Bütün dünya Azərbaycanın ideal evsahibliyinə şahidlik etdi

 

Azərbaycanın çox qısa zamanda dinamikkompleks inkişafa nail olması, beynəlxalq imicini yüksəltməsi, regionun lider dövlətinə və beynəlxalq birlikdə söz sahibinə çevrilməsi dünya ictimaiyyəti tərəfindən də birmənalı şəkildə etiraf edilən reallıqdır. Cəmi 24 ildir müstəqil yaşayan Azərbaycan dövləti qazandığı hər bir uğurla ortaya bu gün yeni nümunə, model qoyur.

Bu uğurların əsası isə 22 il əvvəl - ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə qoyulub. O dövrdən də Azərbaycanın gələcək inkişafının konturları cızılıb, bugünkü qüdrətli respublikamızın bünövrəsi qoyulub. Ulu öndərin müəyyən etdiyi yenigüclü Azərbaycan strategiyası ötən 12 ildə Prezident İlham Əliyevin əzmkarlığı, qətiyyəti, xarizması, yüksək siyasiliderlik keyfiyyətləri ilə həyata vəsiqə alaraq inkişafı, tərəqqini təmin edib, dünyanın siyasi arenasına güclü və müstəqil Azərbaycan faktorunu çıxarıb. Regionun lider dövlətinə çevrilən Azərbaycan hər sahədə qazandığı müvəffəqiyyətlə və beynəlxalq nüfuzu ilə bu statusu layiqincə daşıdığını təsdiq edib. Bircə faktı göstərmək kifayətdir ki, bu gün Cənubi Qafqazı əhatə edən istənilən beynəlxalq layihənin Azərbaycanın maraqlarını nəzərə almadan həyata keçirilməsi mümkün deyil. Siyasi sahədə Azərbaycanla hesablaşır, məsləhətləşirlər. Cənubi Qafqaz iqtisadiyyatının da əsas ağırlığı Azərbaycanın payına düşür. Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdünya kosmik klubunun üzvü olan dövlətdir. Diqqətçəkən əsas məqamlardan biriodur ki, Azərbaycan tam müstəqil siyasət həyata keçirir. Öz növbəsində bütün bunlar da təsdiq edir ki, Azərbaycan regionun lider dövlətidir və istənilən məsələdə, istənilən sahədə öz sözünü deməyə qadirdir. Ona görə də beynəlxalq birlik hər bir əməkdaşlıq məsələsində Azərbaycanı əsas tərəfdaş kimi qəbul edir.

Azərbaycanın dünya birliyindəki yerini möhkəmləndirən, imicinə müsbət təsir göstərən, söz sahibi olmasını təmin edən amillərdən biri ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsi məkanına çevrilməsidir. İnkişaf edən və regionun lider dövləti statusunu təmin edən Azərbaycan həm də beynəlxalq siyasi, iqtisadi, mədəni və humanitar tədbirlərin keçirildiyi ən unikal məkandır. Əlbəttə, bütün bunlar ölkəmizin artan gücündən və nüfuzundan xəbər verir. Xüsusilə qeyd etməliyik ki, Azərbaycan artıq mədəniyyətlərarası və sivilizasiyalararası dialoqlar mərkəzidir. Ölkəmizin humanitar əməkdaşlığın gündəliyini müəyyənləşdirən təşəbbüslər irəli sürməklə və bu istiqamətdə geniş formatlı tədbirlər keçirməklə multikulturalizmə böyük önəm verən məkana çevrilməsi dünyanın qəbul etdiyi reallıqdır. Mədəniyyətlərarası, sivilizasiyalararası və dinlərarası dialoqlara, humanitar mövzulara həsr olunmuş tədbirlərin keçirilməsi üçün məhz ölkəmizin seçilməsi təsadüfi deyil. Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, xalqların və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün həqiqətən də əvəzsiz məkandır. Bununla bərabər Azərbaycanın sürətli inkişafı, dünya birliyində nüfuzunun artması ölkəmizdə tərəqqiyə və qarşılıqlı anlaşmaya xidmət edən belə konfransların, forumların tez-tez keçirilməsinə təsir göstərir. Bu isə öz növbəsində, qloballaşan dünyada dialoqa, qarşılıqlı anlaşmaya kömək edən amillərdir.

Bir faktı da xüsusi qeyd etmək lazımdır: Azərbaycan dünyada nadir ölkələrdəndir ki, eyni zamanda həm Avropa, həm də Asiyanı təmsil edən müxtəlif beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında təmsil olunur. Bu baxımdan Azərbaycanın siyasi əməkdaşlığa və dialoqa verdiyi töhfələr sanballı olmaqla bərabər, çağdaş çağırışlarla daha çox səsləşir. “Bakı prosesibunun əyani təsdiqidir.

İnkişaf edən Azərbaycan həm də idman ölkəsidir. Bunu həm idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları qələbələr, həm də ölkəmizin tamamilə yenidən qurulan idman infrastrukturu təsdiqləyir. Azərbaycanın son illər bir çox nüfuzlu idman yarışlarına evsahibliyi etməsi də bu kimi diqqəti çəkən faktların nəticəsidir. Məlum olduğu kimi, beynəlxalq idman yarışlarına evsahibliyi etmək üçün ölkələr arasında ciddi rəqabət mövcuddur. Bütün ölkələr ev sahibi olmaq istəyir, amma hər ölkə hər yarışı təşkil etmək gücündə deyil. Azərbaycanda 2000-ci ildən indiyədək 40-dan artıq ən müasir standartlara cavab verən Olimpiya idman mərkəzi, eləcə də hər idman növü üzrə ayrıca idman kompleksi inşa olunub. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi və yeni idman obyektlərinin inşası nəticəsində ölkəmiz mötəbər beynəlxalq yarışların keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. Təkcə son bir neçə ildə onlarla ali idman tədbiri ölkəmizdə təşkil olunub. Bunlar müəyyən kateqoriyalı beynəlxalq yarışlar deyil, əsasən qitə və dünya çempionatlarıdır.

İyunun 12-si təkcə Azərbaycanın deyil, dünyanın və Avropanın idman həyatında ən əlamətdar tarixlərdən biri idi. Çünki həmin gün axşam Bakı Olimpiya Stadionunda uzun müddətdən bəri səbirsizliklə gözlənilən I Avropa Oyunlarının təntənəli açılış mərasimi keçirildi və tarixdə ilk dəfə təşkil olunan bu qitə yarışı özünün əsas mərhələsinə qədəm qoydu. Həmin gün Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi oldular. Dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou heyrətamiz bir mənzərə yaratmaqla hər bir azərbaycanlını qürurlandırdı.

Türkiyə, Rusiya, Belarus, Serbiya, Türkmənistan, Tacikistan, Monteneqro, BosniyaHerseqovina, Monako, Lüksemburqun dövlət rəhbərlərinin, Gürcüstan, Qazaxıstan, Rumıniya, Bolqarıstanın baş nazirlərinin, Beynəlxalq Olimpiya Komitəsi və Milli Olimpiya Komitələri Assosiasiyasının prezidentlərinin, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin, eləcə də San-Marino, İsveçrə, Böyük Britaniya, Slovakiya, Çexiya, İran, Ukrayna, Oman, Küveyt, Qətər və digər ölkələrin yüksək səviyyəli rəsmi şəxslərinin, tanınmış ictimai-siyasi xadimlərin, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələrinin açılış mərasimində iştirak etmək üçün Bakıya gəlmələri I Avropa Oyunlarının mötəbərliyini artırmaqla yanaşı, bu tədbirin əslində qitə miqyasını da aşaraq beynəlxalq əhəmiyyət daşıdığını aydın göstərdi.

İyunun 12-də bütün dünya Azərbaycanın yeni tarix yazmasının, möhtəşəm uğura imza atmasının şahidi oldu. İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın dediyi kimi: “Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir. Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır”.

Qarşıdakı günlərdə bütün Avropanın idman nəbzi Azərbaycanla döyünəcək. Dünyanın idman mənzərəsinin əsas manşeti “Bakı-2015” I Avropa Oyunlarıdır. 50 ölkədən 6 mindən çox idmançı idmanın 20 növü üzrə 253 dəst medal uğrunda mübarizə aparacaq. 12 idman növü üzrə “Rio-2016” Yay Olimpiadasına təsnifat imkanları veriləcək.

I Avropa Oyunları bütün dünyada təsis olunan sonuncu qitə yarışıdır. Amerikada, Asiyada, Afrikada bu tip yarışlar çoxdan mövcuddur. Avropa Olimpiya Komitəsi bu qitənin də belə bir idman müsabiqəsinin olması barədə qərarı 2012-ci ilin dekabrında qəbul etdi. I Avropa Oyunları adı alan bu yarışa evsahibliyi hüququ isə səsvermə yolu ilə Azərbaycana verildi. Prezident İlham Əliyevin “I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması” haqqında sərəncamında bu barədə deyilir: “2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etməsi böyük tarixi hadisədir. Avropa tarixində ilk dəfə təşkil olunan bu Oyunların məhz Azərbaycana həvalə edilməsi Beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir”.

Sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə yaradılan Təşkilat Komitəsinin qarşısında hazırlaşmaq üçün cəmi 2 ildən bir qədər artıq vaxt var idi. Qeyd edək ki, Yay Olimpiya Oyunlarına hazırlıq üçün qarşıda azı 8 il olur. I Avropa Oyunları isə miqyasına və əhəmiyyətinə görə Olimpiya Oyunlarından geri qalmır. Fərq sadəcə Avropa ölkələrini əhatə etməsidir. Bu mənada 2 ilə bu Oyunlara hazırlığı başa vurmaq xüsusi məsuliyyət, gərgin və fədakar zəhmət tələb edirdi. 2013-cü ilin yanvar ayından 2015-ci ilin may ayına qədər olan dövrdə həyata keçirilən hazırlıq tədbirləri göstərir ki, Təşkilat Komitəsi öz işini ən yüksək səviyyədə görüb. Bu dövrdə Oyunların 5 yeni idman mərkəzi tikilib, digər idman kompleksləri yenidən qurulub.

İdmançıların yaşadığı Atletlər kəndində yaradılan şəraitə digər ölkələr sadəcə, qibtə edə bilərlər. Media təmsilçilərinə yaradılan şərait isə ölkəmizə gələn hər bir xarici jurnalistin heyranlığına səbəb olub. İdmançıların, o cümlədən akkreditasiyadan keçən jurnalistlərin, könüllülərin idman qurğularına getməsi üçün xüsusi nəqliyyat vasitələrinin hərəkət marşrutuqrafiki saat dəqiqliyi ilə qurulub.

Əslində ölkəmizdə bu möhtəşəm idman müsabiqəsinin həyəcanı aprelin 26-dan başlayıb. Həmin gün Bakıda “Atəşgah” məbədində I Avropa Oyunlarının məşəli alovlandırıldı və bununla da möhtəşəm idman hadisəsi özünün yeni mərhələsinə qədəm qoydu. Buna görə həmin gün ilk Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşdü. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan “Atəşgah”dan başladı. Prezident İlham Əliyevin alovlandırdığı məşəl Azərbaycanın bütün şəhər və rayonlarını gəzdi və yenidən Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət etdi. Məşəlin estafetinə min nəfərdən çox məşəlçi cəlb olunduregionlardaAlov festival”ları keçirildi. Məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır, alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.

Beləliklə, açılış mərasimi Azərbaycanın gücünü, möhtəşəm tədbirləri keçirmək bacarığını əyani şəkildə göstərdi. Bunu xarici KİV-lər də təsdiqlədi. Möhtəşəm, ecazkar açılış mərasimi həm də ötən dövr ərzində müəyyən mərkəzlərdən idarə olunan antiazərbaycançı şəbəkənin də iflasa uğradığını göstərdi.

I Avropa Oyunlarının yarışları artıq başlayıb. Bütün dünya iyun ayının 28-dək tarixdə ilk dəfə keçirilən bu Oyunların möhtəşəm təşkilinə, Azərbaycanın inkişafına, nümunəvi evsahibliyinə, xalqımızın gözəl dəyərlərinə şahidlik edəcək. Digər tərəfdən, bu möhtəşəm və mötəbər idman tədbirini ən ideal şəkildə keçirməklə Azərbaycan Yay Olimpiya Oyunlarına evsahibliyi edə bilmək imkanlarını nümayiş etdirəcək.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2015.- 14 iyun.- S. 4.