Dünya idmanı tarixində yeni səhifə
Artıq neçə vaxtdır ki, ilk Avropa Oyunları ilə bağlı respublikamızın hər yerində böyük bayram əhvali-ruhiyyəsi yaşanır. Bunun bir səbəbi də ilk dəfə onun ölkəmizdə keçirilməsidir. Adətən Olimpiya, dünya və qitə miqyaslı mötəbər idman yarışlarına evsahibliyi barədə qərar qəbul edilərkən həmin ölkədəki siyasi, ictimai, sosial, mədəni və digər sahələrdəki vəziyyət nəzərə alınır. Avropa Olimpiya Komitəsi də 2012-ci ilin dekabr ayında qərar qəbul edərkən bu amilləri nəzərə aldı.
Bu qərar həm də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, gələcəyə hesablanan idman siyasətinin, Prezident İlham Əliyevin qayğısı, hərtərəfli dəstəyi ilə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin nəticəsidir. Oyunların Bakıda keçirilməsi Prezident İlham Əliyevin Azərbaycanın tutduğu mövqeyə baxışını əks etdirir və ölkənin sağlam həyat tərzinin təbliğinə yönəldilmiş siyasətinin tərkib hissəsidir.
Digər tərəfdən Azərbaycan müstəqil ölkə kimi gənc olmasına baxmayaraq, bir çox beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi edərək bu sahədə böyük təcrübə qazanmışdır. Qürur doğuran daha bir fakt da məlumdur ki, ilk Olimpiya Oyunları Yunanıstanda keçirilib. Hər dəfə də belə Oyunlar keçiriləndə ilk olaraq Yunanıstan yada düşür. Başqa sözlə, Olimpiya Oyunlarının məşəli yarışların hansı ölkədə keçirilməsindən asılı olmayaraq Yunanıstandan alov götürür. Hər dörd ildən bir keçirilməsi nəzərdə tutulan Avropa Oyunlarının məşəli də həmişə Azərbaycandakı “Atəşgah”dan alov götürəcək.
“Bakı-2015” I Avropa Oyunlarına hazırlıq da yüksək səviyyədə başa çatıb. Oyunlara Təşkilat Komitəsi yarışların Olimpiya Oyunları səviyyəsində təşkili üçün səylərini əsirgəməyib. Bunun nəticəsidir ki, Bakıda keçiriləcək digər beynəlxalq tədbirlər üçün zəngin irs formalaşdırılıb. “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Sayman Kleqin sözləri ilə desək, I Avropa Oyunlarına hazırlığın uğurlu nəticəsi olaraq artıq Azərbaycan beynəlxalq idman tədbirlərini keçirmək üçün daha yaxşı mövqelərə çıxır. Bu mötəbər idman yarışları üçün görülən işlər göz qabağındadır. Bakı Olimpiya Stadionu, üzgüçülük hovuzu və digər müasir tikililər ən müasir texnologiyalarla təchiz edilib. Heyranedici, fantastik Bakı Olimpiya Stadionu yüksək səviyyədədir. Bu işdə Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın böyük əməyi var. Onu da qeyd etmək xoşdur ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dünyanın bir çox ölkəsində “Bakı-2015”in təqdimat mərasimi keçirilmişdir.
Bütün tamaşaçılar, o cümlədən yaşlı və fiziki qüsurlu şəxslər də Oyunların gedişini rahat izləyə biləcəklər. Çünki onların da nəqliyyatla təmin edilməsi, yarış meydanlarına gəlməsi, tribunalarda yerləşməsi üçün hər cür şərait yaradılıb. Avropa Oyunlarına hazırlıq dövründə Bakı bir sıra yüksək səviyyəli idman obyektləri ilə zənginləşib. Sosial infrastruktur, stadionlar, hovuzlar, idman sarayları heç də təkcə Avropa Oyunları üçün yaradılmayıb. Onlar gələcəkdə ölkəmizdə kütləvi idmanın inkişafına xidmət edəcək, 2017-ci ildə Bakıda İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi vaxt və digər iri beynəlxalq idman yarışları, həmçinin başqa tədbirlər zamanı da lazım olacaq. Təzə obyektlərdən birinin - Su İdmanı Sarayının adını çəkmək istəyirəm. İndi paytaxtın tarixi mərkəzindən buraya gələrkən bir çox görməli yerləri, məsələn, “Kristal Hall” konsert salonunu, rəsm qalereyalarını, dünyanın ən böyük bayraqlarından birinin ucaldığı Bayraq meydanını seyr etmək olar.
Hamı əmindir ki, Bakıda nümayiş olunacaq idman təntənəsi sülh və dostluq kimi ülvi duyğularla insanların yaddaşlarına həmişəlik həkk olunacaq.
Ağakişi KAZIMOV,
xalq artisti, Prezident təqaüdçüsü
Azərbaycan. - 2015.- 11 iyun.- S.10.