I Avropa Oyunları QURTULUŞun növbəti zəfəridir

 

Qlobal miqyaslı mötəbər tədbirə - ilk Avropa Oyunlarına evsahibliyi edən Azərbaycan XXI yüzillikdə modern dövlətə çevrilmək naminə yürütdüyü ardıcıl, sistemli və məqsədyönlü siyasətin uğurlu sevincini yaşayır. Bu tarixi hadisə göstərir ki, respublikamızın sivil və demokratik dəyərlərə istinad edərək mütərəqqi inkişaf yolu seçməsi onun özünəməxsus milli inkişaf modelinin formalaşması ilə yanaşı, dünya miqyasında siyasi nüfuzunun yüksəlməsini də təmin edib. Bugünün uğurları fonunda qürur və fəxarət hissi doğuran həm də odur ki, Azərbaycan regionda tam müstəqil siyasət yürüdən dövlət kimi çıxış edir.

Xalqımız bu günə çıxmaq üçün çox böyük çətinlikləri dəf etməli olub. 1993-cü ildə tale Azərbaycanı növbəti dəfə ağır sınaqlarla üz-üzə qoyanda vətənini sevən hər kəs yeganə xilaskarı, ümummilli lider Heydər Əliyevi hakimiyyətə çağırıb və bu 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil olub.

1991-1993-cü illərin faciəli, böhranlı günləri, ölkədə ictimai xaosun, siyasi hakimiyyətsizliyin geniş miqyas alması cəmiyyətin ümumi təhlükəsizliyini və dövlətin gələcəyini sual altında qoyurdu. Hakimiyyətdəki qüvvələrin səriştəsiz və heç bir məntiqə sığmayan siyasəti nəticəsində respublikada anarxiya baş alıb gedir, cəmiyyətdə milli-mənəvi dəyərlər kobud şəkildə tapdanır, qanunsuz silahlı dəstələr ölkədə özbaşınalıq edirdilər. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan ulu öndər qətiyyətlə və uzaqgörənliklə ilk növbədə Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürdü, qanunsuz silahlı dəstələri zərərsizləşdirdi. Ümummilli lider Heydər Əliyev dərhal bir qrup ziyalı ilə birlikdə Bakıdan Gəncəyə yola düşərək orada baş vermiş silahlı qarşıdurmanın əsl səbəblərini araşdırdı və onun qarşısını aldı. Gəncədə olarkən “... Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş insanlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdırlar” deyən ulu öndər bir daha prinsipial mövqeyini ortaya qoyaraq, AXC-Müsavat cütlüyünün ölkəni vətəndaş qarşıdurması həddinə çatdırdığını açıq şəkildə bəyan etmişdi. 1993-cü il iyun ayının 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, xaos və hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratmışdı.

1993-cü ilin oktyabrında xalq ulu öndər Heydər Əliyevə etimad göstərərək onu Prezident seçmiş, müdrik liderinin rəhbərliyi altında ölkəmiz davamlı və dönməz inkişaf yoluna qədəm qoymuşdur. Həmin il oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində “Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm” deyən ümummilli lider müstəqil Azərbaycanın milli inkişaf strategiyasını özünəməxsus müdrikliklə irəli sürmüş və onun həyata keçirilməsinə nail olmuşdur.

1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində ulu öndər özünün qətiyyəti ilə Azərbaycan dövlətçiliyini yenidən ağır faciələrdən xilas etdi. Sonrakı mərhələdən etibarən Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquqi islahatlar insan azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb oldu. Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirən ulu öndər sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratiyanın daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına xüsusi diqqətlə yanaşmışdır.

Ümummilli liderin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlarından biri də cəmiyyətin vahidliyinin, bütövlüyünün təmin olunması, milli ideologiyanın sistem halında təqdimatı oldu. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından son dərəcə vacib amil idi və ötən illərin reallıqları da bunu təsdiqlədi. 2001-ci ilin noyabrında Dünya Azərbaycanınlılarının I qurultayında “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyən ulu öndər dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında səfərbər etdi.

Həmin dövrdə respublikada sabitliyin, hüquq qaydalarının bərpası paralel olaraq iqtisadi sahədə də yeni dövrün tələbləri ilə səsləşən radikal islahatların aparılmasına imkan verdi. Ümummilli lider demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın özünəməxsus sosial-iqtisadi inkişaf modelini irəli sürərək onu əsaslandırdı. Respublikanın özünəməxsus cəhətlərini, coğrafi-siyasi mövqeyini, təbii ehtiyatlarını, intellektual və insan resurslarını ciddiliklə nəzərə aldı, sosialyönümlü bazar iqtisadiyyatı yolunu prioritet kimi önə çəkdi.

1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması ilə dünyanın aparıcı neft şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana həm də ən müasir innovasiya və informasiya texnologiyalarını gətirdi. Yeni neft strategiyasının əsas hədəflərindən biri də hərtərəfli iqtisadi inkişaf üçün zəruri maliyyə mənbələri formalaşdırmaq, iqtisadi dividendləri qeyri-neft sektoruna, elmtutumlu istehsal sahələrinin yaradılmasına, bir sözlə, insan kapitalının formalaşdırılmasına yönəltmək idi. Əminliklə demək olar ki, ötən 22 ildə bu məqsədə tam nail olunub, Azərbaycanın neft strategiyası ölkənin bütün həyati əhəmiyyətli sahələrdə yüksəliş və tərəqqini təmin edib.

1996-2003-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində uğurlu islahatlar aparıldı. Bazar iqtisadiyyatı prinsiplərini bərqərar edən qanunlar qəbul olundu, struktur islahatları həyata keçirildi. Torpaq əsl sahibinə - kəndliyə qaytarıldı. Ölkədə özəlləşdirmə prosesi uğurla başa çatdı, orta sahibkarlar sinfi formalaşdı, ümumi daxili məhsul ildən-ilə artmağa başladı. Bunlarla paralel dövlət öz vətəndaşlarının sosial problemlərinin həlli istiqamətində də inamlı addımlar atdı.

1994-cü ildə atəşkəsin elan olunması Azərbaycana nizami ordu quruculuğu yönümündə islahatlar aparmağa imkan verdi. Azərbaycan bir çox ölkələrlə, o cümlədən NATO ilə sıx əməkdaşlığa başladı. Eyni zamanda təşkilatın tribunasından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri açıq bəyan etdi.

Ümummilli liderin rəhbərliyi altında aparılan uğurlu xarici siyasət sayəsində Azərbaycanın dünyanın bir sıra aparıcı dövlətləri, o cümlədən qonşu ölkələrlə münasibətləri sahmana salındı. Diaspor və lobbi quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirildi. Avropaya inteqresiya kursu seçən respublikamız Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər qurumlarla qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurdu.

Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri eyni zamanda onun ciddi təmələ əsaslanmaqla həyata keçirdiyi fəal maarifçilik siyasətində parlaq təcəssümünü tapır. Ötən illərdə Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya təhsil sisteminə inteqrasiyası başlıca vəzifə kimi gündəlikdə oldu, elm və təhsil sahəsində mütərəqqi yeniliklər ardıcıllıqla həyata keçirildi. Ümummilli lider Heydər Əliyevin müstəqillik illərində gənclərin xaricdə təhsilinə xüsusi diqqətlə yanaşması da obyektiv reallıqlarla bağlı idi. Əvvəla, 1990-cı illərin əvvəlində respublikada mövcud olan sosial-iqtisadi, mənəvi böhranla əlaqədar orta və ali təhsilin səviyyəsi aşağı düşmüş, istedadlı müəllimlərin bir qismi ölkəni tərk etmişdi. Digər tərəfdən, respublika yeni iqtisadi sistemi - bazar iqtisadiyyatı yolunu prioritet seçdiyi üçün gənclərin bir sıra yeni ixtisaslara yiyələnməsi zərurəti meydana çıxmışdı.

Bütün bunları nəzərə alan ulu öndər hələ ötən əsrin 70-80-cı illərində əsasını qoyduğu mütərəqqi ənənəni yenidən bərpa etməklə, gənclərə dövlət hesabına xaricdə təhsil imkanı yaratmağı vacib sayırdı. 1994-ci ildən Azərbaycanın bilik səviyyəsi ilə seçilən gənclərinin Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsinə başlanıldı.

Ümumiyyətlə, Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü inkişaf modeli spesifikliyi ilə fərqlənməklə, demokratik dəyərləri özündə maksimum ehtiva edən milli inkişaf prioritetlərini müəyyənləşdirdi. Məhz bunun nəticəsidir ki, Azərbaycan cəmi 24 il müddətində inanılmaz yol qət edərək bir sıra Qərb dövlətlərinin onilliklər ərzində zərrə-zərrə əldə etdiyi iqtisadi tərəqqiyə nail oldu, demokratikləşmə, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi uğurlar əldə etdi.

Milli ideyaların uğurla həyata keçirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesində ən mühüm amillərdən biri də cəmiyyətin milli-mənəvi dəyərlər ruhunda səfərbər olunmasıdır. Bu mənada dövlət müstəqilliyinin Azərbaycan üçün ən böyük töhfələrindən biri sovet dövründə təzyiqlərə məruz qalan milli-mənəvi irsin tam bərpa edilməsi və yeni dövrün tələblərinə uyğun gənc nəslə təqdimatıdır. Ulu öndər bu məqsədlə Azərbaycanın görkəmli şairlərinin, yazıçılarının, elm və incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyevin bu sahədəki mədəni quruculuq siyasəti nəticəsində mənəvi dəyərlərimiz qorunmuş, milli adət-ənənələrimiz yaşadılmış, klassiklərimizin yüzillərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün bütün zəruri addımlar atılmışdır.

Ulu öndər ölkənin ən mürəkkəb mərhələlərində mənəviyyat problemini daim önə çəkmiş, tarixi proseslər içərisində ana dilimizə, tarixi köklərimizə, əxlaqi dəyərlərimizin qorunmasına dair silsilə fərmanlar, sərəncamlar vermişdir. Çünki Heydər Əliyev çox gözəl bilirdi ki, bazar iqtisadiyyatına doğru sürətli irəliləyişdə, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində köklü islahatların aparılmasında milli mentaliteti, mənəvi dəyərləri, əxlaqi sərvətlərimizi və sağlam düşüncə tərzimizi qorumaq ən vacib məsələlərdəndir. Bu baxımdan ümummilli liderin 2001-ci il avqustun 13-də verdiyi bəyanatda göstərilirdi ki, mənəviyyat cəmiyyətdəki daxili nizamın əsas özəyidir. İqtisadi islahatların gedişi, yeni mülkiyyətçi sinfin formalaşması, iş adamlarının mövqelərinin cəmiyyətdə möhkəmlənməsi mənəvi problemlərə, gənc nəslin tərbiyəsinin əsası olan milli dəyərlərə, əxlaqi bünövrəyə diqqət yetirməyi tələb edir.

Bu gün 70 il inzibati-amirlik sistemində yaşamış, milli ideallardan uzaqlaşdırılmış, iqtisadiyyatı səmərəsiz, köhnə texnologiya və infrastruktur üzərində qurulmuş respublikanın qısa müddətdə qazandığı nailiyyətlərin miqyası Azərbaycanla genişmiqyaslı əməkdaşlığa maraq göstərən beynəlxalq təşkilatlarda, habelə aparıcı Qərb dövlətlərində də heyrət doğurur. Qürur hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyevin ulu öndərdən sonra uğurla davam etdirdiyi siyasət Azərbaycanda möhkəm təməllərə söykənən və dinamik sosial-iqtisadi tərəqqini təmin edən siyasi sabitliyin, vətəndaş sülhünün, həmrəyliyin qorunub saxlanılmasına yönəlib. Bu sabitliyi heç bir qüvvə pozmaq, ölkəni xaos, anarxiya burulğanına sürükləmək iqtidarında deyil.

Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemləri həll edib. Qürur doğuran haldır ki, Azərbaycan bu gün bütün regional məsələlərdə əsas simalardan biridir, strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər Azərbaycanla hesablaşır, onun mövqeyini nəzərə alırlar. Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir. Bəzən Azərbaycanın bölgədə artan rolunun qərəzli olaraq respublikanın karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə də rast gəlinir. Bir reallıq sanki unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş və demokratiya yolunda olmayan heç bir ölkə ilə davamlı, uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmayıb. Neftlə, qazla zəngin bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avratlantik məkana inteqrasiya edir. Demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir. Bu günlərdə Bakıda ilk Avropa Oyunlarının keçirilməsi də rəsmi Bakının demokratik inkişaf sahəsində əldə etdiyi uğurlardan irəli gəlir.

Ümumilikdə cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli siyasəti ən müxtəlif sahələrdə uğurla davam etdirməyə qadir siyasi lider olduğunu tam sübuta yetirdi. Vəzifəli şəxslərə etimad prinsipini onların xalqa xidmətinə nəzərən müəyyənləşdirdi, hökumətin xalq qarşısında hesabat verməsini idarəçilikdə xoş ənənə kimi formalaşdırdı. Xalqla birbaşa təmasa üstünlük verərək yerlərdə sıravi vətəndaşlarla görüşdü, onlarla səmimi söhbət edərək problemlərinin həlli istiqamətində çevik qərarlar qəbul etdi. Ulu öndərin həyata keçməmiş arzularını praktik şəkildə gerçəkləşdirməklə xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəldi.

Prezident İlham Əliyevin böyük uğurlarının əsas səbəblərindən biri qətiyyətli və prinsipial rəhbər olmasıdır. Ölkə rəhbəri qısa müddətdə Azərbaycan dövlətçiliyini hər cür cinayətkar qəsddən qorumağa qadir siyasətçi olduğunu, milli maraqlar naminə cəsarətli qərarlar qəbul etmək bacarığını nümayiş etdirdi. Respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş bütün cəhdlərin qarşısı xalqın dəstəyi ilə qətiyyətlə alındı, cəmiyyətdə barış, həmrəylik ovqatı gücləndirildi.

Ümumiyyətlə, dövlət başçısı Heydər Əliyevin siyasi kursunun davamçısı, xalqın lideri olmaq məsuliyyətini yüksək dəyərləndirir və bu da onun cəmiyyət qarşısındakı öhdəliklərə sadiqliyindən irəli gəlir. Hələ 2003-cü ildə andiçmə mərasimində “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm” deyən İlham Əliyev Heydər Əliyevin dövlətçilik irsinə necə sadiq olduğunu ötən müddətdə tam təsdiqlədi.

Prezident İlham Əliyevin qazandığı uğurların bir mühüm səbəbi də var: dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirdi. Bu siyasətin ən böyük uğurlarından biri də Azərbaycan kəndinə şəhər simasının gətirilməsi oldu. Cənubdan Şimala, Şərqdən Qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlərin - ən müasir tələblərə cavab verən yeni məktəblərin, səhiyyə ocaqlarının, körpülərin, yolların və s. tikintisi buna əyani sübutdur. Bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına səbəb oldu, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadı, sevgini və rəğbəti daha da artırdı.

Azərbaycan xalqı həmişə yaxşını pisdən, ağı qaradan seçməyi bacarıb. Bunun nəticəsidir ki, xalq 1993-cü ilin 15 iyunundan - Milli Qurtuluş tarixindən ötən 22 ildə inanılmaz inkişaf yolu keçib. İllərin müqayisəsi fonunda hansı ağır sınaqlardan, çətinliklərdən, təlatümlərdən çıxdığımızın daha çox fərqindəyik. Geridə qalan illər tarix baxımından böyük olmasa da, xaosdan sabitliyə, tərəqqidən sürətli inkişafa keçid mərhələlərini özündə ehtiva edir. Ötən illərdə Azərbaycan iqtisadi, siyasi, hərbi baxımdan gücləndi, sabitlik qorundu, yüksək sosial rifaha doğru ardıcıl addımlar atıldı. Xalqımız ölkədəki siyasi qüvvələr arasında azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər müdrikdir. Bu müdrik seçim həm də obyektiv reallığa, ölkənin son 22 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının hazırkı yaşayış tərzinə əsaslanır.

Bu gün Azərbaycan bayram ovqatındadır. Ölkəmiz I Avropa Oyunlarına evsahibliyi edir. Gərgin yarışlar, uğurlu anlar, qələbələr, nailiyyətlər irəlidədir...

I Avropa Oyunları həm də QURTULUŞun növbəti zəfəri kimi qiymətləndirilir.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2015.- 14 iyun.- S. 5.