Milli Qurtuluş Günü hərbi hissələrdə təntənə
ilə qeyd edilib
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 15 iyun-Milli Qurtuluş Günü ilə bağlı silsilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iyunun 13-də “N” saylı hərbi hissədə keçirilən tədbirdə iştirakçılar əvvəlcə hərbi şəhərcikdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına hörmət və ehtiram əlaməti olaraq gül dəstələri qoyublar.
Polkovnik İlqar Lətifovun giriş nitqindən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyi rəhbərliyinin Silahlı Qüvvələrin şəxsi heyətinə təbriklərini çatdırıb.
Bildirilib ki, 22 ildir xalqımız 15 iyun gününü ümumxalq bayramı kimi qeyd edir. Azərbaycanın “olum, ya ölüm” seçimi qarşısında qaldığı, azadlığımızın və müstəqilliyimizin böyük təhlükə ilə üzləşdiyi 1993-cü ilin dəhşətli iyun günlərində xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ölkəmizin rəhbərliyinə qayıdışı müstəqilliyini yenicə bərpa etmiş respublikamızı məhv olmaq təhlükəsindən xilas etdi və xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olundu. “Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm” deyən ümummilli lider Vətən və xalq naminə çox ağır və məsuliyyətli missiyanı öhdəsinə götürərək bu yolda hər bir azərbaycanlı üçün örnək ola biləcək fədakarlıq nümunələri göstərdi. Unudulmaz dahi rəhbər xalqı öz inamını itirməməyə, məsləyindən dönməməyə, Azərbaycanın müstəqilliyi, milli azadlığı, müstəqil dövlət kimi əbədi yaşaması yolundan çəkinməməyə, ölkəmizi düçar olduğu böhrandan çıxarmağa çağırdı.
Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Milli Ordu quruculuğunda yeni bir mərhələnin əsası qoyuldu. Ulu öndərin xalqa tarixi müraciəti milli şüurun oyanışında, xalqın bir bayraq altında, bir amal uğrunda birləşib, ümumi düşmənə qarşı səfərbər olmasında, ordu ilə xalqın monolit birliyinin yaranmasında, Azərbaycan əsgərinin döyüş və vətənpərvərlik ruhunun yüksəlməsində çox mühüm rol oynadı.
Qeyd olunub ki, Qarabağ müharibəsinin veteranları qanlı döyüşlər getdiyi vaxtlarda əbədiyaşar Ali Baş Komandanımızın tez-tez cəbhə bölgələrinə etdiyi səfərləri, üzərində “Heydər Əliyev uğrunda!” sözləri yazılmış döyüş texnikalarının düşmən üzərinə qətiyyətli hücumlarını yaxşı xatırlayırlar. Məhz müasir Silahlı Qüvvələrimiz ulu öndərin sayəsində yenidən quruldu, formalaşdı, möhkəmləndi və vahid mərkəzdən idarə olunan mütəşəkkil qüvvəyə çevrildi.
Qeyd olunub ki, siyasi fəaliyyəti və zəngin həyat yolu ilə yaddaşlarda əbədiyyət qazanmış ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın iradəsi ilə yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra müstəqilliyimiz üçün təhlükə yaratmış separatçılıq hərəkatına son qoymuş, vətənimizi vətəndaş müharibəsi, dövlətimizi parçalanmaq təhlükəsindən xilas etmiş, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunmasına, cəmiyyətin vahid məqsəd ətrafında daha çox səfərbər edilməsinə və vətənimizin müdafiə qüdrətinin möhkəmləndirilməsinə güclü təkan verib.
Xalqımız və dövlətimiz, eləcə də Silahlı Qüvvələrimizin şəxsi heyəti ümummilli liderin ölkənin siyasi, iqtisadi, mədəni həyatında olduğu kimi, ordu quruculuğu sahəsində də möhtəşəm xidmətlərini heç vaxt unutmur.
Vurğulanıb ki, Azərbaycan Silahlı Qüvvələri ulu öndərin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha da qüdrətlənib və qarşısına qoyulmuş hər bir vəzifəni layiqincə yerinə yetirməyə qadirdir. Ordumuz ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunub.
Əminliklə ifadə olunub ki, xalqına, dövlətinə, Prezidentinə, öz Ali Baş Komandanına arxalanan Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da qazandığı uğur və nailiyyətlərlə xalqımızı sevindirəcək, tezliklə işğal altında olan əzəli və əbədi torpaqlarımızın xilas edilməsinə nail olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qeyd etdiyi kimi, müasir, mütəşəkkil ordunu yaratmaq Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri olub. Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının qurucusu olmaqla yanaşı, həm də müasir Azərbaycan ordusunun yaradıcısı, baş memarıdır.
Xüsusi olaraq vurğulanıb ki, Ali Baş Komandan Prezident kimi fəaliyyətində ordu quruculuğu məsələləri prioritetdir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası durmadan möhkəmlənir, yeni silah və sursatlar, döyüş təyyarə və helekopterləri, zenit-raket kompleksləri, gəmilər alınır, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik ruhu yüksək səviyyədədir.
Tədbirdə Milli Məclisin deputatı, iqtisadiyyat elmləri doktoru, professor Xanhüseyn Kazımlı çıxış edərək ulu öndərin hakimiyyətə qətiyyətli qayıdışı ilə iqtisadi, siyasi və mədəni həyatında, eləcə də ordu quruculuğunda yeni bir mərhələnin başlandığını qeyd edib və böyük iftixar hissi ilə bildirib ki, açılışı olan I Avropa Oyunları ümummilli lider Heydər Əliyevin ardıcıllarının təntənəsidir. Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir, xalqımızın və dövlətimizin nüfuzu durmadan artmaqdadır.
Çıxışının sonunda deputat “Böyük siyasətin davamı” çoxcildliyinin 7 cildini hərbi hissənin kitabxanasına hədiyyə edib.
Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayevin ulu öndərlə bağlı xatirələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Polkovnik Münasib Babayev də hələ Bakı Ali Hərbi Məktəbinin kursantı olduğu vaxtdan ulu öndərlə olan görüşlərini xatırlayıb.
Tədbirin sonunda incəsənət ustalarının ifasında mahnılar səsləndirilib və xatirə şəkli çəkilib.
Hərbi şəhərcikdə görülən
işlərdən məmnun qalan qonaqlar şəxsi heyətin Ali
Baş Komandanın hər bir
əmrinə daim hazır
olduqlarının şahidi olublar.
AZƏRTAC
Azərbaycan.- 2015.- 14 iyun.- S. 15.