometr məsafə qət edərək
açılış günü ərəfəsində
Bakıya gətirildi. Məşəlin rayonlarda
alovlandırılması bütün dünyaya Azərbaycanın
paytaxtı ilə bərabər, bölgələrin də
inkişaf etdiyini göstərir.
Təəssüf ki, istər xaricdə, istərsə
də daxildə xalqımızın bu möhtəşəm
nailiyyətlərinə qısqanclıqla yanaşanlar da var.
Onlar çalışırlar ki, hər vəchlə möhtəşəm
idman bayramımıza kölgə salsınlar. Lakin bu,
mümkün deyil! Xalqımız bu idman
bayramının yüksək səviyyədə keçirilməsində
israrlıdır. İnanırıq ki,
idmançılarımız da xalqımızın onlara bəslədiyi
ümidləri doğruldacaq və yarışlarda ölkəmiz
hamıdan çox medal qazanacaq. Bir daha
idmançılarımıza uğurlar arzulayırıq,
onlardan çoxsaylı qələbə müjdələri
gözləyirik!
Azərbaycan. - 2015.- 11 iyun.- S.4-5.