I Avropa Oyunları Heydər
Əliyevin inkişaf strategiyasının alternativsizliyinin növbəti təsdiqidir
Tariximizin çətin və şərəfli mərhələsi kimi Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olması dövrünün sosial-iqtisadi xüsusiyyətlərinə nəzər salınması, bu dövrün çətinliklərinə öz dühası ilə qalib gələn ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin ətraflı təhlili ölkəmizin gələcək inkişaf perspektivlərinin təqdimatı baxımından mühüm əhəmiyyətə malikdir.
Ötən əsrin 90-cı illəri Azərbaycan xalqının ikinci dəfə müstəqillik əldə etməsi ilə yanaşı, ciddi sosial təhlükəsizlik problemləri ilə üzləşdiyi dövr kimi də xarakterizə olunur. Bu dövrdə ölkəmizin sosial-siyasi və sosial-iqtisadi həyatının bütün sahələrində genişlənən sosial təhlükə mənbələri əhalinin müxtəlif təbəqələrində çarəsizlik əhvali-ruhiyyəsini şərtləndirmiş, bütün müstəvilərdə böhranı dərinləşdirmişdi. Digər tərəfdən həmin dövrdə Azərbaycanda qeyd olunan təhlükə mənbələrinin dərk edilməməsi və təhlükəsizlik təminatı sahəsində vahid dövlət siyasətinin müəyyənləşdirilməməsi vəziyyəti daha da ağırlaşdırmış, sosial təhlükə mənbələrini tam nəzarətdən çıxarmışdı.
Yalnız bu dövrdə xalqımızın tarixinə xilaskar kimi daxil olan ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həmin ciddi sosial təhlükələr aradan qaldırılmış, ölkənin müstəqilliyi ilə bağlı ümidlərin gerçəkləşdirilməsi yolunda məqsədyönlü fəaliyyətin başlanğıcı qoyulmuş və bu xətt davam etdirilmişdir.
Respublikamızın sosial-iqtisadi həyatını çətinləşdirən və bu mərhələdə tədbirlərin müvəffəqiyyətlə icrasına mane olan ən böyük problem Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində yaranmış vəziyyətlə bağlı olmuş, ərazilərimizin bir hissəsinin işğal edilməsi, vətəndaşlarımızın qaçqın düşməsi və çox ağır şəraitdə yaşaması ciddi sosial təhlükə kimi özünü göstərmişdir.
Müharibə ilə yanaşı, daxili qeyri-sabitlik, ardıcıl dövlət çevrilişi cəhdləri, terror, etnik separatizm Azərbaycanın müstəqilliyinə qlobal təhlükə kimi özünü büruzə verirdi. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, beynəlxalq aləmlə inteqrasiyanın gücləndirilməsi, ölkənin iqtisadi sərbəstliyinə xidmət edən hər bir addım dövlət çevrilişinə cəhd, terror, separatizm halları ilə üzləşirdi. Müstəqilliyin ilk illərində dünya ölkələri ilə zəruri əlaqələrin qurulmaması ölkənin tam təcrid olması ilə nəticələnmiş, Azərbaycan sosial-iqtisadi həyatın bütün sahələrində böhranla üzləşdiyi bir dövrdə nəinki beynəlxalq dəstək və yardımlardan məhrum olmuş, həmçinin məruz qaldığı təcavüz və işğalın dünya ictimaiyyətinə çatdırılması imkanlarını da itirmişdi. Həmin dövrdə dünyaya çıxış Azərbaycan üçün ən zəruri məsələ idi və ümummilli lider Heydər Əliyev əvvəlki hakimiyyətlərin yol verdiyi səhvlərin qısa zamanda aradan qaldırılması ilə yanaşı, əlaqələrin getdikcə yüksələn xətlə genişlənməsi strategiyasını önə çəkirdi.
Azərbaycanda mövcud olan və keçmiş sovet dönəmindən qalmış sosial müdafiə, o cümlədən pensiya sisteminin bazar iqtisadiyyatı ilə ciddi uyğunsuzluğu müşahidə olunur, bu uyğunsuzluq çoxsaylı problemləri meydana çıxarırdı. Əhalinin yoxsulluğu sürətlə dərinləşirdi. Bütün bunlar ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıtdığı 1993-cü il 15 iyun tarixinin ağır mənzərəsi idi.
“Ən əsas vəzifə Azərbaycanı müstəqil dövlət kimi yaşatmaqdır!” deyən Heydər Əliyev həmin dövrdə Azərbaycanı böhrandan çıxarılması üçün yorulmadan fəaliyyət, əsl qətiyyət göstərirdi. Ölkənin ağır böhran vəziyyətindən çıxmasının əsas strategiyası, bir neçə ay sonra, ümummilli lider Heydər Əliyevin 10 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti kimi andiçmə mərasimindəki nitqində belə ifadə olunurdu: “Bu yol çətin və ağır yoldur. On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik və çalışmalıyıq ki, bu potensial Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın.”
Həmin tarixi nitqdən bizi 22 ildən bir qədər az vaxt ayırır. Bu dövrdə sürətli mərhələlərin təsiri ilə formalaşmış Azərbaycanın inkişaf modelinin hazırkı nəticələri ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatların alternativsiz olduğunu bir daha təsdiqləyir.
Müstəqilliyinin ilk dövründən daha ekstremal sınaqlar və ciddi sosial təhdidlərlə üzləşməsinə baxmayaraq, qloballaşmanın diktə etdiyi yanaşma meyarları ilə milli reallıqlara əsaslanan baxışların uğurla əlaqələndirilməsini təmin edən Azərbaycan Respublikası digər postsovet ölkələri ilə müqayisədə daha sürətlə inkişaf etmiş, sosial-siyasi və sosial-iqtisadi sahədə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirərək, beynəlxalq sistemin vacib faktoruna, regionun aparıcı qüvvəsinə çevrilmişdir. Ölkəmiz ən məqbul inkişaf istiqaməti olaraq sərbəst bazar iqtisadiyyatı yolunda əhəmiyyətli irəliləyişlərə nail olunmuş, bununla belə bazar iqtisadiyyatının diktə etdiyi şərtlərin bəzi məqamlarda cəmiyyətin müəyyən təbəqələrinin sosial mənafeyinə qarşı yönəlməməsi üçün iqtisadi islahatlar qabaqlayıcı sosial tədbirlərlə tamamlanmış, inkişafın başlıca hədəfinin sosial rifahın gücləndirilməsi olması əsas strateji kurs seçilmişdir. Bunun nəticəsi kimi, Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr qrupunda qərarlaşmışdır. Ölkəmiz rəqabət qabiliyyətliliyinə görə MDB ölkələri arasında öz birinciliyini qoruyub saxlamaqdadır.
Azərbaycanın inkişaf konsepsiyasının mərkəzi həlqəsini sosial rifah təşkil edir və müstəqil dövlətçiliyimizdə bu xəttin əsası ulu öndərin ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illərdə qoyulmuşur. Bu uğurlu siyasətin əsas cəhətləri ölkəmiz qarşısında geniş imkanlar açmışdır.
Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında ölkəmizdəki sosial dövlət konsepsiyası öz əksini tapmış, Azərbaycan dövlətinin hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qaldığı ən yüksək səviyyədə bəyan edilmişdir. Bu baxımdan əsas qanunda təsbit edilmiş sosial normalar bazar münasibətləri əsasında formalaşan sosial yönümlü milli iqtisadiyyatın qurulmasını müəyyən edən fundamental normativ bazanın yaradılmasına səbəb olmuşdur.
İqtisadiyyatda aparılan islahatlar, xüsusilə dövlət mülkiyyətində olan müəssisə və təşkilatların özəlləşdirilməsi məşğul əhalinin dövlət və qeyri-dövlət sektoru üzrə bölüşdürülməsində əhəmiyyətli dəyişikliklərlə nəticələnmişdir. Belə ki, 1995-ci ildə dövlət sektorunda çalışanların xüsusi çəkisi iqtisadiyyatda məşğul olanların ümumi sayının 56,1 faizini təşkil edirdisə, 2003-cü ildə bu göstərici 31,5 faizə enmiş, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə bu dövrdə 1,6 dəfə artmışdı. Qeyri-dövlət sektorunda çalışanlar arasında 724,6 min nəfər sərbəst məşğul əhali qeydə alınmışdı ki, bu da ümumi iqtisadiyyatda çalışanların 19,3 faizini təşkil etmiş və 1995-ci il səviyyəsindən 20,5 faiz çox olmuşdur.
Bütün bunlar isə əhalinin həyat səviyyəsinin ümumiləşdirici göstəricisi olan əhalinin pul gəlirlərinə müsbət təsir edirdi. 1991-1994-cü illərdə bu göstərici real ifadədə 3,6 dəfə aşağı düşmüşdü. Həmin illər ərzində respublika əhalisinin adambaşına pul gəlirləri hər il orta hesabla 1,4 dəfə azalırdı. İnflyasiyanın günbəgün çox sürətlə artması və əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsi müşahidə olunurdu. Əhalinin gəlirlərində böyük xüsusi çəkisi olan əməkhaqqının artması bu dövrdə pulun qiymətdən düşməsi ilə ayaqlaşa bilməmiş və 1991-ci ildən başlayaraq dörd il ərzində əhalinin əməkhaqqı üzrə əldə etdiyi gəlirinin səviyyəsi 8,2 dəfə aşağı düşmüşdü. 1995-ci ildən başlayaraq özəl sektorun və sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülmüş ardıcıl işlər nəticəsində əhalinin gəlirlərinin, o cümlədən bu gəlirlərin strukturunda sahibkarlıq fəaliyyətindən daxilolmaların xüsusi çəkisi artmağa başladı. 1995-2003-cü illərdə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 6 dəfədən çox artdı.
Qeyd olunanlar əhalinin sosial rifahının yaxşılaşdırılmasının Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin başlıca məqsədi səviyyəsinə qaldırılmasına imkan vermişdir. Məhz bu səbəbdən də digər dövlətlərdən fərqli olaraq Azərbaycanda müstəqilliyimizin ilk illərindən başlayaraq, ümummilli lider Heydər Əliyevin müdrik yanaşması nəticəsində ölkə əhalisinin aztəminatlı təbəqəsi bazar iqtisadiyyatına keçid dövrünün təsirlərini kəskin hiss etməmiş, əhalinin sosial müdafiəsi üzrə proqram-məqsədlər uğurla reallaşdırılmışdır. Bu siyasət çərçivəsində 1995-ci il fevralın 1-dən əməyin ödənilməsinin minimum məbləği təqribən 40 faiz qaldırılmış, təqaüd və müavinətlərin məbləğlərinin əməyin ödənilməsinin yeni minimum məbləğinə uyğun artırılması aparılmışdır. 1995-ci ilin may ayında 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının, müharibə illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşlara minimum əməkhaqqının 5-10 misli həcmində birdəfəlik, 1-2 misli həcmində pensiyaya əlavə şəklində aylıq müavinətlər təyin olunmuşdur.
1996-cı ilin may ayında sosial müavinətlərin əməyin minimum məbləği əsasında müəyyən edilməsi qaydasının ləğv edilməsini nəzərə alaraq, əhalinin aztəminatlı təbəqəsinə ödənilən müavinətlərin artırılması məqsədilə “Aztəminatlı ailələrə verilən müavinətlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı imzalanmışdır. Ölkədəki iqtisadi inkişafın artımı tendensiyası nəticəsində artıq 1996-cı ildən etibarən əhalinin həyat səviyyəsinin yüksəldilməsi, habelə vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində atılan ciddi addımların müsbət təsiri əhəmiyyətli şəkildə hiss olunmağa başlamış, 1996-cı ildə respublikamızda pensiya və müavinətlər ümumən 50 faiz artırılmışdır.
Bunun davamı olaraq ölkə başçısının imzaladığı fərman və sərəncamlarla 1997-ci ilin avqust ayında ölkə üzrə pensiyaçıların yarıdan çoxunun pensiyasının məbləği 2,2 dəfə qaldırılmış, eləcə də əlillərin, tənha və ahıl vətəndaşların və sosial pensiyaçıların pensiyalarına əlavə müavinətlər müəyyən edilmiş, 1998-ci ilin avqust ayından şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiyalarının məbləği 2 dəfədən çox artırılmışdır. 2000-ci ilin yanvarın 1-dən minimum pensiya məbləğinə əhəmiyyətli artım edilmiş və həmin ilin noyabr ayından sosial pensiyaçıların pensiyalarına əlavə olaraq aylıq müavinət təyin olunmuş, 2001-ci il yanvarın 1-dən isə 20 Yanvar əlillərinin və Azərbaycan Respublikasının bütövlüyü uğrunda əlil olanların pensiyalarına hesablanan aylıq müavinətlər orta hesabla 1,5 dəfə, aztəminatlı ailələrə uşaq doğularkən verilən birdəfəlik müavinət 1,4 dəfə, dəfn üçün müavinət 1,5 dəfə, üç uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinət orta hesabla 1,8 dəfə artırılmışdır. 2003-cü ilin avqustundan işləməyən əmək pensiyaçılarının pensiya və müavinətlərinin ümumi məbləğinin minimum həddi 40 faiz artırılmışdır.
Bu proseslərdə nəzərəçarpacaq xüsusi bir məqam əməkhaqlarının, pensiya və müavinətlərin artımı sahəsində həyata keçirilən tədbirlərin digər islahat istiqamətləri ilə uzlaşdırılması, heç bir tələsikliyə yol verilməməsi olmuşdur. Əgər MDB məkanına daxil olan bir sıra dövlətlərdə pensiyaların artımı sahəsində tələsik addımlar bu ölkələri maliyyə böhranı və inflyasiya ilə üzləşdirmişdisə, Azərbaycandakı ehtiyatlı və düşünülmüş addımlar belə neqativ halların qarşısını almaq baxımından uğurla nəticələnirdi.
Həmin dövrdə əldə olunan etibarlı iqtisadi baza sosial sahədə köklü islahatlara başlanmasını da şərtləndirmiş və Azərbaycanda aparılan sosial islahatlar mühüm cəhətləri ilə fərqlənmişdir.
Bütün bazar iqtisadiyyatı ölkələrində sosial müdafiə sistemlərinin yenidən qurulması üçün başlıca prinsiplərin hansı mexanizmlər əsasında gerçəkləşdirilməsi məsələsi əsas müzakirə obyekti kimi daim diqqəti cəlb edir. Çünki bu ölkələrin iqtisadi siyasətində başlıca istiqamət geniş əhali qruplarının gəlir gətirən fəaliyyətlə məşğul olmaq imkanının təmin edilməsi olduğu halda, sosial siyasətdə əsas məqsəd sosial tədbirlər vasitəsilə gəlirlərin yenidən bölgüsünün ədalətli şəkildə aparılmasının təmin edilməsidir. Əgər birinci istiqamət iqtisadiyyatda struktur dəyişikliklərinin aparılmasını, qeyri-neft sektorunun və regionların iqtisadi inkişafını təmin etməklə özəl sektorun daha da həvəsləndirilməsini nəzərdə tutursa, ikinci istiqamət geniş və iqtisadi baxımdan səmərəli sosial müdafiə sisteminin yaradılmasını tələb edir. Bütün bunlar isə daim sosial siyasətin yeni yanaşmalarla həyata keçirilməsi yollarının axtarılması zərurətini doğurur. Bu baxımdan beynəlxalq standartları və hüquq normalarını əsas götürsək, sosial müdafiənin aşağıdakı əsas vasitələrdən istifadə olunmaqla həyata keçirildiyi aydın olur: - bazar iqtisadiyyatı imkanlarının əhalinin sosial müdafiəsinə yonəldilməsi mexanizmi olan sosial sığortalanma vasitəsilə təminat; - sosial sığortalanma vasitəsilə təminat sistemi ilə əhatə olunmayanların dövlət subsidiyaları hesabına sosial müdafiəsi.
MDB-nin bəzi ölkələrinin təcrübəsi göstərir ki, dərindən tədqiq edilmədən və kompleks yanaşma olmadan müstəqil və paralel inkişaf edən sığorta-pensiya və sosial yardım sistemlərinin deyil, sosial müdafiənin bütün aspektlərini ifadə edən ümumi sistemin əsas mexanizm kimi seçilməsi yolu ilə sosial müdafiənin qismən dəyişdirilməsi cəhdləri bir sıra hallarda vətəndaşların sosial vəziyyətinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə, dünyada qəbul edilən normaların, o cümlədən Beynəlxalq Əmək Təşkilatının konvensiya və tövsiyələrindəki bir çox qaydaların pozulmasına gətirib çıxarmışdır. Başqa sözlə, gələcəkdə bazar iqtisadiyyatı reallıqlarına cavab verən çevik mexanizmlər əvəzinə, daha çox, keçid dövrünün problemlərini qarşılamaq məqsədi daşıyan sistemlərin yaradılması zaman keçdikcə öz səmərəsini itirmək təhlükəsi ilə üzləşmişdir.
Azərbaycan təcrübəsində isə ümummilli lider Heydər Əliyev tərəfindən bu məsələlərin hər birinə ayrı-ayrılıqda real yanaşma ortaya qoyulmuşdur. Yəni keçid dövrünün problemləri etiraf edilərək, ilkin dövrdə onların qarşılanması üçün çox çətinliklə başa gəlsə belə, əvvəlki həmrəylik və dövlət təminatı sistemlərinə əsaslanmaq taktikası seçilmişdir. Buna paralel olaraq sosial müdafiə sisteminin yeni şəraitə uyğun qurulması üçün etibarlı iqtisadi baza yaradılması və yalnız bundan sonra beynəlxalq standartlara cavab verən zəruri dəyişikliklərə başlanılması müəyyənləşdirilmişdir. Qeyd olunanlar sosial sığorta və sosial yardım məsələlərinə mahiyyətinə uyğun yanaşmaqla müasir tələblərə tam cavab verən sistemlərin formalaşdırılmasına imkan vermişdir. Bu məqsədlə aparılan islahatlarda sığorta-pensiya sistemi və dövlət sosial yardımı sisteminin bir-birindən tam ayrılmaqla beynəlxalq standartlar əsasında fəaliyyət göstərməsi əsas strategiya kimi seçilmişdir.
Ölkəmizdə qeyd olunan istiqamətdə köklü dəyişikliklərə 2001-ci ilin iyul ayından etibarən Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyasının icrası ilə başlanılmışdır. Konsepsiya islahatın mahiyyətini təşkil edən sığorta-pensiya və sosial yardım sistemlərinin bir-birindən ayrılmasını, sığorta münasibətlərinə əsaslanan pensiya sisteminin qurulmasını ifadə edirdi. Bu dəyişikliklərin başlıca elementi sosial sığorta haqlarının fərdi uçotuna əsaslanan avtomatlaşdırılmış sığorta-pensiya sisteminin yaradılması və ödənilən məcburi dövlət sosial sığorta haqları ilə pensiya məbləğlərinin əlaqələndirilməsinin təmin edilməsi idi.
Ümummilli liderin Pensiya İslahatı Konsepsiyası Azərbaycanın müasir və beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelini ortaya qoymuşdur. İslahat pensiyaçıların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə pensiya təminatı sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması və onun rolunun artırılması, pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin yüksəldilməsi, sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması kimi mühüm problemlərin həllinə yönəldilmişdi. Qeyd olunan məqsədlərə çatmaq və qarşıda duran problemləri həll etmək üçün pensiya sisteminin idarə olunması üzrə prinsipial tələblər, pensiya islahatının həyata keçirilməsi mərhələləri böyük öndər tərəfindən dəqiq müəyyən olunmuşdur.
Hazırda ölkəmizin müasir əsaslı sığorta-pensiya sistemi məhz həmin prinsiplər əsasında fəaliyyət göstərir və sistemin əsas məzmununu sığortaolunanlar üçün ödənilən sığorta haqlarının fərdi uçotunun qurularaq vətəndaşların pensiya təminatının bu uçotun məlumatlarına əsasən aparılması təşkil edir. Qeyd edilən model sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi də xarakterizə olunur.
Ötən dövrdə Azərbaycanda ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplər əsasında sığorta-pensiya sistemində davam etdirilən islahatlarla əldə olunan nailiyyətlər sosial dövlət quruculuğunun uğurla reallaşdırılmasına əhəmiyyətli töhfə vermişdir. Respublikamızın həyatının bütün sahələrində olduğu kimi, sosial sahədə də ümummilli liderin müəyyənləşdirdiyi əsas strategiya və prinsiplər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli islahatlarla uğurla reallaşdırılır. Ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun gerçəkləşdirilən islahatlar nəticəsində iqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılmasının daimi olaraq diqqət mərkəzində saxlanılması vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsini təmin etməkdədir. Bu gün ölkəmizdə müasir çağırışlara çevik reaksiya verən sığorta-pensiya sisteminin formalaşdırılması ilə beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunmuşdur.
Bu nailiyyətlərdən birincisi, ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsinin təmin edilməsidir. Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulmuşdur ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir. Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına son 10 il ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 6,3 dəfə artmışdır. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlmiş, 2003-cü ildə 3,9 faiz təşkil etdiyi halda, 2014-cü ildə 4,6 faizə çatmışdır.
Sığorta-pensiya islahatları ilə əldə olunmuş ikinci əsas nailiyyət dünya ölkələri hökumətlərinin gündəliyində olan çox mühüm bir problemin - qlobal yaşlanma fonunda dəyişən demoqrafik tendensiyaların pensiya sisteminə təsirinin uğurla tənzimlənməsidir. Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 3 milyondan çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul edilmiş düzgün preventiv qərarlar sistemin maliyyə dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin etmişdir.
Üçüncüsü və ən əsası isə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi ilə pensiya islahatlarının eyni vaxtda aparılması siyasəti nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunması və onların yoxsulluq probleminin əsaslı şəkildə öz həllini tapmasıdır. Ölkədə yoxsulluq probleminin aradan qaldırılmasının mühüm vasitələrindən biri kimi pensiyaların davamlı artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. 2003-cü illə müqayisədə əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artmışdır. Yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 44 faizə çatdırılmışdır.
Bütün bunlarla yanaşı, Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir.
Qlobal çağırışların pensiya sistemləri qarşısına qoyduğu mühüm vəzifələr, eləcə də beynəlxalq təcrübədə iqtisadi inkişaf səviyyəsinə görə ayrı-ayrı ölkələrin pensiya sistemləri üzrə daha yüksək sosial hədəflərin həmin inkişafın yaratdığı bütün imkanlar cəlb olunmaqla əldə edildiyi nəzərə alınarsa, Azərbaycanda növbəti mərhələdə pensiya islahatlarının başlıca hədəfləri kimi:
birinci, şərti yığıma əsaslanan bölüşdürücü-həmrəylik sistemində uzunmüddətli dövr üçün maliyyə dayanıqlığına və sosial sığorta prinsiplərinin tam təşəkkül tapmasına nail olunması;
ikinci, vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılması gündəmə gəlir.
Ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda müəyyən olunub. Konsepsiyada nəzərdə tutulmuş islahatların əsas məqsədini yaranmış yeni sosial-iqtisadi şəraitə uyğun olaraq pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığına nail olunması, pensiya təminatının vətəndaşların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməsi təşkil edir. Bunlara nail olmaq üçün pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması ilə yanaşı, əlavə pensiya təminatı imkanlarının yaradılması məqsədilə könüllü sosial sığortanın tətbiqi də islahatın əsas vəzifələri kimi çıxış edir.
Bu gün Azərbaycan ilk Avropa Oyunları ərəfəsindədir. Hər bir azərbaycanlı Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf edən Azərbaycanın belə böyük uğura imza atmasından qürur duyur, ölkəmizin tərəqqi və sabitlik göstəricisinin beynəlxalq miqyasda təsdiqinə, xalqımızın ümummilli liderinin “Azad, sərbəst demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir” arzusunun möhtərəm Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində tam reallığa çevrilməsinə şahidlik edir. I Avropa Oyunları bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir, həmçinin Heydər Əliyevin idman siyasətinin təntənəsidir.
Artıq Azərbaycan ilk Avropa Oyunlarının
keçirilməsinə tam hazırdır
və cəmi iki il ərzində
bu Oyunların Olimpiya
Oyunları səviyyəsində təşkili üçün
bütün işlər uğurla
yekunlaşdırılıb. Ölkəmizin Avropa
Oyunları kimi möhtəşəm idman yarışına evsahibliyi
etmək hüququnu qazanması və
dəyərlərimizin Olimpiya məşəli
işığında bütün dünyaya çatdırılması Azərbaycanın
sosial-iqtisadi və mədəni inkişaf yolu ilə inamla irəliləməsinin, dünya
arenasında nüfuzunun nümayişidir.
Elman MEHDİYEV,
Dövlət Sosial Müdafiə Fondunun
sədri
Azərbaycan. - 2015.- 11 iyun.- S.7.