Avarçəkənimiz gümüş medal qazandı

 

İyunun 14-də “Bakı-2015” I Avropa Oyunlarında avarçəkmə yarışlarına start verilib. Mingəçevir şəhərindəki “KürOlimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışın ilk günündə atletlər kayakkanoe qayıqlarında mübarizə aparıblar.

I Avropa Oyunlarında avarçəkmə yarışlarına 37 ölkədən 300 idmançı qatılıb. Onların hər biri güclü, müxtəlif titullar qazanmış idmançılardır. Bu idmançıların 40 nəfəri Olimpiya Oyunlarında fəxri kürsüyə çıxıblar. 20 nəfəri isə Olimpiya çempionudur.

I Avropa Oyunlarının avarçəkmə yarışlarında Azərbaycan da təmsil olunur. Ölkəmizin 7 idmançısı ilk gündən mübarizəyə qoşulub. Kayakkanoe yarışlarında Sergey Bezuqlıy, Valentin Demyanenko, Mirnazim Cavadov, Oleksi Kupin, Taras Matviyçuk, Tamerlan Mustafayev, İnna Osipenko-Radomska mükafatlar uğrunda güclərini sınayıblar.

Avarçəkmə yarışları kişi kanoeçilərin 1000 m məsafəyə ilkin yürüşləri ilə başlayıb. 14 idmançı iki yürüşdə qüvvəsini sınayıb. Azərbaycanı təmsil edən Taras Matviyçuk ilk yeddilikdə start xəttinə çıxıb. O, müəyyənləşdirilən məsafəni 4 dəqiqə 4,220 saniyəyə qət edib. Finiş xəttini 4-cü keçən idmançımız növbəti mərhələyə yüksəlib. Kanoeçimiz növbəti mərhələdə 5-ci olub - 3.48,150. T.Matviyçuk ilk üçlüyə düşə bilmədiyindən mübarizəni dayandırıb.

Kişilərin 1000 metr məsafəyə kayak yarışlarının ilkin mərhələsində 31 idmançı qüvvəsini sınayıb. Bu mərhələdə 4 yürüş keçirilib. Təmsilçimiz Tamerlan Mustafayev 1-ci yürüşdə 8-ci zolaqda mübarizə aparıb. O, məsafəni 3 dəqiqə 58,144 saniyəyə qət edib. İdmançımız çıxış etdiyi yürüşü 8 idmançı arasında 8-ci başa vurduğundan yarımfinala yüksələ bilməyib.

Kişilərin ikinəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında 10 cütlük çıxış edib. Təmsilçilərimizdən Avropa çempionu, dünya kubokunun sahibi, dünya çempionatının mükafatçısı Sergey Bezuqlıy və tanınmış idmançı Oleksi Kupin ikinci yürüşdə 7-ci zolaqda mübarizə aparıblar. Məsafəni 3 dəqiqə 46.744 saniyəyə qət edən idmançılarımız 5 cütlük arasında sonuncu olsa da, yarımfinala yüksələ biliblər. Sergey Bezuqlıy və Oleksi Kupin bu mərhələdə də uğurla çıxış ediblər. Onlar həmin məsafəni 3.29.4892 göstərici ilə başa vuraraq finala vəsiqə qazanıblar.

Yığma komandamızın daha bir üzvü İnna Osipenko-Radomska qadınların kayak yarışında uğurla çıxış edib. O, birinci mərhələdə 500 metr məsafəni 1 dəqiqə 51.224 saniyəyə qət edərək finiş xəttinə ikinci çatıb. İnna Osipenko-Radomska yarımfinalda ikinci yürüşdə beşinci zolaqda mübarizə aparıb. O, yarışın yarımfinalında 500 metr məsafəni 1:48.132 göstərici ilə qət edərək finala vəsiqə qazanıb.

İyunun 15-də isə “Bakı-2015” I Avropa Oyunlarının avarçəkmə yarışlarında ilk mükafatçılar müəyyənləşiblər. Yarışın ikinci günündə 5 dəst medal sahibini tapıb. Belə ki, kişilərin 1000 m məsafəyə həm kanoe, həm kayak yürüşlərində qaliblər bəlli olub. Həmçinin kişi cütlükləri eyni məsafəyə kanoekayaklarda da final yürüşünə çıxıblar. Bundan başqa, qadınlar dördlük kayaklarda 500 m məsafədə güclüləri müəyyənləşdiriblər.

Qeyd etdiyimiz kimi, ikinəfərlik kanoelərdə 1000 metr məsafəyə yürüşdə Azərbaycan təmsilçiləri Sergey Bezuqlıy və Oleksi Kupin finala vəsiqə qazanmışdılar. İyunun 15-də idmançılarımız final yarışında iştirak ediblər. Lakin təmsilçilərimiz finiş xəttinə 8-ci çatıblar və mükafat qazana bilməyiblər. Finalda birinci yerə Belarus, ikinci yerə Ukrayna, üçüncü yerə isə Almaniya idmançıları çıxıblar.

Yarışların ikinci günü mübarizə aparan təmsilçilərimizdən Taras Matviyçuk kanoeçilərin, Tamerlan Mustafayev kayakçıların 1000 metr məsafəyə yarışında finala yüksələ bilməyiblər.

“Bakı-2015” I Avropa Oyunları çərçivəsində Mingəçevir şəhərində keçirilən avarçəkmə yarışlarında milli yığma komandamızın üzvü, kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko uğurla çıxış edərək finala vəsiqə qazanıb. İdmançımız 200 metr məsafəni qətetmə yarışının ilkin mərhələsində 3-cü yürüşdə qüvvəsini sınayıb və 38,978 saniyə nəticə ilə birinci yeri tutub. Bununla da o, yarımfinalda çıxış etmədən birbaşa finala vəsiqə qazanıb.

İyunun 14-də kayakla 500 metr məsafədə finala yüksələn İnna Osipenko-Radomska 200 metr məsafədə də ilkin mərhələni uğurla adlayıb. 41,968 saniyə nəticə göstərən avarçəkənimiz 5-ci olmaqla yarımfinala yüksəlib. İnna Osipenko-Radomska bu mərhələdə bütün rəqiblərini qabaqlayaraq 2-ci yürüşün ən yaxşısı olub. O, 40,163 saniyəlik nəticə ilə finala vəsiqə qazanıb.

Digər təmsilçimiz Mirnazim Cavadov isə kayakçıların mübarizəsində çıxış edib. O, ilkin mərhələdə 36,298 saniyə nəticə ilə 7-ci olub. Yarımfinalda mərhələni 36,104 saniyə ilə başa vuran Mirnazim Cavadov 2-ci yürüşdə də 7-ci olub.

İyunun 16-da avaçəkmə yarışları davam etdirilib. İştirakçılar final mərhələsinə yürüşə çıxıblar. Azərbaycan idmançılarından İnna Osipenko-Radomska, Mirnazim CavadovValentin Demyanenko final mərhələsində mübarizəni davam etdiriblər.

Kayak yarışlarında həm 500, həm 200 metr məsafədə medallar uğrunda mübarizə aparan İnna Osipenko-Radomskanın ilk cəhdi uğursuz olub. İdmançımız 500 metr məsafədə finiş xəttinə 5-ci çatıb. Final yürüşündə Macarıstan idmançısı Danuta Kozak qalib gəlib. Avstriya idmançısı İvon Şurinq ikinci, polşalı Evelina Voynarovska üçüncü yerə çıxıb.

200 metr məsafədə kayak yarışlarının final yürüşündə isə İnna Osipenko-Radomska 6-cı olub. Digər idmançımız Mirnazim Cavadov 200 metr məsafəyə kayak yarışlarında finiş xəttini 7-ci keçib.

Azərbaycan avarçəkənlərindən medalı kanoeçi, 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko qazanıb. İdmançımız kanoeçilərin 200 metr məsafəyə yarışında finiş xəttinə ikinci çataraq gümüş medalın sahibi olub.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2015.- 17 iyun.- S. 5.