Avropa Oyunlarının Bakıda keçirilməsi həm tarixi uğur, həm də böyük nailiyyətdir

 

İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi hər birimizdə sonsuz qürur hissi doğurur. Bu möhtəşəm tədbirə dəstək vermək hamımız üçün əhəmiyyətli və şərəflidir. Azərbaycanın I Avropa Oyunlarına evsahibliyi etməsi ona göstərilən etimaddan xəbər verir.

İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin apardığı xarici siyasətin də uğurlu nəticəsidir. Ölkə başçısının sözlərilə ifadə etsək, biz bu Oyunları ən yüksək səviyyədə keçirəcəyik. Biz Avropa Oyunlarının standartlarını Azərbaycanda müəyyən edirikbu, ən yüksək standartlardır” - deyən ölkə başçısı bu Oyunların dövlətimizin gücünü, xalqımızın istedadını və idmançılarımızın peşəkarlığını göstərəcəyini xüsusi vurğuladı: “Əminəm ki, idmançılar bizi qələbələrlə sevindirəcəklər. Komandamızın tərkibində ölkəmizin ən güclü idmançıları var. Bütövlükdə, bütün xarici komandalarda da ən qabaqcıl idmançılar təmsil olunur”.

Görülən işlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Gələcəkdə Avropa Oyunlarının tarixi yazılarkən bu Oyunların əsasının Azərbaycanda qoyulduğu xüsusi vurğulanacaq. Bu da o deməkdir ki, respublikamız artıq Avropanın idman həyatının çox önəmli bir hadisəsinə evsahibliyi etmiş ölkə kimi tarixə düşəcək. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın əldə etdiyi nailiyyətlərlə bağlıdır.

Məşəl artıq Azərbaycanın bütün bölgələrini səyahət edib, Bakının milli mədəniyyət, idman obyektlərini gəzir. Məşəl paytaxtın müasir simvolu sayılan “Alov qüllələri”ndən alpinist Renat Rəhimxanov tərəfindən endirilərək İçərişəhərin küçə və meydanlarını dolaşaraq Qız qalasına gətirilib. Bakıda məşəl estafeti yüksək coşqu ilə qarşılanıb.

Azərbaycan idman dövlətidir. Bu tarixi qərarın qəbul edilməsində əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilib.

Azərbaycanın hərtərəfli inkişafı və onun regionda tutduğu lider mövqeyi ölkəmizin bütün sahələrdə uğurlara imza atmasına, dövlətimizin yürütdüyü düzgün siyasətin təntənəsinə çevrilir. Respublikada idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir.

I Avropa Oyunlarına sayılı günlər qalır. Ölkəmizdə bu Oyunları yüksək səviyyədə keçirmək üçün yaradılan şərait, qısa müddətdə görülən tədbirlər və reallaşdırılan layihələr sübut edir ki, beynəlxalq idman ailəsinin üzvü olan Azərbaycanda başlanılan bütün işlər vaxtında və keyfiyyətlə yerinə yetirilir. Bu isə növbəti Avropa Oyunlarının standartlarını təyin edən ölkəmizi yenidən dünyanın diqqət mərkəzinə çevirir.

 

Elmar QASIMOV,

Bakı Ali Neft Məktəbinin rektoru

 

Azərbaycan. - 2015.- 11 iyun.- S.10.