Koişiro MATSUURA: “İnanıram ki, Azərbaycan digər beynəlxalq tədbirlər kimi, ilk Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək”

 

Beynəlxalq miqyasda tanınmış siyasətçi, UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuura AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Bu yaxınlarda Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlararsı Dialoq Forumunun iştirakçısı olmusunuz, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ilə də görüşmüsünüz. Bu beynəlxalq tədbirin əhəmiyyəti, xalqlar arasında dialoqun inkişafına verə biləcəyi töhfələr barədə nə deyə bilərsiniz?

- Əvvəla, qeyd edim ki, xüsusi hörmət, dost münasibəti bəslədiyim Azərbaycan son illər mühüm beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrilib. Bu ölkədə təşkil olunan çoxsaylı tədbirlərə, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna müxtəlif qitələrdən toplaşan nümayəndələr mədəniyyətlər və sivilizasiyalararası dialoqa, xalqlar arasında anlaşmaya mühüm töhfələr verirlər. Üçüncü dəfə təşkil olunan bu forum artıq ənənə halını alıb və burada müxtəlif mədəniyyətləri, dinləri təmsil edən insanların bir yerə toplaşaraq təhlükəsiz dünya barədə apardıqları müzakirələr çox böyük əhəmiyyətə malikdir.

Bildiyiniz kimi, müasir dünyada 200-dən artıq dövlət, 6 minə yaxın dil, müxtəlif dinlər və mədəniyyətlər mövcuddur və onların arasında ünsiyyət, əməkdaşlıq bu gün ən vacib problemlərdən biridir. Mənə elə gəlir ki, dünyanın müxtəlif yerlərində yaranan iğtişaşların kökündə məhz bu problem dayanır. Bakıda keçirilən və artıq ənənə halını alan belə forumlar məhz müxtəlif mədəniyyətə, dinə, dilə, dünyagörüşünə malik xalqlar arasında dialoqun, əməkdaşlığın, dostluğun formalaşmasına xidmət edir. Düşünürəm ki, Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu baxımdan xüsusilə önəmlidir və sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi işinə böyük töhfələr verir.

- İlk Avropa Oyunlarını keçirən Azərbaycan, onun paytaxtı Bakı Sizə hansı təsir bağışladı? Təcrübəli siyasətçi kimi, Sizcə belə beynəlxalq tədbirlər Azərbaycanın inkişafına, dünyadakı imicinə hansı təsir göstərə bilər?

- Bakıda olduğum vaxt hər yerdə I Avropa Oyunları ilə bağlı plakatların, reklamların asıldığının şahidi oldum. Burada hər şey qarşıdan gələn böyük idman bayramından xəbər verirdi. Yeni tikilən nəhəng idman obyektləri göz oxşayırdı. İnanıram ki, Azərbaycan digər beynəlxalq tədbirlər kimi, ilk Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək.

Çox təəssüf hissi ilə demək istəyirəm ki, Yaponiyada vacib işlərim olduğuna görə Avropa Oyunlarının açılış mərasimində iştirak edə bilməyəcəyəm. Mən yaxşı bilirəm ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin strateji inkişafına müsbət təsir göstərən addımlara xüsusi əhəmiyyət verib. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Belə addımlar Azərbaycanın inkişaf strategiyasına mühüm təsir göstərməklə yanaşı, həm də onu bütün dünyada modern, sürətlə tərəqqi edən ölkə kimi tanıdır. İlk dəfə 2001-ci ildə Bakıya səfərimi yaxşı xatırlayıram. Həmin vaxt Bakıda türkdilli ölkələrin sammiti keçirilirdi. Həmin dövrdən başlayaraq mən artıq 10 dəfə Azərbaycanda oldum. Ölkənizin görünməmiş sürətlə inkişafının, demək olar ki, canlı şahidiyəm. Fərəhli haldır ki, son 15 ildə yalnız Bakı deyil, bütün Azərbaycan qibtə ediləcək bir inkişaf yolu keçib. Düşünürəm ki, bu, hər bir azərbaycanlının fəxr edə biləcəyi böyük uğurdur.

- Yaponiya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivləri barədə nə deyə bilərsiniz?

- Düşünürəm ki, Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətləri davamlı şəkildə inkişaf edir. Xüsusən Prezident İlham Əliyevin rəhbərliyi ilə qədim və zəngin mədəniyyətə malik iki xalq arasında əməkdaşlığın inkişafı müxtəlif istiqamətlərdə daha intensiv xarakter alıb. Bu məsələdə dövlət rəsmilərinin qarşılıqlı səfərləri də xüsusi əhəmiyyətə malikdir. Bildiyiniz kimi, bu yaxınlarda Milli Məclisin sədri Oqtay Əsədov Yaponiyada, Baş nazirin müavini Taro Aso isə Azərbaycanda səfərdə olublar. Həmin səfərlər zamanı keçirilən yüksək səviyyəli görüşlər, aparılan müzakirələr, düşünürəm ki, dost xalqlarımızın əlaqələrinin inkişafına mühüm təsir göstərəcək.

Digər tərəfdən, Azərbaycan rəhbərliyinin iqtisadiyyatın şaxələndirilməsi məqsədilə atdığı addımlar beynəlxalq şirkətlərin, o cümlədən Yaponiya şirkətlərinin ölkənizə daha çox investisiya yatırmasına şərait yaradır. Yaponiya şirkətləri Azərbaycanın iqtisadi inkişafında yaxından iştirak edirlər. Fikrimcə, xalqlarımız arasında mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafı məqsədilə əlaqələri daha da inkişaf etdirmək üçün böyük potensial var. Həm Yaponiyada Azərbaycan mədəniyyətinə, həm də Azərbaycanda yapon mədəni irsinə böyük maraq mövcuddur. Son vaxtlar Yaponiyada təhsil alan azərbaycanlı gənclərin sayı xeyli artıb. Bütün bunlar deməyə əsas verir ki, iki dost xalq arasında əlaqələr bundan sonra daha da inkişaf edəcək.

 

Vüqar AĞAYEV,

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Azərbaycan.- 2015.- 12 iyun.- S. 10