Patrik Hikki:
“Bakı-2015” birinci Avropa
Oyunları idman tarixində silinməz izlər
qoyacaq
Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi olduqca mühüm hadisədir. Ölkədə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verir. Birinci Avropa Oyunları özündən sonrakı oyunların keçirilməsi üçün mühüm nümunə olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki iyunun 11-də birinci Avropa Oyunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Patrik Hikki Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında çox qısa zaman ərzində görülən yüksək səviyyəli işləri xüsusi qiymətləndirib. O, bildirib ki, Oyunların təşkilinə çoxlu sayda könüllü, habelə London Olimpiadasından peşəkar əməkdaşlar cəlb edilib və bu, Azərbaycanın irimiqyaslı idman tədbirlərini yüksək səviyyədə keçirməkdə zəngin təcrübəyə malik olduğunu təsdiqləyir. Avropa Olimpiya Komitəsinin prezidenti atletlərin yüksək səviyyədə qarşılanmasına görə təşəkkürünü bildirərək deyib: “Azərbaycanda onların rahatlığı üçün kifayət qədər çalışıblar. Bu yarışlarda 150 Olimpiya mükafatçısının iştirakı Oyunların çox yüksək səviyyədə keçəcəyindən xəbər verir. Biz işə təcrübə kimi başlamışdıq. Lakin bu gün Oyunlarda 6 min atletin 20 idman növündə mübarizəyə qatılması inanılmaz göstəricidir”.
Avropanın bir çox şəhərlərinin belə yarışlara ev sahibliyi etməkdə maraqlı olduğunu vurğulayan Patrik Hikki qeyd edib ki, hər bir şəhərin infrastrukturu fərqlidir. Oyunlara ev sahibliyi edən hər bir ölkə, əlbəttə, ona öz mədəniyyət, incəsənətindən bəzi çalarlar qatır. Bu da yarışları daha çox özünəməxsus edir.
Daha sonra
Avropa Olimpiya Komitəsinin
Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos Azərbaycan
Hökumətinə, birinci xanım Mehriban Əliyevaya təşkilatçılığa
görə minnətdarlığını bildirib.
Möhtəşəm idman
tədbirinə hazırlaşmaq üçün
Azərbaycanın gənclər və idman
naziri, “Bakı-2015” birinci
Avropa Oyunları Əməliyyat Komitəsinin
baş icraçı direktoru
Azad Rəhimov və əməliyyatlar
üzrə baş direktoru
Saymon Kleqin yüksək
əzmlə çalışdığını qeyd edən Spiros Kapralos, həmçinin Azərbaycan vətəndaşlarının
Bakının bu yarışlara ev sahibliyi etməsindən
qürur duyduğunu xüsusi vurğulayıb. O deyib
ki, atletlər onlar üçün yaradılan şəraitdən
çox razıdırlar. Oyunlara
hazırlaşmaq o qədər də asan deyildi. Bununla
belə, bir çox
yeniliklər tətbiq olunub. Proqrama karate, basketbol,
boks, sambo
kimi populyar idman növləri daxil edilib.
Avropa
Olimpiya Komitəsinin Əlaqələndirmə
Komissiyasının sədri məlumat verib ki,
açılış mərasimi üçün biletlərin
hamısı satılıb. “İ-zona”larda atletlərlə müsahibə imkanı
yaradılıb. Tamaşaçılar və idman
azarkeşləri mükəmməl arenalarda
maraqlı idman yarışlarının şahidi olacaqlar. “Azərbaycan
ilk Avropa Oyunları ilə
öz adını qitənin idman xəritəsinə yazacaq.
Yüksək təşkilatçılıq bir
daha göstərdi ki,
Azərbaycan bundan daha
böyük yarışlara ev sahibliyi etməyə qadirdir” - deyə Spiros Kapralos bildirib.
Azərbaycan.- 2015.- 12 iyun.- S. 10.