“Şöhrət” ordenli Olimpiya çempionu Elnur MƏMMƏDLİ: “Azərbaycan Avropa idmanının paytaxtına, dünya idmanının isə güclü mərkəzinə çevrilib”

 

Avropa Oyunlarının başlanmasına az qalıb. Artıq hər kəs səbirsizliklə “Bakı-2015”in möhtəşəm açılış mərasimini gözləyir. Modern idman kompleksləri, dünya standartlarına cavab verən arenalarımız yarışlara tam hazırdır. Qitənin diqqəti Azərbaycana yönəlib.

Ölkə ictimaiyyətinin gözləntisi isə Olimpiya Oyunlarından, dünya və Avropa çempionatlarından Vətənə medallarla qayıdan idmançılarımızın qələbəsinədir. Hər kəs Azərbaycan atletlərindən uğurlu çıxışlar və medallar gözləyir. İdmançılarımız isə Avropa Oyunlarında tarix yazacaq Azərbaycanın adını daha da yüksəklərə qaldıracaqlarına söz verirlər. İdman federasiyaları rəhbərləri, məşqçilər də hesab edirlər ki, çəkilən əziyyət boşa çıxmayacaq və Azərbaycan idmançıları “Bakı-2015”də layiqli nəticələrlə “Rio-de-Janeyro-2016” Yay Olimpiya Oyunlarına vəsiqələr qazanacaqlar.

Belə düşünənlərdən biri də Olimpiya çempionu, dünya çempionatının mükafatçısı, ikiqat Avropa çempionu Elnur Məmmədlidir. Hazırda Cüdo Federasiyasının vitse-prezidenti kimi fəaliyyət göstərən Elnur Məmmədli bildirdi ki, əvvəllər iştirak etdiyi yarışlarda tək öz məsuliyyətini dərk edirdisə, indi milli komandanın bütün üzvlərinin məsuliyyətini daşıyır. Ona görə də vəzifə borcunu layiqincə yerinə yetirmək üçün əlindən gələni əsirgəmir.

Öncə qısa xatırlatma edək: Elnur Çingiz oğlu Məmmədli 1988-ci ildə Bakı şəhərində anadan olub. O, cüdo idman növündə qazandığı bir çox uğurlarla adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb. Hələ 9 yaşında idmana başlayarkən ən böyük arzusundan biri Olimpiya çempionu titulunu qazanmaq olub. Bu həvəs illər keçdikcə onun idmana marağını daha da artırıb. 17 yaşında olarkən 2006-cı ildə cüdo üzrə Avropa çempionu, 2007-ci ildə dünya çempionatının gümüş mükafatçısı olub. 2011-ci ilin yanvarında Bakıda keçirilən lisenziya xarakterli “World Masters” turnirinin qalibi olub. 81 kq çəki dərəcəsində güləşən E.Məmmədli həlledici görüşdə Leandro Quylheyro (Braziliya) üzərində ipponla qələbə qazanıb. 2011-ci ilin aprel ayında İstanbulda keçirilən Avropa çempionatında 81 kq çəki dərəcəsində ikiqat Avropa çempionu tituluna yiyələnib.

E.Məmmədlinin karyerasının zirvə yarışı isə şübhəsiz ki, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarıdır. 19 yaşında Olimpiya Oyunlarına yollanan Elnur 44 nəfərdən ibarət Azərbaycan Olimpiya yığmasına qızıl medalı qazandırıb. Bu həm də müstəqil Azərbaycan Respublikasının Olimpiya Oyunlarında cüdo üzrə ilk qızıl medalı olub. Qeyd edək ki, “Pekin-2008”də Elnurun çəkisində (73 kq) 33 idmançı mübarizə aparıb. Azərbaycan cüdoçusu keçirdiyi bütün görüşlərdə qalib gələrək finala yüksəlib. Finalda isə 13 saniyəyə Olimpiya çempionu olub. Bu tituldan sonra Avropa Cüdo Şurası Elnur Məmmədlini 2008-ci ilin ən güclü cüdoçusu adına layiq görüb.

Dünya şöhrətli cüdoçunun beynəlxalq arenada qazandığı nailiyyətlər dövlət tərəfindən yüksək qiymətləndirilib. Elnur Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub, Prezident təqaüdünə layiq görülüb.

“Pekin-2008” idmançımızın xatirələrində başqa silinməz izlər də qoydu. Unudulmaz təəssüratlar, hər zaman xatırlanan xoş dəqiqələr yada düşəndə Elnur fəxr hissi keçirir. Onların bir neçəsini də bizimlə bölüşdü: “2008-ci ildə Olimpiya çempionluğu karyeramın ən yüksək zirvəsi oldu. Heç yadımdan çıxmaz, Prezident İlham Əliyev Pekində Atletlər kəndinə gəlmişdi. Vitse-prezident Çingiz Hüseynzadədən hansı idmançılarımıza daha çox güvəndiyini soruşdu. Çingiz müəllim bir-bir uşaqların adlarını çəkdi və məni də göstərdi. Dövlət başçısı məndən nə vaxt yarışacağımı soruşdu. Dedim avqustun 11-də yarışacam. Prezident yarışımı izləyəcəyini söylədi. Yarış günü tatamiyə çıxanda gördüm ki, Azərbaycan bayrağı dalğalanır və onu dalğalandıran da Prezidentdir. Həmin an qürur duydum və bu hadisə mənə əlavə stimul verdi. Keçirdiyim görüşlərdə böyük həvəs, istəklə mübarizə aparırdım. Çempion olanda ikiqat xoşbəxtlik yaşadım. Çempionluq zirvəsinə yüksələndə cənab Prezidentin mənə “kişi adamsan” deyib qucaqlayaraq öpməyi həyatımın unudulmaz anlarıdır. Heç vaxt həmin an keçirdiyim hissləri unuda bilmərəm. Digər ən vacib məqam, unudulmaz xatirəm isə Vətənə dönərkən “Pekin-2008”in gümüş mükafatçısı, güləşçimiz Rövşən Bayramovla birgə cənab Prezidentlə eyni təyyarədə gəlməyimizdir”.

Müstəqil Azərbaycanın cüdo üzrə ilk Olimpiya çempionu deyir ki, 1992-ci ildən 2008-ci ilə qədər ölkəmizin cüdo üzrə Olimpiya çempionu olmayıb. Ancaq ilk Avropa Oyunlarında Azərbaycan cüdoçuları böyük uğurlara imza ata bilərlər.

“Şöhrət” ordenli Olimpiya çempionu indi daha ağır məsuliyyət daşıdığını da söyləyir. Əvvəllər tatami üzərinə çıxarkən o, idmançı kimi yalnız öz məsuliyyətini dərk edirdisə, indi bütün yığmanın üzvlərinin məsuliyyəti üzərindədir: “Öncə qeyd edim ki, uzun illər müxtəlif beynəlxalq turnirlərdə, Avropa və dünya çempionatlarında iştirak edən idmançılarımız, o cümlədən mən özüm belə möhtəşəm bir idman tədbirinin öz doğma Vətənimizdə keçirilməsini çox arzu etmişdik. Bu gün bu, reallaşıb və tam ürəklə deyə bilərik ki, arzumuza çatmışıq. Təbii ki, insan arzusuna çatanda xoşbəxt olur. Bu baxımdan bunu hər bir azərbaycanlı idmançının xoşbəxtliyi kimi dəyərləndirirəm. Həm də bu, Azərbaycan dövlətinin, Azərbaycan xalqının qələbəsidir. Bu xoşbəxtliyi bizlərə bəxş etdiyinə görə Prezident İlham Əliyevə və I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarıq. Bu gün bu həqiqəti heç kəs dana bilməz: Azərbaycan Avropa idmanının paytaxtına, dünya idmanının isə güclü mərkəzinə çevrilib”.

Olimpiya çempionu hesab edir ki, Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi idmanımızın qələbəsi və unudulmayacaq bir tarixidir. Olimpiya Oyunları da tarixə qızıl hərflərlə yazılıb. İlk dəfə Yunanıstanda keçirilən Olimpiya Oyunları illər keçdikcə dünyanın əksər ölkələrində təşkil olunub. Ancaq bu gün də ilk Olimpiya Oyunlarının vətəni kimi Yunanıstan tanınır və hər kəs bu oyunlar haqqında danışanda Yunanıstan yada düşür, xatırlanır. Avropa Oyunları haqqında da eyni fikirlər deyiləcək. Neçə il ötsə də, heç kim bu tarixi faktı dəyişə bilməyəcək və ölkəmizin adı həmişə Avropa Oyunları ilə bərabər çəkiləcək....

Elnurun sözlərinə görə, müstəqil Azərbaycanda idmana dövlət qayğısı olmasaydı, indi idman sahəsində geridə qalmış ölkələr sırasında idik. Ancaq ulu öndər Heydər Əliyevin idmana göstərdiyi xüsusi qayğı, gənc nəslin mənəvi və psixoloji cəhətdən, eyni zamanda, fiziki baxımdan sağlamlığının hərtərəfli təminatı Azərbaycan gəncliyinin formalaşması ilə bərabər, idmanımızın da təməl prinsiplərini müəyyən etdi. Bu idman siyasəti Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi və bu gün də davam edir: “Dövlət qayğısı nəticəsində Azərbaycanda idman kütləviləşdi və ənənəvi peşəyə çevrildi. Bu gün istər paytaxtımızda, istərsə də bölgələrimizdə yeni-yeni idman qurğuları, müasir idman kompleksləri gənclərin ixtiyarındadır. Diqqət edəndə görürsən ki, çempionlarımızın bir çoxu bölgələrdə yetişən idmançılardır. Artıq bu idmançılar Azərbaycanda qələbə qazandıqdan sonra beynəlxalq turnirlərdə öz güclərini sınayır, sözlərini deyirlər. Onlar Azərbaycan bayrağını daim uca zirvələrdə dalğalandırırlar. Elə bunun nəticəsidir ki, Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır, beynəlxalq idman yarışlarının ən etibarlı ünvanına çevrilib. Astanasında olduğumuz idman təntənəsi deyilənləri bir daha təsdiq edir”.

Avropa Oyunları isə Azərbaycanı bir daha dünya ictimaiyyətinə nümunəvi ölkə kimi təqdim edəcək və ayrı-ayrı ölkələr dövlətin idmana qayğısının hansı formada həyata keçirildiyinin şahidi olub nümunə götürəcəklər. E.Məmmədli deyir ki, Avropada tanınmış idmançılar, idman ictimaiyyəti bütün diqqətini “Bakı-2015”ə yönəldib. Bu yaxınlarda iştirak etdiyi idman tədbirində bunun əyani şahidi də olub: “Onu deyim ki, dünyanın hər tərəfində Avropa Oyunlarından, ölkəmizin nailiyyətlərindən söz açırlar. Bu yaxınlarda xarici ölkələrin birində idman yarışmasında idim. Bir daha şahid oldum ki, bütün dünya Azərbaycanda keçiriləcək Avropa Oyunlarından danışır, bizdən daha ətraflı məlumatlar almağa çalışırlar. İdmançılarımızın uğurlarından, qısa müddətdə Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə təşkilindən söz açanlar heyrətlərini gizlədə bilmirlər. Əlbəttə, bu an keçirdiyimiz qürur hissini heç nəyə dəyişmək olmaz!”

Elnurun firkincə, Avropa Oyunlarında Azərbaycan idmançılarının üzərinə də böyük məsuliyyət düşür. Səbəb isə odur ki, idmançılarımızın gücü, iradəsi və əzmkarlığı əcnəbi çempionlara yaxşı məlumdur. İstər cüdo, istərsə də digər idman növlərində çıxış edənlərin Azərbaycan idmançısını özlərinə ciddi rəqib görəcəklər. Hətta beynəlxalq yarışlarda dəfələrlə bunun şahidi də olub. Yarışdan öncə əcnəbi idmançılarla söhbətləşəndə, idmançılarımızın görüşəcəyi rəqiblərlə fikir mübadiləsi aparanda açıq etiraf edirlər ki, kim olur-olsun, Azərbaycan idmançısı ilə üz-üzə gəlməyək. Təbii ki, bunu deyən rəqib qalib olmaq arzusundadır və öz etirafı ilə azərbaycanlıların güclü olduğunu təsdiq edir.

Bəli, bu faktlar bir daha göstərir ki, dövlətimizin digər sahələrdə olduğu kimi, idman sahəsində də apardığı ardıcıl islahatlar, idmançılara göstərilən xüsusi diqqət ölkəmizi idman diyarı kimi tanıdıb. Çempionlarımızın adları, uğurları və onların gücü artıq hər kəsə məlumdur. Əgər müstəqilliyimizin bərpasına qədər Azərbaycan idmançıları başqa ölkələrin bayraqları altında yarışırdılarsa, indi tam əksinədir. Elnur Məmmədli deyir ki, bu gün dünyanın tanınmış idmançıları Azərbaycan komandasının tərkibində, Azərbaycan bayrağı altında çıxış etməyə çalışırlar: “Hətta dəfələrlə mənə deyiblər ki, biz sizin komandanın tərkibində yarışmaq istəyirik, ora necə keçə bilərik!? Sözsüz ki, bunun başlıca səbəbi güclü olmağımız və gücümüzün hər kəsə məlum olmasıdır. Digər tərəfdən də ölkəmizdə idmançıların hərtərəfli qayğı ilə əhatə olunması da belə idmançıların diqətini cəlb edir”.

Olimpiya çempionu sonda bildirdi ki, hər bir Azərbaycan idmançısı Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əmindir. Oyunlara hazırlığın çox yüksək səviyyədə təşkil olunması bu yarışmanın sanbalından xəbər verir: “Digər dunya turnirlərində olduğu kimi, bu yarışdan da bol-bol qələbə, çoxlu qızıl medallar gözləyirik. İnşallah, Prezident İlham Əliyev və xanımı, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva başda olmaqla bütün xalqımız və biz idmançılar bu qələbəni qeyd edəcəyik, sevincimizə sevinc qatacağıq...”

 

Rəşad BAXŞƏLİYEV,

Elnur HADIYEV,

 

Azərbaycan. - 2015.- 11 iyun.- S.8.