Karatedə Avropa birincisiyik

 

İdmançılarımız 4 qızıl və 2 bürünc medal qazanaraq I Avropa Oyunlarını zəfərlə başa vurdular

 I Avropa Oyunlarının üçüncü günündə - iyunun 14-də “Baku Crystal Hall”da karate yarışları davam etdirildi. İdmançılar kumitekata döyüşlərində 6 dəst medal uğrunda güclərini sınadılar. Kumite yarışlarında qadınlar 68 və +68, kişilər isə 84 və +84 kiloqram çəki dərəcələrində döyüşdülər. Kata yarışlarında isə idmançılar 2 dəst medal uğrunda mübarizə apardılar.

Həm kumite, həm kata döyüşlərində Azərbaycan idmançıları da güclərini sınadılar. Karate yarışlarının ikinci günü də Azərbaycan idmançıları üçün uğurlu olduonlar aktivlərinə daha iki qızıl medal yazdırdılar. Qızıl medallardan birini 68 kq çəki dərəcəsində İrina Zaretska qazandı. İdmançımız ilk döyüşdə təcrübəli və yaşca özündən çox böyük olan ispaniyalı Kristina Vizkainoya 6:1 hesabı ilə qalib gəldi. Növbəti döyüşdə idmançımız Avstriya karateçisi Alisa Tereza Buxingerlə mübarizə apardı. Bu döyüşdə məğlub olan İrina Zaretska daha sonra Yunanıstan təmsilçisi Vasiliki Panetsidounu məğlub edərək yarımfinala çıxdı. Yarımfinalda idmançımız digər qrupun qalibi olan monteneqrolu Marina Rakoviçlə mübarizə apardı və 1:0 hesabı ilə qələbə çalaraq finala yüksəldi. Finalda isə idmançımızın rəqibi yenidən Avstriya idmançısı Alisa Tereza Buxinger idi. İnamla döyüşən İrina Zaretska bu görüşdə 8:1 hesabı ilə qalib gələrək qızıl medalı qazandı.

 Bu, I Avropa Oyunlarında karateçilərimizin üçüncü, Azərbaycan komandasının isə dördüncü qızıl medalı idi. Üçüncü yerə isə Monteneqro karateçisi Marina Rakoviç çıxdı.

Karateçilərimizin dördüncü, Azərbaycan komandasının isə beşinci qızıl medalını kişilər arasında kumite yarışlarında 84 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Ayxan Mamayev qazandı. İdmançımız mübarizə apardığı qrupun ilk döyüşündə yunanıstanlı Georgios Mixail Tzanosla gücünü sınadı və görüş 0:0 hesabı ilə başa çatdı. Ayxan Mamayevin növbəti görüşdə rəqibi Ukrayna təmsilçisi Yaroslav Horuna idi. 6:3 hesabı ilə qalib gələn idmançımız daha sonra Fransa karateçisi Kenji Grillonun üzərində 6:1 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəldi. Ayxan Mamayev finalın bir addımlığında kosovolu Alvin Karaqi ilə mübarizə apardı və rəqibini məğlub edərək finala çıxdı. Finalda isə idmançımızın rəqibi yenidən yunanıstanlı Georgios Mixail Tzanos idi. Lakin qızıl medal uğrunda mübarizədə idmançımız bu dəfə yunan rəqibinə şans vermədi və 2:1 hesablı qələbə ilə fəxri kürsünün ən yüksək pilləsinə çıxdı.

Beləliklə, Azərbaycan karateçiləri I Avropa Oyunlarının üçüncü günündə daha iki medal qazandılar. Bununla da karateçilərimizin medallarının sayı 6-ya çatdı. Xatırladaq ki, iyunun 13-də keçirilmiş kumite yarışlarında Azərbaycan karateçilərindən Firdovsi Fərzəliyev (60 kq) və Rəfael Ağayev (75 kq) qızıl, Niyazi Əliyev (67 kq) və İlahə Qasımova (55 kq) bürünc medal qazanmışdılar. Karate yarışlarında 12 dəst medal uğrunda 96 idmançı mübarizə aparırdı. Azərbaycan karateçiləri 4 dəst medalın ən yüksək əyarlı medallarını qazanmaqla I Avropa Oyunlarını birinci yerdə başa vurdular.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2015.- 17 iyun.- S. 8.