Məşəl Heydər Əliyev Mərkəzində
parladı
Aprelin 26-da Prezident İlham Əliyevin “Atəşgah”da yandırdığı ilk Avropa Oyunlarının məşəlinin paytaxt səyahəti davam edir. Avropa Oyunlarının yoluna işıq saçan, ölkəmizin 60 bölgəsini gəzib-dolaşan məşəl estafeti dünən Heydər Əliyev Mərkəzinin qarşısında davam etdirildi.
Qeyd edək ki, dünya memarlığının incilərindən sayılan Heydər Əliyev Mərkəzinin binası müasir Bakının rəmzlərindən biri hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2006-cı il tarixli sərəncamına əsasən yaradılan Heydər Əliyev Mərkəzi 2012-ci il mayın 10-da ümummilli liderin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilib.
Mərkəz dahi şəxsiyyətin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması, təbliği və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Möhtəşəm binanın layihəsində düz xətlərdən istifadə olunmayıb. Yerdən dalğavari şəkildə səmaya doğru yüksəlməsi, sonra isə süzülərək yenidən yerə qovuşması təkcə memarlığın postmodern tərzini deyil, eyni zamanda davamlılığı, sonsuzluğu təcəssüm etdirir. Binanın üzərindəki xətlər həm də keçmişlə gələcəyin bir-birinə bağlılığını yaradır. Mərkəzin əsas binası üç böyük hissədən ibarətdir: Heydər Əliyev Muzeyi, sərgi zalları və “Auditorium”. Binanın doqquz mərtəbəli hissəsində sərgi zalları, ofislər, həmçinin kafelər yerləşir. Dördmərtəbəli “Auditorium” hissəsində iki konfrans salonu, görüş otaqları və media mərkəzi yerləşir.
UNESCO-nun Mədəni İrs Siyahısına daxil olan qədim İçərişəhərdən sonra Heydər Əliyev Mərkəzinə gətirilən məşəli Azərbaycanın məşhur heykəltəraşı, xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov qəbul etdi. Xalq rəssamı məşəllə mərkəzə daxil oldu.
87 yaşlı məşəldarın necə sevinc, qürur hissi keçirdiyini üzündəki cizgilərdən asanlıqla oxumaq olurdu. Hətta öz xoş təəssüratlarını bizimlə bölüşərkən sevinc göz yaşlarını saxlaya bilmədi: “87 yaşım var. Bu yaşda Avropa Oyunlarının məşəldarı olmaq qürurvericidir. Həyatımda ilk dəfədir məşəl qəbul edirəm. Bu, mənim tərcüməyi-halım üçün də çox əhəmiyyətlidir.
Yaşım çox olsa da, məşəli məharətlə
daşımağın öhdəsindən gəldim və bununla fəxr edirəm. “Bakı-2015” I Avropa Oyunları dünya idman tarixində böyük bir hadisədir. Ona görə
də məşəli
qəbul edən şəxslərin hamısı
sevinc hissini yaşayır. Bu, bizim əhvalımızı
yüksəldir. Azərbaycan dövləti
tarixində ilk dəfə
belə böyük beynəlxalq idman bayramına evsahibliyi edir.
Amma onu da deyim ki,
narahat idim. Deyirdim birdən
nəfəs almağım
çətinləşər, yaxud xəstələnərəm.
Lakin hər şey normal oldu. Bu missiyanı
yerinə yetirdim və bununla fəxr edirəm”.
Günorta saatlarında isə məşəl Fəvvarələr
meydanı, Qış
və Filarmoniya parkı kimi şəhərin bir sıra yaraşıqlı
yerlərində və
müxtəlif məkanlarında
oldu. Gün ərzində
məşəl AMEA-nın
Nizami Gəncəvi adına Azərbaycan
Ədəbiyyatı Muzeyinə,
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına
və “YARAT” Müasir
İncəsənət Mərkəzinə
səyahət etdi.
Paytaxt əhalisində
xoş təəssüratlar
yaradan məşəl
Bakı Metropolitenində
də alovlandı. Yunan-Roma
güləşi üzrə
Avropa çempionu,
2008-ci il Pekin Olimpiadasının gümüş
medalçısı Vitali
Rəhimovun daşıdığı
məşəlin metro səfəri
“28 May” stansiyasından başlayıb
“İçərişəhər” stansiyasında başa çatdı. Sonda məşəl Funikulyor
vasitəsilə şəhərin
ən hündür yerlərindən biri olan Dağüstü Parka
aparıldı.
Xatırladaq ki, bu gün
məşəlin Bakı
səyahətinin sonuncu
günüdür. Bu gün alov “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin
baş ofisinə aparılacaq.
İyunun 12-də isə məşəl Bakı Olimpiya Stadionunda keçiriləcək
açılış mərasiminə
gətiriləcək.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan. - 2015.- 11 iyun.- S.10.