İtaliyalı idman müxbiri: Birinci Avropa Oyunlarının açılış mərasimi tarixə yazılan hadisədir

 

Birinci Avropa Oyunlarının açılış mərasimi tarixə yazılan hadisədir. Bakıda həqiqətən də hər kəs gözəl, inanılmaz şounun şahidi oldu.

Bu fikirləri iyunun 13-də İtaliyanın “La Reppublica” qəzetinin idman müxbiri Kassimo Sito və italiyalı arxeoloq xanım Paola Karita AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovla keçirilən görüşdə səsləndiriblər.

Baş direktor qonaqlara AZƏRTAC-ın fəaliyyət istiqamətləri və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Bildirilib ki, 95 ildə böyük inkişaf yolu keçən AZƏRTAC hazırda OANA, BSANNA, EANA kimi nüfuzlu informasiya təşkilatlarının üzvüdür, yüzdən artıq informasiya agentliyi ilə əməkdaşlıq edir, onun 21 ölkədə müxbir məntəqələri fəaliyyət göstərir. AZƏRTAC-ın İtaliyanın ANSA və AGİ agentlikləri ilə də geniş qarşılıqlı əlaqələri mövcuddur.

Azərbaycanın bir çox beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyini vurğulayan Baş direktor ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin də təsadüfi olmadığını deyib. Qeyd edib ki, bunun əsas səbəbi Azərbaycanın bütün sahələrdə, cümlədən idmanda qazandığı nailiyyətlər, ölkəmizin beynəlxalq nüfuzunun artmasıdır.

AZƏRTAC birinci Avropa Oyunlarını geniş təbliğ edir, yarışları operativ işıqlandırır və tərəfdaş informasiya agentliklərinə bu barədə müntəzəm xəbərlər çatdırır. Bu barədə də danışan Baş direktor agentliyin “Bakı-2015”-in rəsmi media tərəfdaşı olmasının bu baxımdan geniş imkanlar yaratdığını qeyd edib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafında, xüsusilə mədəniyyət sahəsində əməkdaşlığın dərinləşməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mühüm rolu diqqətə çatdırılıb. Onun təşəbbüsü ilə Roma katakombalarının bərpası, Kapitolini MuzeyininFilosoflar zalı”nda aparılan təmir işləri, ümumiyyətlə, Heydər Əliyev Fondunun İtaliyada mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi tədbirlər məmnunluq hissi ilə xatırlanıb.

Baş direktor Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi 24 ildə demokratiyanın inkişafı, söz və məlumat azadlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, gənc Azərbaycan dövlətinə münasibətdə özünü göstərən bəzi fərqli yanaşma və mövqelər təəccüb doğurur. Hər bir media nümayəndəsinin əsas missiyası fakt və hadisələrə obyektiv yanaşmaq, xalqların və ölkələrin daha da yaxınlaşmasına töhfə verməkdir. Bəzən qərəzli və təxribat xarakterli yazıların KİV-ə yol tapması təəssüfləndirici haldır.

La Reppublica” qəzetinin idman müxbiri Kassimo Sito görüşdən və səmimi söhbətdən məmnunluğunu dilə gətirib, İtaliyanın birinci Avropa Oyunlarında ən böyük nümayəndə heyəti ilə iştirak edən ölkələrdən biri olduğunu vurğulayıb. “Bakı-2015” İlk Avropa Oyunlarının açılış mərasimini böyük maraqla izlədiyini söyləyən K.Sito Bakı Olimpiya Stadionunun öz texniki göstəriciləri ilə onu heyrətləndirdiyini dilə gətirib. O, Bakının dünyaya həqiqətən bənzərsiz və möhtəşəm şou təqdim etdiyini, insanların idmana böyük marağının şahidi olduğunu deyib.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 14 iyun.- S. 13.