Yaponiyanın internet televiziyasında ilk Avropa Oyunlarına həsr olunan xüsusi veriliş yayımlanıb

 

AZƏRTAC-ın Yaponiya bürosunun təşəbbüsü ilə bu ölkənin “World Investors TV” internet televiziyasında Bakıda keçiriləcək ilk Avropa Oyunları barədə xüsusi veriliş yayımlanıb.

Aparıcıların və tamaşaçıların suallarını cavablandıran AZƏRTAC-ın Yaponiya bürosunun təmsilçisi və Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı bildiriblər ki, bir neçə gündən sonra Azərbaycan dünyanın idman mərkəzinə çevriləcək. Avropa Oyunları dinamik inkişaf edən qonaqpərvər Azərbaycanı, eyni zamanda, bir işgüzar mərkəz kimi tanıdacaq.

Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarı 2012-ci ilin dekabrında qəbul etdiyini xatırladan qonaqlar vurğulayıblar ki, bu, ölkəmizin sosial, mədəni və iqtisadi inkişafını bütün dünyaya göstərmək üçün bir imkan olmaqla yanaşı, həm də xalqımızın yüksək bacarığını nümayiş etdirmək baxımından əhəmiyyətlidir.

Yarışların keçirilməsi üçün Bakıda çoxsaylı yeni idman obyektlərinin tikildiyi və əvvəlkilərin bərpa olunduğu bildirilib. Qeyd olunub ki, 17 gün davam edəcək yarışlarda 6 mindən çox idmançı, 2 minə yaxın jurnalist, çoxsaylı idman mütəxəssisləri iştirak edəcəklər. İyunun 28-də təntənəli bağlanış mərasimi ilə yekun vurulacaq yarışlarda idmançılar 20 idman növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparacaqlar.

Diqqətə çatdırılıb ki, yarışlar 18 idman obyektində keçiriləcək. Onların sırasında yeni inşa edilmiş 65 min yerlik Olimpiya Stadionu ilə yanaşı, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı, Atıcılıq Mərkəzi və digər böyük idman obyektləri var. Yarışlara qatılacaq idman mütəxəssislərinin, jurnalistlərin və tamaşaçıların rahatlığı üçün Azərbaycan paytaxtında hər cür şərait yaradılıb.

Azərbaycanda idman yarışlarına həmişə böyük maraq göstərildiyi, gələn il “Formula-1” yarışlarının, Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının, “Avro-2020” futbol yarışlarının dörd görüşünün Bakıda təşkil ediləcəyi qeyd olunub.

Bakının möhtəşəm Oyunları yüksək səviyyədə qarşılamağa və keçirməyə hazır olduğunu vurğulayan qonaqlar bu yarışların dünyanın 60-a yaxın ölkəsinə, o cümlədən Yaponiyaya translyasiya ediləcəyini bildiriblər.

Avropa Oyunlarının rəsmi media tərəfdaşı olan AZƏRTAC tərəfindən yarışlar barədə xəbərlərin 7 dildə, həmçinin agentliyin 21 xarici ölkədə fəaliyyət göstərən büroları vasitəsilə bütün dünyaya yayılacağı diqqətə çatdırılıb.

Verilişdə Oyunların məşəlinin Azərbaycanın bölgələrini dolaşdıqdan sonra Bakıya gətirilməsi və Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi, yarışların keçiriləcəyi idman obyektləri ilə bağlı videomateriallar nümayiş olunub.

Yarışların mühüm əhəmiyyətini vurğulayan qonaqlar ilk Avropa Oyunlarının yalnız davam edəcəyi vaxtda deyil, ümumiyyətlə, Bakıda nümayiş olunacaq idman təntənəsi, sülhdostluq kimi ülvi duyğuları ilə insanların yaddaşında həmişəlik qalacağına əminliklərini bildiriblər.

 

Azərbaycan. - 2015.- 11 iyun.- S.14.