Hər dəqiqəsi bir tarix, hər günü bir zəfər

 

Azərbaycan idmançılarının “Bakı-2015”də parlaq qələbələri davam edir

 

Ölkəmizdə böyükdən kiçiyə hər kəs bayram əhvali-ruhiyyəsindədir. İyun ayının 12-dən bir daha dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycanda yeni tarix yazılır və bu tarixi məhz Şərqlə Qərb arasında körpü olan Azərbaycan dövləti yazır. I Avropa Oyunlarının möhtəşəm və bənzəri olmayan açılış mərasiminin xoş təsiri keçməmiş idmançılarımızın üst-üstə qazandıqları zəfərlər respublikamızın hər yerində bir qələbəlik yaradıb. İdmançılarımızın qələbələri isə davam edir. Hər gün idman arenalarında dövlət himnimiz səslənir, bayrağımız ən yüksəklərdə dalğalanır. Finala yüksələn idmançılarımızın oyunlarını azarkeşlərlə bərabər, Azərbaycan Prezidenti İlham Əliyev şəxsən izləyir və qızıl medalları atletlərimizin boynundan asaraq onları təbrik edir. Əlbəttə bu, digər idmançılarımıza əlavə stimul verir və keçirdikləri döyüşlərdə inamla mübarizə aparırlar. Nəticə isə göz önündədir. Qazanılan medalların sayı hər gün artır.

Azərbaycan Milli Olimpiya Komitəsi isə iyun ayının 13-dən etibarən atletlərin, jurnalistlərin və idman ictimaiyyətinin doğma ocağına çevrilib. Çünki Azərbaycan bayrağını ən yüksək kürsülərdə dalğalandıran çempionlar və “Bakı-2015”in gümüş, bürünc mükafatçıları yarışlardan sonra Azərbaycan Milli Olimpiya Komitəsinin təşkil etdiyi “Zəfər Günləri”nə qatılaraq mükafatlandırılırlar. Atletlərimiz ailə üzvləri ilə birgə bu bayram törəninə qatılıb öz sevinclərini hər kəslə bölüşürlər.

İyunun 14-ü, 15-i və 16-da “Hər gün bir tarix, hər gün bir zəfər” devizi altında keçirilən “Zəfər Günləri”ndə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva və məşqçilər, idman ictimaiyyətinin nümayəndələri, idmançıların ailə üzvləri çıxış edərək ürək sözlərini söyləyir, medal qazanan atletlərimizə yeni nailiyyətlər arzulayırlar. Mükafatlandırma mərasimindən sonra atletlər media nümayəndələri ilə görüşüb öz təəssüratlarını bölüşürlər. Qəzetimizin əməkdaşı ilə söhbətlərində idmançılarımız maraqlı fikirlər səsləndiriblər. Onların xoş təəssüratları ilə tanış olun:

“Son saniyədə gələn çempionluq inanılmaz idi”

 Firdovsi FƏRZƏLİYEV (karate, 60 kq) Avropa Oyunlarının qalibi:

- Mən Abşeron rayonu Ceyranbatan qəsəbəsində yaşayıram. İdmançı yoldaşım Rafael Ağayev (“Bakı-2015”in çempionu) isə Sumqayıt şəhərində yaşayır. Biz “Bakı-2015”ə hazırlıq müddətində paytaxtda kirayə ev tutub birlikdə qalırdıq. Bunu məşqlərə gecikməmək, komanda yoldaşlarımızdan geri qalmamaq üçün etmişdik. Ancaq zəhmətimiz hədər getmədi. İlk olaraq məşqçilərimə təşəkkür edirəm. Onların üzərimizdə əziyyətləri var. 6 ay çətin məşqlər keçdik. Hazırlığımız yüksək səviyyədə idi. Bu yarışa çox ciddi hazırlaşmışıq. Bu hissləri yaşamaq lazımdır. Bayrağımız yüksəkliyə qalxdı və medalı mənə Prezident İlham Əliyev təqdim etdi. Bundan böyük sevinc hissi ola bilməz. Ona görə də cənab Prezidentə minnətdarlıq edirəm.

Yarışda az qalırdı məğlub olum. Həmin anda azarkeşlər mənə böyük dəstək oldular. Fikrimi toplayıb son zərbəni vurmaq istəyirdim. Rəqib isə yaxşı qorunurdu. Hakim ona xəbərdarlıq etmişdi. Son saniyədə vurduğum zərbə rəqibi meydandan kənara çıxardı və hakim ona növbəti xəbərdarlığı etdi. Bu isə mənim qələbəmlə nəticələndi. Bu, inanılmaz idi, mən bunu bacardım. Bütün Azərbaycan xalqına dəstək olduğu üçün minnətdarlıq edirəm.

 “Böyük məsuliyyətin öhdəsindən layiqincə gəldik”

Rafael AĞAYEV (karate, 75 kq) Avropa Oyunlarının qalibi:

- Hər kəsin qarşısında baş əyirəm. Bu, tək mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir. Avropa Oyunlarının ilk dəfə məhz Bakıda keçirilməsi və karatenin də yarış növü kimi oyunların idman növləri sırasına daxil edilməsi bizdə böyük həvəs yaratmışdı. Bu yarışa 6 aydır ki, hazırlaşırdıq. Yaxşı təlim-məşq toplanışı keçmişik. İnanırdım ki, bu Avropa Oyunlarında karateçilərimiz uğur qazanacaq. Dəfələrlə beynəlxalq yarışlarda çempionluq hissi yaşamışam. Ancaq Avropa Oyunlarının yeri tam başqa və üzərimizdə böyük məsuliyyət var idi. Biz də bunun öhdəsindən layiqincə gəldik.

Keçirdiyim oyunlar zamanı azarkeşlər mənə böyük dəstək oldular. Ancaq mən zalda iki dəfə əlimi qaldırıb sakitçilik yaradılmasını istədim. Sadəcə, elə an olur ki, fikrimi cəmləyə bilmirəm. Adımı çağıranda da fikrim yayınırdı. Bu səbəbdən də zalda sakitçilik yaşandı və dəqiq zərbələrlə qızıl medala sahib çıxdım. Bu qələbəmə və idmana böyük dəstəyinə görə cənab Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. İdmançı yoldaşlarıma da tövsiyə edirəm ki, həmişə yaxşılardan örnək götürsünlər. Onda medalların sayı çox olacaq və uğurların sayı artacaq. İdman sürprizlərlə doludur. Peşəkar idmançı udub-uduzmağı bacarmalıdır.

“Sevincimdən göyün 7-ci qatındayam”

Mariya STADNİK (güləş, 48 kq) Avropa Oyunlarının qalibi:

“Bu qələbəmi bir il əvvəl həyatdan köçmüş qayınatamın xatirəsinə həsr edirəm”

- Çox sevinirəm ki, qızıl medal qazanmışam. Bu mənim üçün böyük şərəfdir. Mən həm də Avropa Oyunlarının elçisi idim, daha sonra məşəli daşıyanlardan biri oldum. İndi isə Avropa Oyunlarının qalibiyəm. Buna görə çox xoşbəxtəm.

İlk növbədə, Prezident İlham Əliyev və onun ailəsinə minnətdarlığımı bildirirəm. Mən gözəl güləş göstərmək istəyirdim ki, hamının xoşuna gəlsin. Buna nail olduğuma görə çox sevinirəm.

Rəqiblərimə gəlincə, hesab edirəm ki, polşalı idmançı güclü idi. Ümumiyyətlə, dünya səviyyəsində rus və yapon güləşçilərini digərlərindən daha güclü hesab edirəm.

“Ölkəmə həm əsgər, həm də idmançı kimi qızıl medal qazandırdım”

Rəsul ÇUNAYEV (yunan-Roma güləşi, 71 kq) Avropa Oyunlarının qalibi:

- Qürur duyuram ki, ölkəmizə həm bir əsgər kimi, həm də bir idmançı kimi qızıl medal qazandırdım. Bu, bütün Azərbaycan xalqının qələbəsidir. Bizim üçün yaradılan belə gözəl şəraitə yalnız qızıl medal yaraşır. Bunu qızıl medalı boynumdan asan dövlət başçısına da söylədim. Ümid edirəm ki, qələbələr davam edəcək. Qələbəmdə əməyi olan bütün insanlara, başda Prezident İlham Əliyev olmaqla, Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə, Güləş Federasiyasına, “Neftçi” İdman Klubuna öz təşəkkürümü bildirirəm. Hamı keçən il mundialda bürünc medal əldə etdikdən sonra olduğu kimi, yenə əsgəri salam verməyimin səbəbini soruşur. Bir daha qeyd edim ki, həmin vaxt 1 ayın əsgəri idim. İndi isə hərbi xidmətimin sonuna 1 ay qalıb. Qarşıda ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək dünya çempionatı var. Artıq bir neçə gündən sonra o yarışa hazırlaşmağa başlayacam. Bu, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Burada da ölkəmizin idman şərəfini layiqincə qorumağa və göstərilən etimadı doğrultmağa çalışacağam.

“Qazandığım bu qələbəni anama həsr edirəm”

Elvin MÜRSƏLİYEV (yunan-Roma güləşi, 85 kq) Avropa Oyunlarının qalibi:

- Qarşıma məqsəd qoymuşdum ki, çempion olacağam. Finala qədər gəlmişdim, qızılı əldən vermək istəmirdim. Şükürlər olsun ki, qızıl medalı qazandım. I Avropa Oyunlarında qazandığım bu qələbəni anama həsr edirəm.

Ən çətin görüşüm Gürcüstan və Rusiya idmançıları ilə oldu. Gürcüstan idmançısı ilə ötən il dünya çempionatında görüşmüşdüm, rus idmançı ilə isə ilk dəfə idi qarşılaşırdım. Bu, ilk Avropa Oyunlarıdır. Bu Oyunlarda hər bir idmançı istəyər ki, qızıl medal qazansın. Şükürlər olsun ki, mən də qızıl medal qazandım. Adımı Azərbaycan idmanının, eləcə də Avropa Oyunlarının tarixinə yazdım.

İlk Avropa Oyunlarının qalibi kimi Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram. Dövlət başçısının göstərdiyi diqqət və qayğı göz qabağındadır. Onun göstərdiyi diqqət, qayğı və əziyyət hədər getmədi. Bütün idmançılarımıza azarkeş dəstəyi inanılmazdır. Xarici idmançılar da deyirlər ki, sizin xalqınızın dəstəyi qələbələrinizdə böyük rol oynayır.

 “Belə bir fantastik finalın baş tutacağını gözləmirdim”

 İrina ZARETSKA (karate, 68 kq) Avropa Oyunlarının qalibi:

- Avropa Oyunlarına çox ciddi hazırlaşırdıq. Bilirdik ki, üzərimizdə məsuliyyət var. Hər gün həm məşq edirdim, həm də Azərbaycan himnini öyrənirdim. 3 ay müddətində Azərbaycan himnini öyrəndim. Hiss edirdim ki, çempion ola bilərəm. Ən ciddi rəqibimin də kim olacağını bilirdim. O da finalda mənə rəqib oldu. Belə bir fantastik finalın baş tutacağını düşünmürdüm. Mən hələ də heyrət içindəyəm.

Bütün qüvvəmi toplayaraq özümü yalnız buna hazırlayırdım. Finalda tamaşaçılar sanki mənə enerji verdilər. Hesabda geri idim. Azarkeşlərin dəstəyi məni ruhlandırdı. İlk dəqiq zərbəni endirdikdən sonra hiss etdim ki, rəqib özünü itirib. O, üzərimə hücum edirdi və çalışırdı ki, başıma zərbə endirsin və qələbə qazansın. Ancaq əksinə oldu. Mən dəqiqliklə onun baş nahiyəsinə zərbə endirdim və bu, qələbə demək idi. Ən güclü rəqibimə 8:1 hesabı ilə qalib gəldim. Göz yaşlarımı saxlaya bilmirdim. Bu medal mənim həyatıma qızıl hərflərlə yazıldı.

 “Avropa Oyunlarının qızılla yazılan tarixinə qızıl medalla imza atdım”

 Ayxan MAMAYEV (karate, 84 kq) Avropa Oyunlarının qalibi:

- Yanvar ayından ciddi hazırlıqlara başlamışdıq. Həmişə arzum idi ki, bu yarışlar

keçirilsin və bayrağımızı yüksəklərə qaldırmaq üçün əlimdən gələni edim. Hər kəsin qarşısında baş əyirəm. İlk növbədə valideynlərimə, məşqçilərimə təşəkkür edirəm. Cənab Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. İslam Oyunlarından sonra bildik ki, karate Avropa Oyunlarının proqramına daxil edilib və çox sevindik. Bu günü gözləyirdik.

Mən yarımfinal və final oyunlarını zədəli-zədəli oynadım. Yarımfinal matçından öncə üzümdə ağrı hiss edirdim. Həkimlərimizə dedim və məlum oldu ki, almacıq sümüyüm qırılıb. Həkimlərimiz əllərindən gələni etdilər ki, mən döyüşümü davam etdirim. Yarımfinalda zədəni hiss edirdim. Amma finalda həm həyəcan, həm də azarkeşlərin dəstəyi ağrımı unutdurdu. Yalnız qələbə barədə düşünürdüm və buna nail oldum. Avropa Oyunlarının qızılla yazılan tarixinə qızıl medalla imza atdım. Bu, qürurvericidir.

“Ümidləri doğrultduğuma inanıram”  

Rafiq HÜSEYNOV (yunan-Roma güləşi, 80 kq) Avropa Oyunlarının gümüş mükafatçısı:

- Təbii ki, qızıl medalın sevinci başqadır. Amma gümüş medal qazanmağım da göstərir ki, demək olar ümidləri doğrultmuşam.

Son 8 ay ərzində Avropa Oyunlarına ciddi hazırlaşırdıq. Hətta bu səbəbdən ailə üzvlərimizi görə bilmirdik. İndi medal qazandım və bir qədər dincələ bilərəm.

Keçirdiyim oyunlara gəlincə isə deyə bilərəm ki, finala qədər bütün rəqiblərimi vaxtından əvvəl məğlub etdim. Finalda isə rəqibim Rusiya güləşçisi idi. Final görüşünün hakimi məni parter vəziyyətində çox saxladı. Düzdür, bu, çempionluğun yerini vermir. Amma əsas odur ki, medalsız qalmadım. Bu, yaxşı nəticədir. Ümidləri doğrultduğuma inanıram. Buna da şükür olsun. Artıq bir müddət istirahət edəcəm.

 “Oğlumun boynuna qızıl medal asmaq istəyirdim, amma bürünc oldu”

 Niyazi ƏLİYEV (karate, 67 kq) Avropa Oyunlarının bürünc mükafatçısı:

- Çox sevinirəm ki, Avropa Oyunlarını mükafatçı kimi başa vurdum. Turnir çox yaxşı keçdi. Paytaxtımıza güclü idmançılar toplaşıblar. İlk Avropa Oyunlarında medal qazanaraq mən də tarixə düşdüm və buna çox sevinirəm. Lakin qızıl medal qazana bilmədiyimə görə çox məyusam. Düzdür, bürünc medal da pis deyil. Keçən dəfə Burak Uyqurla Avropa çempionatında qarşılaşmışdım. Mənə təsir edən uduzmağım yox, oğlumun boynuna qızıl medal asa bilməməyimdir. O məni tribunadan izləyirdi. Heç kim istəməz ki, səhv etsin. Bu, idman şanssızlığıdır. Yarışa çox ciddi hazırlaşmışdıq. Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm.

 “Bu medal çəkilən əziyyətin və yaşadığım çətin günlərin bəhrəsidir”

Nuranə ƏLİYEVA (karate, 50 kq) Avropa Oyunlarının bürünc mükafatçısı:

- Tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarında medal qazandığım üçün özümü çox şanslı hiss edirəm. 2010-cu ildə Avropa çempionatında 3-cü yeri tutmuşdum. Həmin vaxtdan sonra böyük nailiyyətim olmamışdı. Bu da psixoloji baxımdan mənə çox pis təsir edirdi. Ağladığım, üzüldüyüm və idmandan getməyi düşündüyüm vaxtlarım belə olub. Amma sonu yaxşı oldu. Avropa Oyunlarında qazandığım bürünc medal uzun müddətli hazırlıq prosesinin, çəkilən əziyyətin və yaşadığım çətin günlərin bəhrəsidir. “Bakı-2015”də bürünc medal qazanmaq mənim üçün böyük fəxrdir. Bizə göstərilən hər cür dəstəyə görə məşqçilərimizə və Azərbaycan dövlətinə minnətdaram.

“Həyəcandan final şansımı qaçırdım”

Həsən ƏLİYEV (yunan-Roma güləşi, 66 kq) Avropa Oyunlarının bürünc mükafatçısı:

- Çox məyusam. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi və adımın bu yeni tarixə bürünc medalla yazılması müsbət amil olsa da, buna təəssüflənirəm. İdman şanssızlığı bu dəfə mənim yanımda oldu. Hər kəs məndən qızıl medal gözləyirdi. Məşqçilərim də hazırlıqlarımdan razı idilər və özümü yalnız finalda görürdüm. Uduzduğum idmançı dəfələrlə mənimlə görüşdə tatamidən məğlub ayrılıb. Bu dəfə günah özümdə oldu. Hesabda 3:0 irəli idim və istədim ki, xal fərqi 5-ə yüksəlsin. 2 xallıq fənd işlətmək istədim, alınmadı və rəqib bundan istifadə etdi. Həyəcandan final şansımı qaçırdım.

Ancaq Avropa Oyunlarının bürünc medalını qazanmaq bir uğurdur. Bu, idman karyerama yazılacaq bir tarixdir. Onu da deyim ki, çox həssas bir insanam. Düşmən ölkənin idmançısına uduzduğumu qəbul edə bilmirəm. İlk növbədə çalışmalıyam ki, bu təsirdən ayılım, ABŞ-da keçiriləcək dünya çempionatına inamla hazırlaşım. Bu məğlubiyyət məni Braziliyada keçiriləcək Olimpiya Oyunlarına daha məsuliyyətlə hazırlaşmağa məhkum edəcək.

 “Bu, karyeramda ən parlaq ildir”

Rostislav PEVTSOV (triatlon) Avropa Oyunlarının bürünc mükafatçısı:

- Qələbə haqqında fikirləşirdim və heç olmasa son üçlükdə təmsil olunacağımı xəyal edirdim. İki ildir ki, Avropa Oyunlarına hazırlaşırdım. Bu yarışmada yalnız medal qazanmaq niyyətində idim. Bu, karyeramda ən parlaq ildir. Bundan sonra “Rio-de-Janeyro- 2016” Olimpiya Oyunlarında Azərbaycan triatlon komandasının adını zirvələrə qaldırmaq üçün mübarizə aparacam.

Sözsüz ki, nəticələrdən çox razıyam. Bu, mənim üçün ciddi uğurdur. Yarışlara ciddi hazırlaşmışdıq, bu baxımdan nəticə hazırlıq səviyyəsinə uyğun sayıla bilər. Yarış təbii ki, çətin oldu, var gücümü sərf etdim. Azərbaycanlı azarkeşlər məni dəstəkləyirdi, onlara çox təşəkkür edirəm. Üçüncü olmağıma bu amil çox kömək etdi. 5 ildir triatlonla məşğul oluram, iki dəfə dünya kubokunun mükafatçısı olmuşam. Bu yarış növü ölkəmizdə yenidir. Amma buna baxmayaraq, mən illərdir bu növdə yarışıram. Avropa çempionatını estafetdə udmuşam. Avropa, Amerika, Asiya kuboku yarışlarında mükafatçı olmuşam. Amma bu gün əldə etdiyim mükafat ən ciddi mükafatdır.

“Düşmənə qalib gəlmək qürurverici haldır”

Elman MUXTAROV (yunan-Roma güləşi, 59 kq) Avropa Oyunlarının bürünc mükafatçısı:

- İlk Avropa Oyunlarına əzmlə hazırlaşmışdıq. Hədəfimiz yalnız qələbə idi. Düzdür, qızıl medal olmasa da, ən azından mükafatçılar sırasında yer alacağımı düşünürdüm. Belə də oldu. Əslində, finala yüksəlməli idim. Ancaq alınmadı. Yarımfinalda Rusiya təmsilçisi Stefan Maryanyana məğlubiyyəti yorğunluqla əlaqələndirirəm. Bildiyiniz kimi, bürünc medallar uğrunda erməni idmançı Roman Amoyanla güləşdim. Düşmənə uduzacağımı heç ağlıma belə gətirmirdim. Ona qalib gəlmək qürurverici haldır. Başqa çıxış yolum da yox idi. Şükürlər olsun ki, qalib gəldim. Onu da qeyd edim ki, Amoyanı dəfələrlə məğlub etmiş güləşçimiz Rövşən Bayramovun da tövsiyələrindən yararlanmışam. İşlərimizi bu cür davam etdirsək, Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarında bundan da uğurlu nəticələr qazanacağıq. Bir daha bütün Azərbaycan xalqını təbrik edirəm.

 “Öz səhvimdən qızıl medal bürünclə əvəzləndi”

Natalya SİNİŞİN (güləş, 55 kq) Avropa Oyunlarının bürünc mükafatçısı:

- Mən bürünc medalı ailəmə, balaca qızıma həsr edirəm. O, evdə mənim yolumu gözləyir. Mən də onun üçün darıxıram. Həyat yoldaşıma, dostlarıma, məşqçimə və Güləş Federasiyasına minnətdarlığımı bildirirəm.

Xalça üzərində güləş prinsipial xarakter daşıyır. Bu, rəqibin rusiyalı, isveçli, amerikalı olmasından asılı olmayaraq belədir. Çünki bu, şəxsi xarakterli yarışmadır. Hər kəs özü üçün mübarizə aparır. Hər kəs medal qazanmaq istəyir. Əks halda bu qədər müddətdə məşq etmək nəyə lazımdır?

Mənim finala yüksəlmək şansım çox idi. Öz səhvim buna imkan vermədi. Mən yorulmamışdım. Sadəcə, hər şey bir anda oldu. Hər bir idmançı finala yüksəlib qızıl medal uğrunda döyüşür. Ancaq iki idmançıdan biri məğlub olur. Demək olar ki, mən qızılı əldən buraxdım. Finala çıxış görüşümdə hesabda irəlidə idim, amma səhvlərə yol verdim və bu mənə qızıl medalı itirmək bahasına başa gəldi. Özüm də bilmirəm, necə oldu ki, belə alındı. Medalın olması hər zaman yaxşıdı. Əlbəttə qızıl medal qazanmaq istərdim, amma bürünc medal da çox yaxşıdı. Bütün azarkeşlərə öz minnətdarlığımı bildirirəm.

“İçimdəki sevinc hissinin böyüklüyünü izah edə bilmirəm”

Eldar SƏFƏROV (idman gimnastikası-çoxnövçülük) Avropa Oyunlarının bürünc mükafatçısı:

- Sevincimin həddi-hüdudu yoxdur. Heç kimə içimdəki sevinc hissinin böyüklüyünü izah edə bilmirəm. Komanda şəklində yaxşı çıxış etdik, amma bundan da yaxşı nəticə göstərə bilərdik. Komandamızda bir nəfər zədə aldı. Bu baş verməsəydi, birinci və ya ikinci yer uğrunda mübarizə apara bilərdik.

Mən də bir ay əvvəl çiynimdən zədə almışdım, həmçinin ayağımdan əməliyyat olunmuşdum. Hələ tam sağalmamışam. Təbii ki, belə olmasaydı, daha yaxşı çıxış edə bilərdim. Bugünkü bürünc medallar təsadüfi deyildi, biz son ilyarım idi ki, buna doğru gedirdik.

Yarışlarda isə Rusiya, Ukrayna, Almaniya, Britaniya və İtaliyadan çox güclü rəqiblərimiz vardı. Bütün gimnastlar yaxşı formada idi. Ancaq biz inanırdıq ki, Avropa Oyunlarında medal qazana bilərik. Bu gün isə medalçıyıq və xoşbəxtik.

“Zəfər Günləri” iyunun 29-dək davam edəcək. Hər gün Milli Olimpiya Komitəsinin binasının qapıları Avropa Oyunlarında ölkəmizin atletlərini dəstəkləyən, onların qazandıqları uğurlarla bağlı sevinclərini bölüşən, qaliblərlə görüşmək istəyən insanların üzünə açıq olacaq.

 

Rəşad BAXŞƏLİYEV,

 

Elçin ÇƏFƏROV,

 

Azərbaycan.- 2015.- 17 iyun.- S. 6-7.