Birinci Avropa
Oyunlarının rəsmi açılış mərasimi
iştirakçılarının şərəfinə rəsmi
qəbul təşkil olunub
İyunun
12-də Heydər Əliyev Mərkəzində “Bakı-2015”
birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi
iştirakçılarının şərəfinə Azərbaycan
Prezidenti İlham Əliyevin adından rəsmi qəbul təşkil
olunub.
Rəsmi
qəbulda Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan, Serbiya Prezidenti Tomislav Nikoliç, Monteneqro
Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin sədri Mladen İvaniç, Belarus Prezidenti
Aleksandr Lukaşenko, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov,
Tacikistan Prezidenti Emoməli Rəhmon, Lüksemburq
Hersoqluğunun Böyük Hersoqu Anri, Monako
Knyazlığının şahzadəsi II Albert, San-Marinonun
dövlət başçıları - Kapitan regentləri
Andrea Bellutsi və Roberto Venturini, Bolqarıstanın Baş
naziri Boyko Borisov, Gürcüstanın Baş naziri İrakli
Qaribaşvili, Qırğızıstanın Baş nazirinin
birinci müavini Tayrıbek Sarpaşov, Çexiya Parlamentinin
Deputatlar Palatasının sədri Yan Hamaçek, Slovakiya
Parlamentinin sədri Peter Pelleqrini, Avstriya parlamentinin ikinci
Prezidenti Karlhaynts Kopf, Latviya Parlamenti sədrinin müavini
Andrey Klementiyev, Meksika Senatının xarici əlaqələr
komitəsinin sədri Qabriela Kuevas Barron, Ukrayna Dövlət
Fiskal Xidmətinin sədri, Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan
parlamentlərarası əlaqələr üzrə qrupun
başçısı Roman Nasirov, Qətərin Olimpiya Komitəsinin
sədri Şeyx Cəuan bin Həməd Əl Tani, Səudiyyə
Ərəbistanı Krallığının Şahzadəsi
Abdullah bin Mosaad, Küveytin informasiya və gənclər naziri
Şeyx Salman Əl-Hamoud Əl Sabah, Türkmənistanın
Nazirlər Kabineti sədrinin müavini, xarici işlər
naziri Rəşid Meredov, Türkiyənin xarici işlər
naziri Mövlud Çavuşoğlu, Oman
Sultanlığının idman işləri naziri şeyx Səad
bin Məhəmməd bin Səid Əl-Mərduf Əl-Sədi,
İran İslam Respublikasının idman və gənclər
naziri Mahmud Qudərzi, Türkiyənin energetika naziri Taner
Yıldız, Böyük Britaniyanın xarici işlər
nazirinin müavini və parlamentin üzvü Tobias Martin Elvud,
Vatikanın mədəniyyət nazirinin müavini Luis Marie
Vilyam Sançez De Toca, İSESCO-nun baş direktoru
Əbdüləziz Osman Əl-Tüveycri, Latviyanın sabiq
Prezidenti Valdes Zatlers və digər yüksək səviyyəli
qonaqlar iştirak ediblər.
Azərbaycan
Prezidenti İlham Əliyev və “Bakı-2015” birinci Avropa
Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban
Əliyeva ilk Avropa Oyunlarının açılış mərasimində
iştirak etmək üçün ölkəmizə gələn
dövlət və hökumət başçıları,
tanınmış ictimai-siyasi və idman xadimləri ilə
görüşdülər.
Dünyanın
idman tarixində silinməz iz qoyacaq ilk Avropa Oyunlarının
rəsmi açılış mərasimində yüksək
səviyyəli qonaqların iştirakı bu Oyunların əhəmiyyətini
bir daha təsdiq edir. Avropa Oyunlarına bütün dünyada
böyük maraq var. Qitənin idman tarixində mühüm
hadisə olan bu Oyunların Azərbaycanda keçirilməsinə
qərar verilməsi təbii ki, ölkəmizin beynəlxalq
nüfuzundan və dünyada formalaşdırdığı müsbət
imicdən irəli gəlir. Bu amil həm də Azərbaycanda
idmana göstərilən qayğı, idman sahəsində əldə
olunan uğurlarla da sıx bağlıdır. Avropa idman ailəsinin
bu qərarı Azərbaycandakı ictimai-siyasi sabitliyə və
son illərdə əldə olunan yüksək iqtisadi nailiyyətlərə
inamın təsdiqidir. Prezident İlham Əliyevin hərtərəfli
fəaliyyəti sayəsində Azərbaycan belə nüfuzlu
idman tədbirini keçirmək iqtidarında olduğunu bir
daha bütün dünyaya nümayiş etdirir.
Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi
birinci Avropa Oyunlarının Təşkilat Komitəsi bu tədbirin
yüksək səviyyədə keçirilməsi
üçün bütün səyləri birləşdirdi.
Qısa müddətdə yeni müasir idman obyektlərinin
inşası, mövcud olanların isə əsaslı şəkildə
yenidən qurulması beynəlxalq idman ictimaiyyəti tərəfindən
də yüksək qiymətləndirildi. Ölkəmizdə
bu Oyunları yüksək səviyyədə keçirmək
üçün yaradılan şərait, qısa müddətə
görülən işlər və reallaşdırılan
layihələr bir daha sübut edir ki, beynəlxalq idman ailəsinin
üzvü olan Azərbaycanda başlanılan bütün
işlər vaxtında və yüksək keyfiyyətlə
yerinə yetirilir. Bu isə Avropa Oyunlarının
standartını yaradan Azərbaycanı yenidən
dünyanın diqqət mərkəzinə çevirir. Azərbaycan
da daxil olmaqla Avropanın 50 ölkəsindən 6000-dən
artıq idmançının qatıldığı birinci Avropa
Oyunları dünya idman tarixində mühüm hadisə kimi
qalacaq.
Rəsmi
qəbulda birinci Avropa Oyunlarına dair qısa videoçarx
nümayiş etdirildi.
Dövlətimizin
başçısı İlham Əliyev rəsmi qəbulda
çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Hörmətli
xanımlar və cənablar, əziz qonaqlar.
Mən
sizin hamınızı səmimi qəlbdən salamlayıram.
Xaricdən gələn bütün qonaqlara “Azərbaycana
xoş gəlmisiniz” deyirəm.
Bir
neçə saatdan sonra Bakıda birinci Avropa Oyunları
başlayır. Bu hadisə münasibətilə ilk növbədə
bütün Azərbaycan xalqını, bütün Avropa
xalqlarını təbrik edirəm. Əminəm ki, bu idman
yarışı dostluq, mehribanlıq bayramına çevriləcəkdir.
Bu,
ölkəmiz üçün tarixi hadisədir.
Çünki bu günə qədər ölkəmizdə bu
miqyasda idman yarışları keçirilməmişdir. Eyni
zamanda, bu, Avropa üçün də tarixi hadisədir.
Çünki başqa qitələrdən fərqli olaraq,
Avropada heç vaxt qitə oyunları keçirilməmişdir.
Baxmayaraq ki, olimpizm hərəkatının və olimpizm
ideyalarının vətəni Avropadır. Bu tarixi qərar
2012-ci ilin dekabrında qəbul edilib. Bu qərarın qəbul
edilməsinə görə Avropa Olimpiya Komitəsinə və
şəxsən onun prezidenti cənab Patrik Hikkiyə dərin
minnətdarlığımı bildirmək istəyirəm. Bu
qərar gələcəkdə Avropa idmanının
inkişafında müsbət rolunu oynayacaq.
Qərar
qəbul olunandan sonra biz Azərbaycanda dərhal Oyunların Təşkilat
Komitəsini yaratdıq. Ondan sonra yerli və beynəlxalq
nümayəndələrdən ibarət Əməliyyat Komitəsi
yaradılmışdır. Təşkilat Komitəsi və
Əməliyyat Komitəsi çox fəal işləyərək
qısa müddət ərzində belə mötəbər
idman yarışını hazırlayıb.
Əlbəttə,
bu Oyunların hazırlanmasında könüllülər
çox böyük rol oynamışlar. İyirmi minə
yaxın yerli və xarici könüllü bu Oyunların
keçirilməsi üçün bu illər ərzində
çox fəal işləyiblər. Mən onların rolunu
xüsusilə qeyd etmək istəyirəm. Onların mütləq
əksəriyyəti gənclərdir. Onlar bizim gələcəyimizdir.
Əlbəttə, bu əvəzolunmaz təcrübə gələcək
həyatda onlar üçün müsbət rol oynayacaq.
Azərbaycanda
idmanın inkişafına çox böyük diqqət
göstərilir. İdmanın, Olimpiya hərəkatının
inkişafı Azərbaycanda dövlət siyasətidir.
İdmançılarımız da bizi böyük
uğurlarla, qələbələrlə sevindirirlər. Deyə
bilərəm ki, son Yay Olimpiya Oyunlarında Azərbaycan
idmançıları komanda hesabında 30-cu, Avropa ölkələri
arasında isə 15-ci yerə layiq görülmüşlər.
Gənc
idmançılarımız da bizi sevindirir. 2014-cü ildə
keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarında
Azərbaycan komandası 200-dən çox
iştirakçı arasında 10-cu yerə layiq
görülmüşdür. Bu, onu göstərir ki, gözəl
gənc nəsil yetişir və idmanın ənənələri
möhkəmlənir. Əlbəttə ki, bu, ölkəmizin
inkişafına müsbət təsir göstərir.
İdman
ictimaiyyəti həyatımızın ayrılmaz hissəsidir.
Təsadüfi deyil ki, birinci Avropa Oyunları Bakıda
keçirilir. Hesab edirəm ki, burada
idmançılarımızın uğurları ilə
yanaşı, digər amillər də öz rolunu
oynamışdır. Azərbaycanda çox inkişaf etmiş
idman infrastrukturu yaradılmışdır. Bizim bölgələrimizdə
50-yə yaxın olimpiya idman mərkəzi
yaradılmışdır. Bakıda isə bütün idman
qurğuları, idman obyektləri ən yüksək
standartlara cavab verir. Oyunların iştirakçıları və
qonaqlar özləri bunu təsdiq edəcəklər.
Şəhər
infrastrukturu çox inkişaf edib. Xüsusilə Oyunlara
hazırlıq zamanı bu sahəyə daha böyük diqqət
göstərilmişdir. Nəqliyyat sistemimizin, xidmət
sektorunun təkmilləşdirilməsi, yeni otellərin
açılışı əlbəttə ki, gələcəkdə
Azərbaycana gələn turistlərin sayını
böyük dərəcədə artıracaq. Eyni zamanda,
Avropadan gələn minlərlə qonaq Azərbaycanı
yaxından tanıyacaq. Əminəm ki, onların bir çoxu
gələcəkdə Azərbaycana qayıtmaq istəyəcəklər.
Azərbaycanda
siyasi sabitlik mövcuddur. Ölkənin uğurlu
dayanıqlı inkişafı təmin edilir. İqtisadi
inkişafımız da xalqımızı sevindirir. Bu il
iqtisadiyyat 5 faizdən çox artmışdır. Son 10 il ərzində
isə dünya miqyasında Azərbaycan iqtisadiyyatı ən
sürətli templərlə inkişaf etmişdir və 3 dəfədən
çox artmışdır. Bütün bu amillər, əlbəttə,
bizə imkan verir ki, biz bu Oyunları yüksək səviyyədə
keçirək. Biz buna çalışmışıq və
əminəm ki, qonaqlar Oyunları böyük maraqla izləyəcəklər.
Bir
önəmli amili də qeyd etmək istəyirəm. Bu da
Oyunlara ictimaiyyət tərəfindən verilən dəstəkdir.
Azərbaycan xalqı birinci Avropa Oyunlarının Bakıda
keçirilməsini ürəkdən alqışlayır. Bu,
son iki il ərzində bir növ ümumxalq məsələsinə
çevrilmişdir. Oyunların məşəlini
bütün bölgələrdə, o cümlədən
Bakıda qarşılamaq üçün iki milyona yaxın
insan küçələrə, meydanlara
çıxmışdır ki, məşəli salamlasın
və Oyunlara öz güclü ictimai dəstəyini versin.
Oyunlar
bu gün başlayır. Bu günlər ərzində - iyunun
28-dək idmançılar öz güclərini göstərəcəklər.
Oyunlardan sonra əlbəttə ki, həyat davam edəcək.
Azərbaycan digər böyük mötəbər idman
yarışlarına ev sahibliyi edəcəkdir. 2016-cı ildə
Bakıda Ümumdünya Şahmat Olimpiadası keçiriləcəkdir.
Eyni zamanda, 2016-cı ildə “Formula-1” yarışı
Bakıda keçiriləcəkdir. 2017-ci ildə İslam Həmrəylik
Oyunları Azərbaycanda, Bakıda keçiriləcəkdir.
2020-ci ildə isə futbol üzrə Avropa
çempionatının qrup mərhələsi və dörddəbir
final yarışları Bakıda keçiriləcəkdir. Yəni,
Azərbaycan artıq idmanın inkişafı istiqamətində
öz rolunu dünyaya göstərib. Əminəm ki,
Bakıya gələn və gələcək yarışlarda
iştirak edəcək idmançılar, qonaqlar ölkəmizdən
ən xoş təəssüratlarla ayrılacaqlar.
Oyunlar başlayır. Bütün komandalar
hazırdır. Azərbaycan xalqı
Oyunların başlamasını
səbirsizliklə gözləyir.
Bizim üçün bu tarixi bir gündə
bütün idmançılara,
bütün qonaqlara bir daha “Xoş
gəlmisiniz” deyirəm,
idmançılara uğurlar
arzulayıram. Qoy
güclü qalib gəlsin.
Sağ olun.
Azərbaycan.-2015.- 12 iyun.- S.4-5.