Eurasia Hoy” xəbər portalı: “Yunanıstan Olimpiya Oyunları üçün nə qədər əhəmiyyətlidirsə, Azərbaycan da Avropa Oyunları üçün bir o qədər əhəmiyyətli olacaq

 

Amerikanın ispandilliEurasia Hoy” xəbər portalında “Avropa Bakıda, Azərbaycanda keçirilən möhtəşəm idman tamaşasına hazırlaşır” sərlövhəli məqalə dərc edilib. Məqalədə qeyd edilir ki, iyunun 12-də Azərbaycan paytaxtında birinci Avropa Oyunlarına start veriləcək. Bu idman tədbiri xüsusi əhəmiyyət kəsb edir, çünki bu, Avropada hər dörd ildə bir dəfə keçiriləcək birinci kontinental olimpiya oyunları hesab edilir. Oyunların məşəli hər dəfə Bakı ətrafındakı tarixi Atəşgah məbədindən start götürəcək, sonra isə növbəti Oyunların keçiriləcəyi ölkəyə yola düşəcəkdir.

Xəbər portalında daha sonra birinci Avropa Oyunlarının məşəlinin yolu barədə məlumat verilir. Göstərilir ki, məşəl Azərbaycanın bir sıra guşələrində 5 min kilometrdən artıq məsafə qət edərək iyunun 7-də Bakıya çatdırılıb. Ölkə paytaxtında məşəl Oyunların keçiriləcəyi idman qurğularında, habelə İçərişəhərdə və Bakı şəhərinin parklarında nümayiş etdirilib.

Məqalədə deyilir: “Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva və onların övladları birincilər sırasında əllərində məşəl tutaraq Bakı Dənizkənarı bulvarı və şəhərin əsas küçələri boyunca hərəkət edən şəxslər arasında olublar. Şəhərin mərkəzində yerli vətəndaşlar və yüzlərlə turist onları salamlayıb”.

Materialda vurğulanır ki, Azərbaycan rəhbərliyi Oyunların keçiriləcəyi idman komplekslərinin və müvafiq infrastruktur obyektlərin hazırlanması prosesini sürətləndirmək üçün çox böyük səy göstərib.

Çoxsaylı ekspertlərin fikrincə, iki ildən az müddətdə bütün idman qurğularının tikilməsi az qala qeyri-mümkün idi, lakin Azərbaycan bu işin öhdəsindən gələ bildi. Materialda daha sonra Avropa Oyunlarının proqramına daxil edilmiş idman növləri barədə ətraflı məlumat verilir.

Qeyd edilir ki, son beş ildə çoxsaylı beynəlxalq turnirlərin keçirildiyi Azərbaycan dünya ictimaiyyətinin nəzərində layiqli nüfuz qazanmağa çalışır. Zəngin neft-qaz ehtiyatlarına malik olan Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə neft nəqli başlanandan sonra iqtisadi cəhətdən sürətlə inkişaf etməkdə olan ölkələrdən birinə çevrilib. Neftin qiymətinin azalmasına baxmayaraq, Azərbaycan enerji siyasətinin mərkəzində qalır. 2019-cu ildən fəaliyyətə başlayacaq “Cənub” qaz dəhlizinin tikintisi bu məsələdə xüsusi əhəmiyyət kəsb edir. 2011-ci ildə “Eurovision” mahnı müsabiqəsində qələbədən sonra Azərbaycan daha da məşhurlaşıb. Bu qələbənin nəticəsi kimi, 2012-ci ilin may ayında “Eurovision” müsabiqəsi Bakıda keçirilib. Redaksiya xatırladır ki, 17 yaşa qədər qızlar arasında futbol üzrə dünya çempionatı da Azərbaycanda keçirilib, bununla əlaqədar Cenifer LopezRianna kimi Amerika ulduzları Bakıda çıxış ediblər. 2017-ci ildə “Formula-1” yarışları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının bir neçə oyunu Azərbaycanda keçiriləcək.

Məqalənin sonunda qeyd edilir ki, Avropa Oyunları Bakı üçün xüsusi əhəmiyyət kəsb edir: “Yunanıstan Olimpiya Oyunları üçün nə qədər əhəmiyyətlidirsə, Azərbaycan da Avropa Oyunları üçün bir o qədər əhəmiyyətli olacaq”.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan.- 2015.- 12 iyun.- S. 9.