Azərbaycan Dövlət İqtisad
Universitetində Milli Qurtuluş
Gününə həsr olunan tədbir keçirilib
İyunun 10-da Azərbaycan Dövlət İqtisad Universitetində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
ADİU-nun rektoru professor Ədalət Muradov 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixində əhəmiyyətli dönüş mərhələsi olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə çox ağır dövr yaşayıb. Hökm sürən siyasi gərginlik, vətəndaş müharibəsi təhlükəsi ölkəni iqtisadi böhrana sürükləmişdi. Belə bir ağır vaxtda xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkədə sabitliyə nail ola bildi. Azərbaycan az bir vaxtda iqtisadi sabitlik və inkişafa qədəm qoydu.
Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisinin deputatı Fəttah Heydərov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən danışıb. Qeyd edib ki, ulu öndərin xalqa sevgisi və qətiyyəti ilə ölkədə həmrəylik yarandı və xalq milli maraqlar ətrafında birləşə bildi. Ulu öndərin uzaqgörən siyasəti sayəsində ölkədə sabitlik yarandı, iqtisadi tənəzzülün qarşısı alındı. Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında yer alır, iqtisadi qüdrətə nail olan ölkə Avropa Oyunları kimi mötəbər tədbirə evsahibliyi etməyə hazırlaşır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi-siyasi kurs onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən “Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiri professor Əli Əlirzayev və “Azərbaycan tarixi” kafedrasının müdiri professor Hidayət Cəfərov ümummilli lider Heydər Əliyevin Azərbaycanın dinamik inkişafa nail olması yolundakı əvəzsiz xidmətlərindən söz açıblar.
Tədbirin sonunda Milli Qurtuluş
Gününə həsr olunan film nümayiş etdirilib.
Azərbaycan. - 2015.- 11 iyun.- S.15.