“Bakı-2015” I Avropa Oyunları Almaniyanın “Sport 1” televiziya kanalında canlı yayımlanacaq

 

Almaniyanın “Sport 1” televiziya kanalı iyunun 12-28-də Bakıda keçiriləcək ilk Avropa Oyunlarını canlı yayımlayacaq.

AZƏRTAC telekanalın internet səhifəsinə istinadla xəbər verir ki, bu barədə saytda yerləşdirilən yazıda Bakıda keçiriləcək yarışın Avropa qitəsi üçün böyük əhəmiyyət daşıdığı qeyd olunub. Vurğulanıb ki, yarışların Cənubi Qafqazın ən böyük şəhərində keçirilməsi təsadüfi deyil. Bu şəhərdə Oyunların keçirilməsi üçün yüksək səviyyəli, beynəlxalq standartlara uyğun 18 idman obyekti avropalı idmançıların ixtiyarına verilib. Məqalədə 65 min tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionu xüsusi əhəmiyyətli idman obyekti kimi təqdim edilir. Oyunların açılış mərasimini ən azı 65 min tamaşaçının izləyəcəyi xüsusi vurğulanır.

Məqalədə “Bakı-2015” I Avropa Oyunlarının idmançılara 2016-cı ildə Rio-de Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə əldə etmək imkanı qazandıracağı qeyd edilir. Diqqətə çatdırılır ki, bu baxımdan Almaniya hökuməti qalib gələcək idmançılara yüksək məbləğdə pul mükafatı vəd edib.

 

Azərbaycan. - 2015.- 11 iyun.- S.14.