Muzey Mərkəzində “Avropa haqqında düşüncələr” adlı sərgi açılıb

 

İyunun 10-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində sərgi qalereyasında “Bakı-2015” birinci Avropa Oyunları münasibətilə görkəmli Azərbaycan rəssamlarının qalereya fonduna daxil olan əsərlərindən ibarət “Avropa haqqında düşüncələr” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin keçirilməsinin əsas məqsədi Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda illər ərzində toplanmış, son dərəcə böyük bədii dəyərə malik əsərləri həm yerli tamaşaçıların, həm də xarici qonaqların diqqətinə təqdim etməkdir.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində silsilə mədəni tədbirlərin keçirilməsinin çox maraqla qarşılandığını bildirib. Nazir vurğulayıb ki, Azərbaycan incəsənəti hər zaman Avropadünya dəyərlərinə hörmətlə yanaşır və bugünkü sərgidə görkəmli rəssamlarımızın 70-dən çox əsərinin nümayiş etdirilməsi Avropa mədəniyyətinə və dəyərlərinə verilən qiymətdir.

Nazir birinci Avropa Oyunları ərəfəsində bu sərginin təşkil olunmasının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov qeyd edib ki, nümayiş olunan əsərlərdəki təsvir Azərbaycan rəssamının düşüncəsindəki Avropadır və gerçəkliyin tam təcəssümüdür. Xalq rəssamı tədbirlərə təşkilatı dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirib.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar .

Avropa haqqında düşüncələr” sərgisi iyunun 15-dək davam edəcək.

 

Azərbaycan. - 2015.- 11 iyun.- S.15.