“Ceyranları qoruyaq!”
adlı ekoloji yay
düşərgəsi keçirilir
IDEA
(Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq
Dialoq) İctimai Birliyi, Ümumdünya Təbiəti
Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi
və Təhsil Nazirliyi “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları
ərazilərə qaytarılması” proqramı çərçivəsində
iyunun 10-da “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinə
start verib.
AZƏRTAC xəbər verir ki, Qax və Şəki rayonlarından 30-dan çox məktəblinin iştirak etdiyi yay düşərgəsi iyunun 12-dək Qax rayonunun İlisu kəndində keçiriləcək.
“Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinin təşkilinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirməkdir. Düşərgənin gedişatında iştirakçılar ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlandırılacaqlar. Uşaqlar müxtəlif kiçik ekoloji tədqiqatların aparılmasında, viktorina və müsabiqələrdə də iştirak edəcəklər.
“Ceyranların Qafqazda
tarixən məskunlaşdıqları ərazilərə
qaytarılması” proqramı 2010-cu ildən Ekologiya
və Təbii Sərvətlər Nazirliyi,
Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və WWF
Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı
çərçivəsində uğurla
icra olunur. Bu illər ərazində 150 başdan
artıq ceyran Şirvan
Milli Parkından tarixən məskunlaşdıqları
ərazilərə reintroduksiya edilib, onların daimi monitorinqi və mühafizə işləri həyata
keçirilir.
Azərbaycan. - 2015.- 11 iyun.- S.15.