Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələri inkişaf edir

 

İyunun 13-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Slovakiya Respublikası parlamentinin sədri Peter Pelleqrini ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, parlamentlərarası əlaqələrin inkişaf etdiyini söyləyib. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişlənməsinin əhəmiyyətini qeyd edən Oqtay Əsədov iqtisadi əlaqələrin də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Milli Məclisin sədri Azərbaycanda keçirilən birinci Avropa Oyunlarından danışaraq deyib ki, ölkəmiz bu möhtəşəm idman tədbirinə yüksək səviyyədə hazırlaşıb.

Peter Pelleqrini Azərbaycana səfərə gəlməkdən məmnun olduğunu deyib. O, birinci Avropa Oyunlarının açılış mərasiminin çox yüksək səviyyədə təşkil edildiyini söyləyib, qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Slovakiya parlamentinin sədri qarşılıqlı səfərlərin təşkilinin və belə görüşlərin keçirilməsinin münasibətlərin inkişafına töhfə verdiyini deyib. Peter Pelleqrini Oqtay Əsədovu Slovakiyaya səfərə dəvət edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 14 iyun.- S. 6.