Azərbaycan Prezidenti İlham Əliyev
İslam Həmrəyliyi İdman
Federasiyasının prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin prezidenti, Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudu iyunun 13-də qəbul edib.
Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarını dövlətimizin başçısına çatdırdı. O, birinci Avropa Oyunlarının açılış mərasiminin yüksək səviyyədə təşkil olunması münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Ölkələrimizin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayan Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Səudiyyə Ərəbistanının Azərbaycan ilə əlaqələrin daha da genişləndirilməsinə böyük önəm verdiyini dedi.
“Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasiminə toxunan dövlətimizin başçısı mərasimdə nümayiş etdirilən kompozisiyanın Azərbaycanın tarixinin, mədəniyyətinin və müasirliyinin ifadəsi olduğunu vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.
Dövlətimizin başçısı Kral Salman bin
Əbdüləziz Əl Səudun salamlarına görə
minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə
Ərəbistanının Kralına çatdırmağı
xahiş etdi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 14 iyun.- S. 4.