Azərbaycan beynəlxalq
antikorrupsiya mübarizəsində fəal
iştirak edir
Ümumbəşəri
sosial bəla olan korrupsiyaya qarşı Azərbaycanda Prezident
İlham Əliyevin güclü siyasi iradəsi ilə ciddi
mübarizə aparılır, bu istiqamətdə təsirli tədbirlər
görülür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmiz bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verərək 140-dan çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi beynəlxalq antikorrupsiya əməkdaşlığına dəyərli töhfələr verir. Azərbaycanın ədliyyə naziri IAACA-nın vitse-prezidenti seçilərək qurumun işində fəal iştirak edir.
İyunun 8-9-da Qətərin paytaxtı Dohada Assosiasiyanın İcraiyyə Komitəsinin iclası keçirilib. Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov iştirak edib.
Ölkəmizin IAACA-nın rəhbərliyində fəal təmsilçiliyi, qurumun inkişafında töhfələri nəzərə alınaraq tədbirə sədrlik edilməsi qurumun vitse-prezidenti kimi Azərbaycanın ədliyyə nazirinə həvalə olunub.
İclasda mühüm təşkilati məsələlər, o cümlədən IAACA-nın gələcək fəaliyyətinə dair hərtərəfli və faydalı müzakirələr aparılıb, Assosiasiyanın yeni prezidentinin və baş katibinin seçilməsi məsələsinə baxılıb.
Müzakirələrdə F.Məmmədov çıxışlar edərək Assosiasiyanın inkişafına, əlaqələndirmə işinin və əməkdaşlığın gücləndirilməsinə, qurumun fəaliyyətinin təkmilləşdirilməsinə, maliyyələşməsinin səmərəliliyinin artırılmasına dair verdiyi təkliflər qəbul olunub.
Tədbirdə bir sıra mühüm qərarlar qəbul edilib.
Qətərin baş prokuroru Dr. Ali Al Marrinin namizədliyi IAACA-nın rəhbəri vəzifəsinə irəli sürülüb, təşkilatın Çində yerləşən katibliyinin Qətərə köçürülməsi, habelə Assosiasiyanın İllik Konfransının və Ümumi Yığıncağının cari ilin payızında Sankt-Peterburqda keçirilməsi barədə razılığa gəlinib.
Səfər zamanı Qətərin
baş prokuroru və bir sıra digər dövlətlərin hüquq mühafizə orqanlarının rəhbərləri
ilə görüşlər keçirilib,
antikorrupsiya fəaliyyətinə və əməkdaşlığa
dair faydalı fikir
mübadiləsi aparılıb.
Azərbaycan.- 2015.- 12 iyun.- S. 8.