Himnimiz çalındı,
bayrağımız qaldırıldı
İyunun 13-də I Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazıldı. Heydər Əliyev adına İdman Sarayında yunan-Roma güləşçilərinin mübarizəsində Azərbaycan pəhləvanı Rəsul Çunayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Onun inamlı mübarizəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva da izləyiblər.
Güləş ölkəmizdə ən populyar idman növlərindən biri olmaqla yanaşı, kütləvilik baxımından da ön sıralarda dayanır. Bu, həm tarixi-ənənəvi köklərlə, həm də bu gün ölkəmizdə idmana, o cümlədən güləşə olan münasibətlə bağlıdır. Güləş Azərbaycanda hər vaxt ənənəsini qoruyub. Azərbaycan güləş məktəbinin yetirmələri olan Olimpiya, dünya, Avropa çempionları iştirak etdikləri bütün yarışlarda rəqibləri üçün ən ciddi və çox ehtiyat edilən idmançılar sayılırlar. Yəni, pəhləvanlarımız iştirak etdikləri istənilən turnirin favoritidirlər. Təkcə London Olimpiadasında qazanılan 10 medaldan 7-nin güləşçilərimizin payına düşməsini demək kifayətdir.
Tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarında medal gözlənilən idman növlərindən biri də güləşdir. Artıq Heydər Əliyev adına İdman Sarayında yunan-Roma güləşi üzrə yarışlara start verilib. Dünən ölkəmizin idman şərəfini Elman Muxtarov (59 kq), Rəsul Çunayev (71 kq), Rafiq Hüseynov (80 kq) və Orxan Nuriyev (98 kq) qoruyublar. Fərəhli haldır ki, pəhləvanlarımız 3 medal qazanıblar.
71 kq çəki dərəcəsində güləşən Rəsul Çunayev mübarizəyə 1/8 finaldan başlayıb. Pəhləvanımız bu mərhələdə moldovalı Daniel Kataraqa ilə üz-üzə gəlib. Komandamızın liderlərindən olan R.Çunayev rəqibinə asanlıqla qalib gələrək növbəti mərhələni adlayıb. Rəsul 1/4 finalda xorvatiyalı Dominik Etlinqerlə qarşılaşıb. Təmsilçimiz qələbə seriyasını davam etdirərək rəqibini 4:0 hesabı ilə məğlub edib və yarımfinala vəsiqə qazanıb. Rəsul bu mərhələdə də ənənəsinə sadiq qalaraq bolqarıstanlı Svilen Kostadinovu 10:0 hesabı ilə məğlub edib. Həlledici görüşdə rəqib macarıstanlı Balint Korpasi olub. Qarşılaşmanın asan olmayacağı əvvəlcədən məlum idi.
Nəhayət, həyəcanlı məqam gəlib çatdı. Tribunada “Azərbaycan, Azərbaycan” sədaları səngimək bilmirdi. Prezident İlham Əliyevin güləşçimizin çıxışını birbaşa zalda izləməsi isə Rəsula göstərilən ən böyük mənəvi dəstək idi. Hamı güləşçimizdən medal gözləyirdi.
Döyüş başladı. Hər iki pəhləvan mübarizəyə fəal qoşuldu. Lakin rəqibindən daha güclü olan Rəsul 4:2 hesabı ilə qalib gələrək ilk Avropa Oyunlarının qızıl medalını qazandı. Qələbədən sonra verdiyi əsgər salamı ilə idmançımız xüsusi diqqət çəkdi. Budur, himnimiz səslənir. Sevincimizin həddi-hüdudu yoxdur. Halal olsun, Rəsul! Xalqına bu sevinci yaşatdığına görə çox sağ ol!
Rəsul Çunayev final görüşündən sonra dedi: “Macarıstan idmançısı ilə indiyədək 4 dəfə qarşılaşmışam. İki dəfə mən, iki dəfə isə o qalib gəlmişdi. O, ötən dəfə Bakıda üstün olmuşdu. Bu, mənim üçün revanş oldu. İlk hissədə 4 xal aldım. Sonra müdafiəyə çəkildim, çünki yarış ərəfəsində soyuqlamışdım və gücümü qorumalı idim. Öz vətənimizdə qızıl medalı kiməsə vermək fikrində deyildim və buna da nail oldum. Başda cənab Prezident İlham Əliyev olmaqla, bizim Azərbaycana ancaq qələbə yaraşır. Sevinirəm ki, Avropa Oyunlarında güləşçilər arasında ilk qızıl medalı ölkəmizə qazandırdım”.
Növbə Rafiq Hüseynova (80 kq) çatır. Güləşçimiz yarışa 1/8 finaldan qatılmışdı. İlk qarşılaşmasında avstriyalı Mixael Vaqneri mübarizədən kənarlaşdırdı. 1/4 finalda Rafiq Bolqarıstan güləşçisi Daniel Aleksandrov ilə görüşdü. O, bu qarşılaşmanın da taleyini vaxtından əvvəl həll edərək (10:0) yarımfinala yüksəldi. İdmançımızın yarımfinalda rəqibi türkiyəli Səlçuq Cebi oldu. Rafiq bu mərhələdə də qalib gələrək yarışa tam hazır olduğunu bir daha sübuta yetirərək adını finala yazdırdı - 9:0.
Bu da final. Qızıl medalın taleyi
həll olunur. Rafiqin rəqibi rusiyalı Yevgeni Salayevdir. Görüş 2:0 hesabı ilə
rəqibin xeyrinə başa çatdı.
Yekunda R.Hüseynov Avropa Oyunlarında komandamıza
ilk gümüş medalı
qazandırdı.
59 kq çəki
dərəcəsində dünya
və ikiqat Avropa çempionu Elman Muxtarov mübarizəyə
1/8 final mərhələsindən başlayıb. Təsnifat mərhələsindən azad olan həmyerlimiz
gürcüstanlı Gizo
Meladze ilə güləşib. Hər 2 hissədə
qonşu ölkə təmsilçisindən üstün
olan güləşçimiz
3:1 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Yarımfinala gedən yolda
pəhləvanımız Norveç
təmsilçisi Stiq-Andre
Berqlə qarşılaşıb.
Gərgin keçən döyüşdə
millimizin üzvü qələbəni bayram edib - 7:6.
Təəssüf ki, Elman finala gedən yolda büdrədi. Buna baxmayaraq,
o, bürünc medal uğrunda
mübarizəni davam etdirərək 3-cü yer
uğrunda görüşdə
ermənistanlı Roman Amoyanla
qarşılaşdı. 20 yaşlı güləşçimiz
erməni rəqibini xalçaya çıxmağa
peşman etdi. E.Muxtarov təcrübəli rəqibini
9:1 hesabı ilə məğlub edərək
“Bakı-2015”in bürünc medalına layiq görüldü.
71 kiloqram çəki
dərəcəsində qaliblərin
mükafatlandırılması mərasimində iştirak
edən Prezident İlham Əliyev hər üç yerin sahibinə medalları təqdim etdi.
Dövlət başçısı İlham
Əliyev I Avropa Oyunlarının çempionu
Rəsul Çunayevi təbrik etdi.
Qalib idmançımızın
şərəfinə Azərbaycan
Respublikasının dövlət
himni səsləndi, üçrəngli bayrağımız
qaldırıldı.
* * *
Ölkəmizi 98 kq çəki dərəcəsində təmsil
edən Orxan Nuriyev isə təsnifat mərhələsində
isveçli Teodoros Tounosidislə üz-üzə
gəlib. 20 yaşlı idmançımız təcrübəli
rəqibi qarşısında
0:1 hesabı ilə geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 3:1. Güləşçimiz 1/8 finalda litvalı
Vilius Laurinaitislə qarşılaşıb və
böyükhesablı qələbəyə
sevinib - 9:1. Gənc idmançımız
1/4 finalda rusiyalı İslam Maqomedovla mübarizə aparıb.
Təəssüf ki,
o, təcrübəli rəqiblə
qarşılaşmadan məğlub
ayrılıb - 1:3.
Lakin İ.Maqomedov
finala yüksəldiyindən,
pəhləvanımız təsəlliverici
görüşə qatıldı. Bu mərhələdə Ardo
Arusaarla qarşılaşan
həmyerlimiz 2:0 hesabı
ilə qələbə
qazanaraq bürünc
medal uğrunda yarışmaq
hüququ qazandı.
Lakin üçüncü yer uğrunda görüşdə
türkiyəli Cenk İldemə uduzaraq Avropa Oyunlarını medalsız başa vurdu.
Qeyd edək
ki, yunan-Roma güləşi üzrə
növbəti çəki
dərəcələri üzrə
yarışlar bu gün keçiriləcək.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2015.- 14 iyun.- S. 2.