Azərbaycan Prezidenti İlham Əliyev Çexiya parlamenti Deputatlar Palatasının sədrini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçeki iyunun 11-də qəbul edib.

Deputatlar Palatasının sədri Yan Hamaçek Çex Respublikasının Prezidenti Miloş Zemanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Çex Respublikası Prezidentinin ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük maraq göstərdiyini bildirdi. Çexiyanın böyük nümayəndə heyəti ilə birinci Avropa Oyunlarında iştirak edəcəyini deyən Yan Hamaçek ölkəsinin Milli Olimpiya Komitəsinin bu oyunlara ciddi hazırlaşdığını vurğuladı.

Çex Respublikasının Prezidenti Miloş Zemanla görüşlərini məmnunluqla xatırlayan dövlətimizin başçısı əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev yarışlarda böyük nümayəndə heyəti ilə iştirak edən çex idmançılarına uğurlar arzuladı.

Görüşdə ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edildi, əlaqələrimizin daha da genişləndirilməsi üçün qarşılıqlı marağın və imkanların olduğu bildirildi.

Dövlətimizin başçısı Prezident Miloş Zemanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çex Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 12 iyun.- S. 3.