İrlandiyanın “sportsnewsireland.com” idman portalı “Bakı-2015” ilk Avropa Oyunlarından yazıb

 

İrlandiyanın nüfuzlu “sportsnewsireland.com” idman portalında “Bakı-2015” ilk Avropa Oyunları barədə geniş məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, yazıda respublikamızın bölgələrində səyahəti başa çatdıran Oyunların məşəlinin yarışların keçiriləcəyi Bakıya gətirilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım, “Bakı-2015” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın məşəl yürüşündə iştirakı xüsusilə qeyd olunur.

Məqalədə “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqinidman şöbəsinin direktoru Pirs Okallaqanın fikirləri də yer alıb. Bildirilir ki, Oyunlar öncəsi keçirilən sınaq yarışları Bakının bu mötəbər idman tədbirinə yüksək səviyyədə hazırlığını nümayiş etdirdi.

Müəllif Maykl Onil “Bakı-2015” ilk Avropa Oyunlarının İrlandiya ərazisində “Setanta Sports” kanalı tərəfindən yayımlanacağını xatırladır.

 

Azərbaycan. - 2015.- 11 iyun.- S.14.