ZƏMANƏMIZIN AZƏRBAYCAN NUMUNƏSI

 

Bu il aprelin 26-sı tarixə şərəfli bir gün kimi yazıldı. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı - möhtərəm Prezident İlham Əliyevin “Atəşgah” məbədində I Avropa Oyunlarının məşəlini yandırması hər bir azərbaycanlının qəlbində hədsiz qürur və sevinc duyğuları alovlandırdı...

Xalqımız tarixən odu müqəddəs sayıb, ona içdən gələn saflıqla sitayiş ediblər. Od düşüncələrimizdə işığı, əməlimizdə aydınlığı əks etdirib, yolumuza nur səpib. Ocağımızın istisi ruhumuza, fikirlərimizə, insanlara münasibətimizə hopub. Həssaslığımızı, insanpərvərliyimizi, qəlbimizin hərarətini artırıb. Qonaqpərvərliyimiz də, görünür, ocağımızın istiliyindən irəli gəlib. Bugünün özündə də işığa, oda and içənlərə, onları müqəddəs tutanlara az rast gəlmirik. Ən sevimli bayramlarımızdan olan Novruzda tonqal üstündən tullanır, ağırlıqları, çətinlikləri geridə qoymağı niyyət edirik. El şənliklərində, toy-düyündə məşəl yandırmışıq, məşəl ətrafında şənlənmişik. Bir sözlə, od, məşəl yalnız işıqlandırıcı vasitə olmayıb, həm də milli dəyərlərimizin, adət-ənənələrimizin daşıyıcısı olub, indi də belədir, gələcəkdə də məhz bu cür olacaq.

“Kitabi-Dədə Qorqud” dastanında uca dağ başında şölələnən bir tonqal sülhü, həmrəyliyi, bayram şənliyini, insanların səmimi birliyini və sevinc hisslərini təcəssüm edirdi. Azərbaycanın bir-birindən abad bölgələrini - rayonlarını, şəhərlərini qarış-qarış gəzən, insanlara bayram əhval-ruhiyyəsi, sevinc və qürur hissləri yaşadan ilk Avropa Oyunlarının əzəmətli məşəli də məndə eyni təəssüratı yaratdı. Bu gün şövqlə alovlanan məşəlin işığında respublikamızın həqiqətləri dünyaya daha aydın görünür. Bu məşəlin şöləsində dünya Azərbaycanın hansı imkanlara, gücə, qüdrətə malik olduğunun, hansı sürətlə inkişaf etdiyinin şahidinə çevrilir. El-obanı dolaşan məşəl həm də ölkəmizin işıqlı günlərini, quruculuq və inkişafı özündə təcəssüm etdirir.

“İşıqlı insan” - deyilən bir yanaşma da var. Bu söz ölkəsinə, xalqına, yaxud ətrafındakı insanlara işıqlı həyat bəxş edən, onları işıqlı yolla aparan, özü işıq-nur olan şəxslərə aid edilir. Heydər Əliyev də məhz belə insanlardan idi. Bütün həyatı, fəaliyyəti, amalı və niyyəti başdan-başa işığın, nurun şöləsində olub. Heydər Əliyev məşəl kimi bu millətin yolunda daim işıq saçıb.

Ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində sovet Azərbaycanına rəhbərliyi illəri bu günlərdə tez-tez gözümün önündən kino lenti tək keçir. Bəli, o dövrdə ulu öndər Azərbaycan insanının evini, işini, ruzi-bərəkətini, ümumiyyətlə, bütün Azərbaycanı işıqlandırdı. Yaxşı xatırlayıram, o illərdə Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi qısa zamanda Azərbaycanın tərəqqi və inkişafında yeni səhifə açdı. Mahir təşkilatçı xalqının mənafeyinə cavab verən çoxşaxəli fəaliyyəti ilə hər günümüzü unudulmaz tarixə, xoş xatirəyə çevirirdi.

Zəngin təbii sərvətlərinə, iqtisadi və insan potensialına baxmayaraq digər müttəfiq respublikalardan geridə qalan Azərbaycan o illərdə sürətlə inkişaf etməyə başladı. Şəhərlər, rayonlar, hətta kəndlər böyük tikinti meydanına çevrildi, yeni istehsal və sənaye müəssisələri yaradıldı. İnsanların sosial təminatı, mədəni-intellektual səviyyəsi yüksəldi. Milli ruhu, milli düşüncə və özünüdərki gücləndirən çoxsaylı addımlar atıldı. Həmin illərdə Heydər Əliyevin təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlər formaca sovet ruhlu görünsə də, mahiyyətdə milli birliyə, müstəqil düşüncəyə xidmət edirdi. Uzağa getməyək, həmin illərdə məhz ulu öndərin böyük dəstəyi ilə respublikadan kənarda yüksək təhsil almış on minlərlə gənc indi mühüm dövlət postlarında Azərbaycana sədaqətlə xidmət edir, ümumi inkişafa töhfələrini verir. Bir sözlə, Heydər Əliyev vətənpərvər addımları ilə Azərbaycanı hələ o zamandan müstəqilliyə hazırlayır, bu yolda müxtəlif çətinliklərə əzmlə sinə gərirdi.

Heydər Əliyevsizlik də Azərbaycan üçün, azərbaycanlılar üçün işıqsızlıq, zülmət dövrü oldu. Bu qaranlıq çağlarda yolumuzu, torpaqlarımızı, igid övladlarımızı itirdik. Qarabağ ağrısını, 1 milyondan çox həmvətənimizin didərginlik müsibətini yaşadıq. Elə 1993-cü ildə səfalətin və məğlubiyyətin məngənəsində olan insanların bütün Azərbaycan boyu “Heydər Əliyev” hayqırması da məhz işığa olan ehtiyacdan irəli gəlirdi. Heydər Əliyevin qayıdışı zülmətdən nura, xaosdan qurtuluşa keçidin əsasını qoydu.

Nə yaxşı ki, həmin işıq bu gün də var, bu işığı sönməyə qoymayan, onu daha da alovlandıran lider var!

22 ildir bu işığın nurunda yaşayan xalqımız son 12 ildə inkişafının, möhtəşəmliyinin yeni dövrünə qədəm qoyub. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın keçdiyi yolu sözün qüdrəti ilə canlandırmağa həqiqətən də çətinlik çəkirəm. Biz başqa dövlətlərin onilliklər boyu can atdığı, bəzən heç əldə edə bilmədiyi, həsədlə baxdığı böyük uğurları qısa müddətə qazandıq. Layiqli liderlə uzun yolu qısa müddətdə adladıq, xalq və dövlət olaraq dünya miqyasında layiqli yerimizi təmin etdik. Məhəmməd Hadi demişkən, imzalar içində imzamız göründü!

Bir zamanlar Azərbaycanı kiçik, gücsüz sayıb onunla hesablaşmayanlar indi rəsmi Bakının iştirakı olmadan region əhəmiyyətli hansısa layihəni həyata keçirməyin mümkünsüz olduğunu etiraf edirlər. Ölkəmizin tam müstəqil siyasət yürütməsi onları qıcıqlandırsa da, mövqeyimizi nəzərə almağa məcburdurlar. Bu, həm də ölkəmizə inamla rəhbərlik edən möhtərəm İlham Əliyevin fenomenal liderlik keyfiyyətlərindən qaynaqlanır.

Ötən 12 ilə yaxın müddət Azərbaycan üçün heyrətamiz iqtisadi və siyasi uğurlarla zəngindir. Əgər 12 il əvvəl kiməsə Azərbaycanın kosmosda peykinin olacağını desəydin, buna bəlkə də xəyal kimi baxardı. Xınalıq kimi ucqar dağ kəndinə müasir yolun çəkiləcəyinə, heç zaman mavi yanacaq üzü görməyən Lerik, Yardımlı kimi rayonlara təbii qazın veriləcəyinə kimisə inandırmaq müşkül məsələ olardı. “Əsl siyasət, konkret real iş görməkdir” deyən dövlət başçısı məhz əməli işi ilə xalqı yürütdüyü siyasət ətrafında birləşdirə bildi.

Bugünkü Azərbaycan 20 və yaxud 10 il əvvəlin Azərbaycanı deyil. Müasir Azərbaycan, ilk növbədə, müstəqil, heç kimdən asılı olmayan, öz sözünü deyən dövlətdir. Müstəqil xarici siyasət yürüdən Azərbaycan müasir dünyada etibarlı, sözünə sadiq strateji tərəfdaş kimi tanınır, heç bir ölkənin daxili işlərinə qarışmır və eyni münasibəti də istisnasız olaraq bütün ölkələrdən tələb edir, diktə dilində danışmaq istəyənlərə layiqli yerini, ünvanını göstərir.

Müstəqilliyimiz böyük iftixar mənbəyimiz olduğu kimi, onunla da qürur duyuruq ki, müstəqil dövlətimizi, müstəqil siyasətimizi, müstəqil iqtisadiyyatımızı əzmlə qoruyan liderimiz, rəhbərimiz var. Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə maneçilik törətmək istəyən, paxıllıq çəkən, qərəzli fəaliyyətlə məşğul olan və inkişafımızı gözü götürməyən qüvvələrin bəd niyyətləri qarşısında sınmadan, məğrurcasına dayanan İlham Əliyev müstəqil qərarını verdi: Azərbaycan Avropa Oyunlarını ən yüksək səviyyədə keçirəcək!

Hər zaman böyük məmnuniyyətlə xatırlatdığım bir ifadəni indi də vurğulamaq istərdim: Zəka qaranlığına işıq salanlar, nə bəxtiyardır!..

Bəşəriyyət çox məsuliyyətli və çətin dövrünü yaşayır. Dünyanın dörd bir yanını siyasi və iqtisadi böhranlar, müharibələr, çaxnaşmalar bürüyüb. İnsanların indi sülhə, sabitliyə, iqtisadi nailiyyətlərə, quruculuğa daha çox ehtiyacları var. Hesab edirik ki, I Avropa Oyunları ilə bağlı Azərbaycana gələn minlərlə insan da məhz ölkəmizin nümunəsində bu tərəqqini, milli gücü, yüksəlişi görəcəklər. Onlar Azərbaycanın ümumilikdə dünya ölkələri üçün inkişaf və sabitlik yolunda bir məşələ çevrildiyini anlayacaqlar.

Tarixən idman yarışları insanların sağlamlığına xidmət edən ən mükəmməl vasitənin təbliğat metodu olub. Amma bununla belə, bu yarışların siyasi, iqtisadi, mənəvi təsirləri də mühümdür. Elə Azərbaycanda da Avropa Oyunları ərəfəsində aparılan genişmiqyaslı quruculuq işləri, dünyanın ən mükəmməl idman və xidmət infrastrukturunun formalaşdırılması tək idmanın inkişafına xidmət etmir. Bu, həm də ölkə vətəndaşlarımızın məişət səviyyəsindən yaşam tərzinə qədər bütün sahələri əhatə edən müasirləşmə və modernləşmə xəttidir. Bunun özündə də Azərbaycan milli adət-ənənələrinin, dəyərlərinin kökü vardır: qonaqpərvərlik.

Necə ki, hər bir Azərbaycan ailəsi qonaq qarşılamağa hazırlaşarkən, evini səliqəyə salıb, süfrəsini zənginləşdirib, bütün çatışmazlıqları dəf edib, yüksək əhval-ruhiyyə ilə müsafirini qəbul etməyə hazırlaşır, eləcə də böyük ailəmiz - Azərbaycan dövləti də böyük qonaqpərvərlik nümunəsi ərəfəsindədir. Bu gün sanki bütün Azərbaycan qonaqpərvərlik yarışına çıxıb. Evimiz abaddır, süfrəmiz bol nemətlərlə zəngindir, insanlarımızın üzü gülür.

Xarici və daxili siyasətdə ardıcıl uğurlarımız sayəsində biz artıq ölkəmizdə qlobal tədbirlərin keçirilməsinə adi, qanunauyğun hal kimi yanaşmağa başlamışıq. Nə qədər qəribə səslənsə də, artıq Azərbaycan vətəndaşlarını indi “Bakıda mühüm beynəlxalq tədbir keçirilir”, “Paytaxtımızda 10-dan çox ölkə rəhbərinin iştirakı ilə zirvə görüşü keçiriləcək” kimi xəbərlərlə təəccübləndirmək olmur. Çünki bu kimi tədbirlərə ev sahibliyi etmək Azərbaycanın həyat tərzinə, qürur və fəxarət dolu tarixi hadisələri müşahidə etmək isə insanlarımızın yaşam normasına çevrilib. Şübhəsiz, bu və digər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin başlıca səbəbi respublikamızın dünya miqyasındakı nüfuzu, hörmətidir.

Diqqət çəkən əsas məqam budur ki, indi Bakı ilə yanaşı, bölgələrimiz də nüfuzlu beynəlxalq tədbirlərə, zirvə toplantılarına ev sahibliyi edir. Bunu konkret olaraq seçicilərini Milli Məclisdə təmsil etdiyim Qəbələ rayonunun timsalında da deyə bilərəm. Son illər Qəbələnin böyük tədbirlərə evsahibliyi etməsinin hər kəs əyani şahidi olub. Qəbələdə türkdilli ölkələrin dövlət başçılarının iştirakı ilə zirvə toplantısının keçirilməsinin qürurunu yaşamışıq. Qəbələ onlarca ölkənin dövlət və hökumət rəhbərlərini, yüksək rəsmilərini layiqincə qarşılayıb. Bu il Qəbələdə növbəti dəfə musiqi festivalı keçiriləcək, rayon dünyanın dörd bir yanından gəlmiş nüfuzlu, tanınmış yüzlərlə musiqiçiyə qonaqpərvərlik göstərəcək.

Yeri gəlmişkən, bu musiqi festivalı Heydər Əliyev Fondunun rəhbərliyi, birbaşa Mehriban xanım Əliyevanın himayəsi altında təşkil olunur. Bu yüksək təşkilatçılıq və ali səviyyəli dəstək ölkəmizin hörmətini beynəlxalq miqyasda daha da artırır. Elə I Avropa Oyunlarının Bakıda keçirilməsinin digər mühüm səbəbi də məhz ölkəmizin yüksək təşkilatçılıq bacarığıdır. Tarixi qərarın qəbulu zamanı ölkəmizin təşkilatçılıq sahəsində zəngin təcrübəsi, sözsüz ki, nəzərə alınmışdı. İlk dəfə keçirilən tədbirin təşkilatçılığı, əlbəttə, daha böyük diqqət və məsuliyyət tələb edir. Bütün bunların fonunda ilk Avropa Oyunlarının Azərbaycana həvalə edilməsi həm böyük etimad, həm böyük məsuliyyətdir. Xatırlatmaq yerinə düşər ki, respublikamız 2012-ci ildə də “Avroviziya” beynəlxalq musiqi yarışmasını yüksək səviyyədə keçirməklə böyük nüfuz qazanıb. Avropa Oyunları kimi, həmin musiqi yarışmasına hazırlıq işləri də Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilmişdi. Həmin vaxt dünya ölkələri, ölkəmizə gəlmiş əcnəbi qonaqlar bu təşkilatçılığa heyranlıq ifadə etmişdilər.

Qürurverici hal yenidən təkrarlanır. Ölkəmizin ilk Avropa Oyunlarına hazırlığı müxtəlif səviyyələrdə təqdir olunur, alqışlanır. Hələ ki konkret standartları olmayan mötəbər idman tədbirinə belə yüksək təşkilatçılıqla hazırlaşmaq, infrastrukturdan tutmuş texniki məsələlərə, viza rejiminə qədər bütün hazırlıqları yüksək səviyyədə həyata keçirmək təkcə layiqli təşkilatçılığın yox, həm də həqiqi vətənpərvərliyin, Azərbaycan sevgisinin təcəssümüdür. Azı 7-8 illik hazırlıq prosesini Azərbaycan cəmi 2 il yarıma yekunlaşdırdı. Bəli, möhtərəm Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva I Avropa Oyunlarına hazırlığı yüksək vətənpərvərliklə, xalqa və dövlətə sonsuz sevgi hissi ilə həyata keçirdilər.

Qısa müddətdə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) yaradıldı, oyunlara hazırlıq işlərinə start verildi. Genişmiqyaslı hazırlıq prosesinə təcrübəli yerli və əcnəbi mütəxəssislər cəlb olundular. Yeni idman qurğuları inşa edildi, mövcud idman mərkəzləri əsaslı təmir edildi. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Vaterpol Arenası, Dağ Velosipedi Parkı, Bakı Atıcılıq Mərkəzi, Bakı Kristal Zalı, Heydər Əliyev adına İdman Arenası və digər idman obyektləri mötəbər yarış üçün tam hazırdır.

Biz bu mərasimə sadəcə, köhnə qitənin mühüm idman tədbiri kimi baxmamalıyıq. Bu, ilk növbədə, mühüm siyasi və iqtisadi əhəmiyyəti olan tədbirdir. Azərbaycan növbəti dəfə öz imkanlarını dünyaya təqdim edəcək, milli həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlverişli tribuna qazanacaq. Artıq bu proses başlayıb. Müxtəlif ölkələrdən gəlmiş qonaqlar, nüfuzlu kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri ölkəmizdəki inkişaf və tərəqqini, demokratikləşmə sahəsində əldə etdiyimiz uğurları səmimi etiraf edirlər.

Sabah - iyunun 12-də start götürəcək möhtəşəm idman tədbiri Azərbaycan xalqının zəngin mədəniyyətinin, incəsənətinin, musiqisinin, mətbəx nümunələrinin dünya miqyasında təbliği baxımından əvəzsiz imkanlar açır. Avropa bir daha xalqımızın nəcibliyinin, qonaqpərvərliyinin, isti münasibətinin şahidi olacaq. Ölkəmizin turizm potensialı daha da möhkəmlənəcək. Mindən artıq əcnəbi jurnalist Azərbaycan haqqında obyektiv materiallar hazırlayacaq. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından da əhəmiyyətlidir.

Bir sözlə, bu əlamətdar idman tədbiri bizim üçün ciddi sınaqdır. Xüsusən də turistlərin çoxluq təşkil edəcəyi bir zamanda hər kəs azərbaycanlı kimi əxz etdiyi sağlam dəyərləri, adət-ənənələri unutmamalıdır. Ağsaqqallar şurasının sədri kimi gənclərlə görüşlərim zamanı onlara zəruri tövsiyələrimi verir, onlara ölkə rəhbərinin gözləntilərini çatdırıram. Məhz gənclər - Avropa Oyunları könüllüləri ölkəmizin əcnəbilərə lazımi səviyyədə təqdimatında mühüm mövqeyə malikdirlər. Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl Avropa Oyunları könüllüləri ilə səmimi görüşü də təsadüfi deyildi. Bu, gəncliyə verilən mühüm mesaj idi. Bəli, gənclərimiz də Azərbaycanı layiqincə təmsil etməli, ölkəmizin nüfuzunun yüksəlməsinə sanballı töhfələrini verməlidirlər.

Əlamətdar idman tədbirinin yüksək səviyyədə keçəcəyinə qəti əminliyimiz var. Çünki ilk Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinə Mehriban xanım Əliyeva kimi yüksək təşkilatçı və vətənpərvər rəhbərlik edir. Azərbaycan Prezidenti İlham Əliyevin ciddi dəstəyi, uğurlu təşəbbüsləri, Mehriban xanım Əliyevanın novator idarəçilik keyfiyyətləri sayəsində Azərbaycan ilk Avropa Oyunlarının standartlarını artıq müəyyənləşdirir. Bu standartlar əsasında müxtəlif ölkələr gələcəkdə ikinci, üçüncü, dördüncü Avropa Oyunlarını keçirəcəklər.

Yunanıstan ilk Olimpiya Oyunlarının vətəni sayıldığı kimi, Azərbaycan da ilk Avropa Oyunlarının vətəni kim tarixdə qalacaq!

Olimpiya Oyunlarının məşəli Yunanıstandan, Avropa Oyunlarının məşəli Azərbaycandan alovlanacaq!

Qoy, ocağımız, məşəlimiz heç zaman sönməsin!

Qurtuluşumuzun 22-ci ildönümü ərəfəsində bu, ən böyük diləyimizdir...

 

Fəttah HEYDƏROV,

Milli Məclisin deputatı,

Azərbaycan Ağsaqqallar Şurasının sədri

 

Azərbaycan. - 2015.- 11 iyun.- S.6.