Ziyafət Əsgərov: Azərbaycan Meksika ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verir

 

İyunun 11-də birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə gələn Meksika Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron Azərbaycan parlamentində olub, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-Meksika əlaqələrindən danışan Z.Əsgərov son illər ölkələrimiz arasındakı əməkdaşlığın intensiv inkişaf etdiyini deyib. Qeyd olunub ki, Azərbaycan Meksika ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verir. Milli Məclis sədrinin birinci müavini Azərbaycanın haqq işini hər zaman dəstəklədiyi üçün Meksika hökumətinə minnətdarlığını bildirib.

Z.Əsgərov ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla yanaşı, təhsil, səhiyyə, turizm sahələrində də əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Qeyd olunub ki, indiyədək iki ölkə arasında cəmi 5 sənəd imzalanıb, 26 sənədin üzərində isə gedir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən Ziyafət Əsgərov vurğulayıb ki, Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və qərarlara əməl etmir.

Şadam ki, növbəti dəfə Bakıdayam deyən, Meksika senatının xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron hər gəlişində Azərbaycanda gördüyü sürətli inkişafdan məmnunla söz açıb. Komitə sədri qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrin genişləndirilməsində önəmli olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycanş0 2015.- 12 iyun.- S. 4.