Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib

 

İyunun 11-də Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib.

Ali Məhkəmədən AZƏRTAC-a bildiriblər ki, sədr Ramiz Rzayev Plenum iclasını açaraq əvvəlcə birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi münasibətilə xalqımızı təbrik edib, bu Oyunların ölkəmizin və Avropanın idman tarixində yeni səhifə açacağını vurğulayıb.

Apelyasiya, ağır cinayətlər və bir sıra rayon məhkəmələri sədrlərinin və hakimlərinin iştirak etdiyi Plenumda Ali Məhkəmənin sədri qeyd edib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinin tərkib hissəsi olan əhalinin mülkiyyət hüququnun toxunulmazlığı da dövlət tərəfindən qorunur və müdafiə olunur. Mülkiyyətin mühafizəsi sahəsində konstitusion müddəalar mülkiyyətə qarşı cinayətkar qəsd edilərkən mülkiyyətin növündən asılı olaraq belə əməllərə fərqli hüquqi qiymət verilməsi barədə əvvəllər mövcud olan təcrübəni aradan qaldırmağa imkan verib. Mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən biri də dələduzluqdur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq – etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməkdə ifadə olunur. Təqsirkar zərərçəkmiş şəxsi aldadaraqya onun etibarından sui-istifadə edərək sonuncunu yanılma dərəcəsinə çatdırmaqla əmlakın könüllü surətdə ona verilməsinə nail olur.

Plenumda “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” məsələ geniş müzakirə olunub və təhlillər aparılıb.

Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilib ki, bu kateqoriyadan olan cinayət işlərinə məhkəmələr tərəfindən baxılarkən qanunvericiliyin tələblərinə əsasən əməl edilir. Bununla yanaşı, bir sıra hallarda həm ibtidai araşdırma orqanları, həm də məhkəmələr tərəfindən işin bütün faktiki araşdırılmasına lazımi diqqət yetirilmir. Bəzi hallarda faktiki rüşvətxorluq cinayətinin törədilməsində vasitəçi qismində iştirak etmək vəzifəsini üzərinə götürmüş şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilməsi, təqsirləndirilən şəxslər barəsində cəza tədbirinin seçilməsi, cinayət nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş zərərin ödənilməsi məqsədilə verilmiş mülki iddiaların həlli məsələlərində səhvlərə yol verilir, mülki mühakimə icraatı qaydasında həll edilməli olan mübahisələr dələduzluq kimi qiymətləndirilərək cinayət mühakimə icraatı qaydasında həll edilir.

Plenum mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasını və dələduzluq cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün müvafiq qərar qəbul edib.

Plenumun işində Məhkəmə - Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov, Baş prokuror Zakir QaralovPrezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov iştirak ediblər.

 

Azərbaycan.- 2015.- 12 iyun.- S. 10.