Vyetnam Prezidenti
Çıonq Tan Sanq:
Azərbaycana rəsmi səfərim uğurla
keçdi
Azərbaycana
rəsmi səfərimin uğurla keçməsindən məmnunam.
Bu sözləri Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Azərbaycanın Hanoydakı səfiri Anar İmanov ilə görüşündə deyib.
Görüşdə Vyetnam Prezidentinin ötən ay Azərbaycana rəsmi səfərinin yekunlarına və ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Prezident Çıonq Tan Şanq Azərbaycana səfərinin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığının çatdırılmasını xahiş edib. Çıonq Tan Şanq Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Vyetnama çox kömək etdiyini, Sovet İttifaqının ali rəhbər şəxslərindən biri olduğu zaman Vyetnama yardım ilə bağlı xeyli iş gördüyünü yada salaraq bildirib ki, Vyetnam xalqı görkəmli dövlət xadimi Heydər Əliyevi daim minnətdarlıq hissi ilə xatırlayır.
Vyetnam Prezidenti ölkəsinin Azərbaycan ilə qarşılıqlı əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib, Vyetnamın neft sənayesinin qurulmasında azərbaycanlı mütəxəssislərin müstəsna rolunu vurğulayıb. O, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin genişlənməsinin vacibliyini qeyd edərək, enerji sahəsində əməkdaşlığın inkişafının xüsusi önəm daşıdığını bildirib.
Qarşılıqlı əməkdaşlığın inkişafı, xalqlar arasında dostluq münasibətlərinin genişlənməsi üçün iki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılmasının vacibliyini bildirən Vyetnam Prezidenti, bu məsələdə Azərbaycan dövlətinin başçısı ilə həmfikir olduğunu deyib. O, Vyetnam Hava Yolları şirkətinin prezidentinə bu istiqamətdə zəruri işlərin görülməsini tapşırdığını bildirib.
Prezident onun Azərbaycana səfəri çərçivəsində müzakirə olunan məsələlərin həyata keçirilməsi üçün Vyetnam dövləti tərəfindən müvafiq işin aparıldığını diqqətə çatdırıb.
Səfir A.İmanov Vyetnam Prezidentinin ikitərəfli əlaqələrin inkişafı üçün göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib. Diplomat 1983-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vyetnama səfəri və bu səfərin ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfədən bəhs edib.
Səfir Azərbaycan Prezidentinin ötən il Vyetnama və Vyetnam Prezidentinin keçən ay ölkəmizə səfərlərinin müxtəlif sahələrdə ikitərəfli əlaqələrimizin inkişafına güclü təkan verdiyini bildirib. O, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb, müvafiq istiqamətlər üzrə ikitərəfli fəaliyyətin genişləndirilməsinin vacibliyini bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Hanoy
Azərbaycan.- 2015.- 12 iyun.- S. 12.