Heydər
Əliyev Mərkəzində Elvin Qəniyevin
iştirakı ilə klassik musiqi gecəsi keçirilib
Heydər Əliyev Mərkəzində klassik musiqi gecəsi keçirilib. Konsertdə gənc virtuoz skripka ifaçısı Elvin Qəniyev Niyazi adına Simfonik Orkestrin müşayiəti ilə çıxış edib. Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə bir saatadək davam edən proqramda tamaşaçılara görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin skripka üçün konserti təqdim olunub.
Elvin Qəniyev 1997-ci il noyabrın 25-də Ankarada musiqiçi ailəsində dünyaya gəlib. Azərbaycanın xalq artisti Sərvər Qəniyevin nəvəsi olan Elvin skripkada beş yaşından ifa etməyə başlayıb. O, Bilkənt Universiteti nəzdindəki musiqi məktəbini bitirib. 2006-cı ildə Moskvada keçirilən “Klassik irs” beynəlxalq müsabiqəsində və 2007-ci ildə skripkaçılar arasında Gülden Turalı adına müsabiqədə birinci yeri tutub, habelə türk bəstəkarının əsərinin ən yaxşı ifasına görə xüsusi mükafat qazanıb.
2008-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Elvin Qəniyevin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na salınıb və o, Prezident təqaüdünə layiq görülüb.
Elvin Qəniyev Polşada gənc skripkaçıların K.Lipinski və Q.Venyavski adına XI beynəlxalq müsabiqəsinin (2009), İspaniyada “Madrid gecələri” II beynəlxalq müsabiqə-festivalın, İsveçrədə gənc musiqiçilərin P.Çaykovski adına VII beynəlxalq müsabiqəsinin (2012), D.Oystrax adına Moskva beynəlxalq müsabiqəsinin (2013) laureatıdır. 2010-cu ildə Roma papası onu ordenlə təltif edib.
Virtuoz skripkaçı Elvin Qəniyev Azərbaycan, Rusiya, Fransa, Almaniya, Yunanıstan, Polşa, İsveçrə, Belarus və digər ölkələrdə keçirilən bir sıra nüfuzlu beynəlxalq festivallarda iştirak edib. Avstriya, Fransa, İsveçrə, Azərbaycan, Rusiya, İspaniya, Gürcüstan, Albaniya, Qazaxıstan, Böyük Britaniya, Belçika, Çexiya, Norveç, Belarus, Almaniya, İtaliya və Misirdə solo konsertlər verib.
Konsert barədə təəssüratlarını bölüşən Elvin Qəniyev Azərbaycanda, Heydər Əliyev Mərkəzində çıxış etməkdən böyük qürur duyduğunu bildirib.
AZƏRTAC
Azərbaycan.- 2015.- 12 iyun.- S. 13.