İdman mübarizə olsa
da, sülhün elçisidir
Azərbaycan I Avropa Oyunlarına evsahibliyi
etməklə
dünyaya bir daha sülhsevər
ölkə olduğunu göstərir
Avropanın idman tarixinə yeni səhifə yazılır. Qoca qitənin ən titullu, ən adlı-sanlı idmançıları tarixdə ilk dəfə öz aralarında kimin daha güclü olduğunu müəyyənləşdirməyə başlayıblar. Bu möhtəşəm yarışlara evsahibliyini isə Avropanın tarixi baxımdan qədim, ancaq müstəqil dövlət kimi gənc ölkəsi olan Azərbaycan edir.
Artıq
ilk Avropa Oyunlarına
start verilib.
Oyunların məşəli ölkənin bütün
regionlarını, eləcə
də paytaxtı dolaşaraq Olimpiya Stadionunda şölələnməyə
başlayıb. İndidən
demək mümkündür
ki, 18 arenada 20 idman və 30 yarış növü üzrə keçirilən
yarışlar azarkeşlərə
gərgin mübarizə
vəd edir. Zarafat deyil, Azərbaycana Avropanın ən güclü idmançıları
toplaşıblar. Avropa isə
dünyada idmanın ən çox inkişaf etmiş qitəsidir. Yunanıstanın timsalında bu qitə həmçinin beynəlxalq arenada sülhün, barışın
ən böyük elçisi sayılan olimpiadanın vətənidir.
İndi budur, ilk Avropa Oyunlarına evsahibliyi etməklə sülh, barış estafetini Azərbaycan qəbul edib. Və bununla dünyaya
bir daha göstərir ki, Azərbaycan dinc ölkə, xalqımızsa
sülhsevərdir. Hətta
ötən əsrin
80-ci illərinin sonlarında,
hələ keçmiş
SSRİ-nin tərkibində
olarkən Dağlıq
Qarabağ münaqişəsində
qarşılaşdığımız və bugünəcən davam edən haqsızlıqlara, ikili standartlara baxmayaraq, Azərbaycan dövləti
və xalqı yenə də problemin qansız-qadasız,
danışıqlar yolu
ilə, amma beynəlxalq hüquq normaları çərçivəsində
həllinə tərəfdardır
və bu mövqeyini o vaxtdan indiyəcən ən yüksək səviyyələrdə
ən müxtəlif tribunalardan dönə-dönə
bəyan edir.
Ümumiyyətlə, ötən əsrin 90-cı illərinin
əvvəllərində müstəqilliyini
bərpa etdikdən sonra, xüsusən ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı
ilə Azərbaycanın
xarici siyasətinin əsasını sülh,
beynəlxalq hüquq normalarına, o cümlədən
sərhədlərin bütövlüyünə
və toxunulmazlığına,
dövlətin ərazi
bütövlüyünə hörmət və qarşılıqlı əməkdaşlıq
prinsipləri təşkil
edib. Müasir beynəlxalq normaları
özündə əks
etdirən bu sülhsevər prinsiplər
isə gənc dövlətin dünyaya sivil ölkə kimi təqdim olunması ilə yanaşı, həm də milli müstəqilliyin
möhkəmləndirilməsinə və bütün mübahisəli məsələlərin
siyasi müstəvidə
sülh yolu ilə həll edilməsinə çağırış
idi. 1994-cü ildə
Qarabağ münaqişəsinin
həlli çərçivəsində
atəşkəsə nail olunması
isə Azərbaycanın
həmin prinsiplərə
sözdə yox, əməldə sadiq olduğunu göstərdi.
Yeri gəlmişkən vurğulayaq
ki, həmin mürəkkəb dövrdə
ölkəmizə rəhbərlik
edən ulu öndər Heydər Əliyevin xalq və tarix qarşısında
ən böyük xidmətlərindən biri,
bəlkə də birincisi kəskin geosiyasi ziddiyyətlər şəraitində Azərbaycan
dövlətçiliyinin bünövrəsini
qoyması və sonrakı illərdə onu inkişaf etdirməsidir. Bunun üçün
isə ölkəyə
və xalqa ilk növbədə sülh,
dinclik lazım idi. Lazım idi ona görə
ki, Azərbaycan ayaqda qalsın, inkişaf etsin, möhkəmlənsin, xalq
səngərdən çıxıb
tarlaya, zavoda qayıtsın, silahı yerə qoyub oraq, çəkic götürsün, şəhidlərin
yox, dünyaya gələn körpələrin
sayı artsın və s. Sülh həmçinin o dövr gənc olduğu qədər də kasıb olan Azərbaycana sərmayə
qoymağa hazırlaşan
xarici investorlara lazım idi. Heç kim
inkar edə bilməz ki, Qarabağ cəbhəsində
atəşkəsə nail olunmasaydı,
elə həmin il “Əsrin müqaviləsi” imzalanmazdı.
O “Əsrin müqaviləsi”
ki, dünənki, bugünkü və gələcək uğurlarımızın
bünövrəsidir, o “Əsrin
müqaviləsi” ki, imzalandığı andan həm də sülhə, barışa
xidmət edib.
Heydər
Əliyevin sülh
siyasəti Azərbaycanda
bu gün də həyata keçirilir. Prezident İlham Əliyevin
rəhbərliyi ilə
bu siyasət nəticəsində Azərbaycan
regionda lider, dünyada isə ən sürətli inkişaf edən ölkəyə çevrilmişdir.
2003-cü ildən - cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən bəri ölkənin iqtisadi potensialı güclənmiş,
əhalinin həyat səviyyəsi, güzəranı
xeyli yaxşılaşmışdır.
Ölkəmizin beynəlxalq aləmdə
yerinin möhkəmlənməsi,
söz sahibinə çevrilməsi də artıq əksəriyyətin
qəbul etdiyi danılmaz faktlardır.
Bu gün Azərbaycan
kosmos ölkəsidir,
orbitdə 2 peykimiz
var. Azərbaycan həm
də nüfuzlu beynəlxalq tədbirlərin
keçirildiyi ünvandır.
Həmin
tədbirlərin məzmunu
isə sayları qədər müxtəlifdir.
Təsadüfi deyil ki, indi ölkəmiz mədəniyyətlərarası və sivilizasiyalararası
dialoqların keçirildiyi
mərkəzlərdən biridir.
Bütün bunlar və
qeyd etmədiyimiz neçə-neçə fakt
Azərbaycanın beynəlxalq
nüfuzundan, sülhməramlı
xarici siyasətindən
xəbər verir.
Bu artan nüfuzun
və həyata keçirilən sülhməramlı
siyasətin nəticəsini
isə ölkəmizin
BMT-nin Təhlükəsizlik
Şurasına üzv
seçilməsi zamanı
bütün dünya da gördü. 155 ölkənin
səs verməsi ilə dünyanın ən ali
orqanına qeyri-daimi üzv seçilməyimiz
sıradan bir hadisə deyildi. Bu, ilk növbədə
Azərbaycanın xarici
siyasət kursunun qələbəsi idisə,
digər tərəfdən
dövlət başçısı
İlham Əliyevin praqmatik fəaliyyətinin
göstəricisi idi.
Çünki beynəlxalq
münasibətlər sistemini
dəqiq bilmək, lazım gəldikdə əks mövqelər hazırlamaq, ölkənin
xarici siyasətinin doktrinasının tələblərinə
uyğun real və çevik manevrlər etmək, bu planda BMT müstəvisində,
xüsusilə BMT Baş
Məclisinin sessiyalarında
Azərbaycanın maraqlarının
müdafiəsi üçün
tədbirlər görmək
məhz Prezident İlham Əliyevin siyasi dəst-xəttidir. Söz düşmüşkən
onu da qeyd
edək ki, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında
bu mötəbər quruma seçilmiş ilk,
MDB məkanında isə
Ukraynadan sonra ikinci dövlətdir. Onu da xatırladaq ki, Ukrayna BMT-nin 1945-ci ildən üzvüdür.
Ümumiyyətlə, Azərbaycan həmişə
dünya siyasətində
söz sahibi olan bütün ölkələrlə əlaqələrini
daha da möhkəmləndirməyə,
sülh, sabitlik və iqtisadi əməkdaşlıq təşəbbüslərini
fəal şəkildə
dəstəkləməyə çalışır. Ölkəmizin
belə bir mövqe nümayiş etdirməsinin xüsusən
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli fonunda mühüm əhəmiyyəti
var. Elə işğal
altındakı ərazilərimizin
azad olunması, məcburi köçkünlərimizin
doğma yurdlarına qayıtmaları və Azərbaycanın Ermənistan
tərəfindən pozulmuş
ərazi bütövlüyünün
bərpa edilməsinin
xarici dövlətlərlə
həm ikitərəfli,
həm də çoxtərəfli formatda
keçirilən tədbir
və görüşlərdə
daim gündəliyə
gətirilməsinin də
səbəbi budur.
Prezident
İlham Əliyevin sözləridir: “Əgər
məsələni sülh
yolu ilə həll etmək üçün bizə daim mesajlar göndərən
tərəfdaşlar doğrudan
da istəyirlər ki, bölgədə sülh olsun, Ermənistan işğal olunmuş torpaqlardan çıxmalıdır. Çünki əks təqdirdə məsələnin başqa
yolla həlli istisna deyildir. Biz bunu heç
vaxt istisna etməmişik. Beynəlxalq hüquq
bu haqqı bizə verir. Sadəcə
olaraq, Azərbaycanın
sülhsevər siyasəti,
bölgədə gedən
proseslərə artan məsuliyyəti və Azərbaycanın bölgədə
artıq sabitləşdirici
amil kimi, çıxış etməsi
bizi bu radikal
addımlardan hələ
ki çəkindirir.
Ona görə məsələnin
tezliklə həlli hər tərəfin marağında olmalıdır”.
Amma təəssüf ki, regionun ən “yaşlı” probleminin ədalətli həllinə
hələ də maraqlı olmayan qüvvələr qalır
və onlar 27 il əvvəl hansı mövqe nümayiş etdirmişlərsə,
bu gün də ondan uzağa
getmirlər. Sanki Azərbaycanın
səbri ilə oynayırlar, sülhməramlı
xarici siyasətinin “davamlığı”nı yoxlayırlar. Lakin nahaq, Azərbaycan sülhsevər olduğu qədər də qürurlu ölkədir, heç vaxt ərazisinin işğalda
qalması ilə barışmayacaq, bu gün də olmasa, sabah
ədaləti bərpa
edəcək.
İndi isə Azərbaycan sülh elçisinə -
ilk Avropa Oyunlarına evsahibliyi edir. Bununla ölkəmiz yarışların
keçirildiyi müddətdə
nəinki Avropanın,
həm də bütün dünyanın
sülh-idman mərkəzi
hesab olunur. Və hamı bir daha
şahidlik edir ki, bu missiyanın
Azərbaycana etibar olunması təsadüfi deyil, Avropanın bu kiçik ölkəsi böyük imkanlara malikdir və həmin imkanlardan biri də regionda sülhün, əmin-amanlığın
dayağı olmasıdır.
Raqif MƏMMƏDOV,
Azərbaycan.-2015.- 13 iyun.- S.9.