Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus
Prezidenti Aleksandr Lukaşenkonun görüşü
İyunun
12-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində
iştirak etmək üçün ölkəmizə səfərə
gələn Belarus Respublikasının Prezidenti Aleksandr
Lukaşenko ilə görüşüb.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV dedi:
-Hörmətli Aleksandr Qriqoryeviç. Sizi yenidən görməyimə,
bizim yeni görüşümüzə çox şadam. Biz çox tez-tez
görüşürük – Bakıda da, Minskdə də, başqa yerlərdə də. Hər dəfə də
ünsiyyətdə olmağa,
fikir mübadiləsi aparmağa vaxt tapırıq. Bu görüşlər bizim
münasibətlərimizə dinamizm əlavə edir. Belarus bizə
dost, qardaş dövlətdir.
Biz bu münasibətləri
çox yüksək
qiymətləndirir, qarşılıqlı
siyasi əlaqələr,
iqtisadi əməkdaşlıq
məsələlərində nisbətən qısa müddətdə qazandığımız
uğurlara görə
fəxr edirik. Biz bütün istiqamətlərdə
yalnız müsbət
dinamika görürük.
Bizim münasibətlərimiz
səmimi, etibarlı olması ilə fərqlənir. Bu münasibətlər
bizim qarşıya qoyduğumuz vəzifələri
müvəffəqiyyətlə gerçəkləşdirməyə yönəlib və tabeliyimizdə olanlar bu vəzifələrin öhdəsindən uğurla
gəlirlər. Şadam ki,
Siz birinci Avropa Oyunlarının açılış mərasiminə
gəlməyə vaxt
tapmısınız. Bu,
həm Azərbaycan, həm də Avropa üçün əlamətdar hadisədir.
Bilirəm ki, Belarus Oyunlarda
güclü heyətlə
təmsil olunub. Sizin komandanıza uğurlar və medallar arzulayıram. Azərbaycan və
Belarus komandalarına birlikdə
azarkeşlik edəcəyik.
Bir daha xoş gəlmisiniz.
X X X
Belarus Respublikasının Prezidenti
Aleksandr LUKAŞENKO dedi:
-Sağ olun, İlham Heydər oğlu.
-Əvvələn, mən
buraya gəlməyə
bilməzdim. Çünki vaxtilə, hələ
bu tədbirin keçiriləcəyi barədə
düşünmədən ilk dəfə mən arzumu bildirmişdim ki, biz bu cür
oyunlar keçirək.
Axı Siz və mən
həm də Olimpiya komitələrinin rəhbərləriyik. Asiyada,
Afrikada, Latın Amerikasında bu cür idman tədbirləri keçirilir,
Avropada isə bunu başa düşən yox idi. Ona görə, səmimi
sözümdür, Sizi
təbrik edirəm və Sizə qibtə edirəm. Əvvələn, ona görə
ki, birinci Avropa Oyunları məhz Bakıda keçirilir. İkincisi,
Sizi təbrik edirəm ki, Siz bu Oyunlara
ən qısa müddətdə - cəmi
iki il
ərzində hazırlaşa
bildiniz. Səmimi deyirəm, əgər
Siz bundan əvvəl heç nə etməsəydiniz, bu, mümkün olmazdı. Lakin bu Avropa Oyunları
Sizin bütün tədbirləri başa çatdırmağınıza təkan verdi.
Bu sözlər Dənizkənarı bulvardan
başlayaraq idman obyektlərinə qədər
bütün işlərə
aiddir. Ümumiyyətlə,
çox böyük iş görülüb. Afərin! Biz bu
işin görüləcəyinə
şübhə etmirdik.
Lakin hər şeyin bu qədər gözəl olması bizi, sadəcə olaraq, heyrətləndirdi.
Mən bunu Sizə dünən də demişdim. Afərin!
Bakı çox gözəl şəhərdir. Ən başlıcası,
biz çoxlu obyektlərin
tikildiyi çox şəhərlər tanıyırıq,
lakin Sizin tikdiyiniz binaların bu dərəcədə düşünülmüş, şəraitə uyğunlaşdırılmış
olması hörmətə
layiqdir.
Buna görə Avropa
Oyunlarına qədər
gördüyünüz işlər
münasibətilə Sizi
bir daha təbrik etmək istəyirəm. Əminəm ki, Sizin
idmançılar buna
yüksək uğurlarla
cavab verəcəklər.
İnanın ki, hətta
bizim qələbəyə
ümid bəslədiyimiz
bəzi idman növlərində bizə
qalib gəlsəniz, buna görə qanımız qaralmayacaq.
Çünki biz həqiqətən bir-birimizə yaxınıq
və bizim münasibətlərin yaxşı
təməli var.
Dəvət üçün bir daha sağ olun.
Azərbaycan.-2015.-13 iyun.-S.4.