Azərbaycan idman gimnastikasında ən böyük
nailiyyətini qazandı
Kişilərdən
ibarət komandamız 26 ölkə arasında üçüncü
yerə çıxmaqla mühüm uğura imza atdı
Gimnastika rəqs elementləri, möhtəşəm gözəlliyi, estetik bədən hərəkətləri və yüksək keyfiyyətli icranın bir-biri ilə ahəngdə olduğu maraqlı və mürəkkəb idman növlərindən biridir. Bu gün dünyada milyonlarla insan xüsusən gimnastlar tərəfindən nümayiş olunan yüksək səviyyəli çıxışları heyranlıqla izləyir.
Gimnastlar ən çətin hərəkətlərdən ibarət kombinasiyaları bir-birinin ardınca böyük məharətlə icra edirlər. Güc elementlərini əvəzləyən sürətli və dinamik fırlanma hərəkətləri və salto vurma bir araya gələrək mükəmməl ixtiyari hərəkətlər ortaya çıxarır. Ümumiyyətlə, idman gimnastikasına idmanın bütün hərəkət elementləri daxildir və burada gimnastlar öz bədənlərindən idman avadanlığından olduğu kimi istifadə edirlər. Kişilər arasında keçirilən idman gimnastikası yarışlarında altı, qadınlar arasında keçirilən idman gimnastikası yarışlarında isə dörd hərəkət yerinə yetirilir.
I Avropa Oyunlarında tamaşaçıların maraqla izlədiyi idman növlərindən biri də gimnastikadır. İyunun 14-də - I Avropa Oyunlarının üçüncü günündə Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlar başladı. Həmin gün həm kişi, həm də qadın idmançıların həm fərdi, həm də komanda üzrə yarışları keçirildi. Xatırladaq ki, “Bakı 2015” I Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlarda 179 gimnast 14 dəst medal uğrunda fərdi və komanda hesabında mübarizəyə qoşulub.
Yarışların ilk günü kişi gimnastlar 3 hərəkətdə - sərbəst, gimnastika atı üzərində və halqalarda qüvvələrini sınayıblar. 73 gimnastın çıxış etdiyi fərdi yarışlarda Ukrayna gimnastı Oleq Vernyayev 45,000 xal toplayaraq günün lideri olub. Rusiya təmsilçi David Belyavski 44,000 xal toplayaraq ikinci, Azərbaycanın gimnastı Oleq Stepko isə 43,899 xalla 3-cü pillədə qərar tutub.
Komanda yarışlarında isə 26 yığma iştirak edib. Nəticələrə əsasən 88,598 xal toplayan Ukrayna komandası birinci olub. Rusiya komandası 88,199 xalla ikinci, Azərbaycan yığma komandası isə 86,098 xalla yarışları üçüncü pillədə başa vurub.
Qadın gimnastlar isə iyunun 14-də keçirilən ilk yarışda müxtəlif hündürlük qollar və dayaqla tullanma olmaqla iki hərəkət yerinə yetiriblər. Fərdi yarışlarda 80 idmançı qüvvəsini sınayıb və iki hərəkətin nəticələrinə əsasən Rusiya gimnastı Aliya Mustafina 30,333 xal toplayaraq lider olub. İkinci və üçüncü yerləri də rusiyalı gimnastlar tutublar. Azərbaycan gimnastları Marina Nekrasova 24,666, Yuliya İnşina 23,266, Kristina Pravdina 22,932 xal toplayaraq müvafiq olaraq 39-cu, 65-ci və 66-cı pillədə qərarlaşıblar.
Qadınların komanda yarışlarında 25 ölkənin yığması mübarizə aparıb. Beləliklə, yarışların birinci günü komanda yarışlarında Rusiya 60,165 xalla birinci olub. Almaniya gimnastları 58,066 xalla ikinci, Macarıstan idmançıları isə 55,964 xalla üçüncü yeri tutublar. Azərbaycan komandası 49,098 xal toplayaraq ilk yarış gününü 15-ci pillədə başa vurub.
İyunun 15-də idman gimnastikası üzrə çoxnövçülük yarışların təsnifat mərhələsi davam etdirildi. Kişilər üç hərəkət - paralel qollar, turnik, dayaqla tullanma, qadınlar isə sərbəst gimnastik hərəkətlər və gimnastika tiri üzərində qüvvələrini sınayıblar.
Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərovun yer aldığı Azərbaycanın kişilərdən ibarət yığma komandası yarışların ikinci günündə yenə də uğurlu çıxış edib. Beləliklə, iki gün ərzində yerinə yetirilən altı hərəkətin nəticəsinə görə komandamız 174,195 xal toplayıb. Bu nəticə ilə Azərbaycanın idman gimnastikası üzrə yığması fəxri kürsünün üçüncü pilləsində yer tutaraq I Avropa Oyunlarının bürünc mükafatını qazanıb. Bu, Azərbaycan idmançılarının I Avropa Oyunlarında qazandığı sayca 14-cü medalı olub.
Kişilərin komanda yarışında rusiyalı gimnastlar birinci, ukraynalı gimnastlar ikinci yerə çıxıblar. Qadın gimnastlar arasında da komanda yarışlarında Rusiya yığması qızıl medala layiq görülüb. Almanlar ikinci, Niderland idmançıları isə üçüncü yerə çıxıblar.
İki gün davam edən yarışlarda I Avropa Oyunlarının idman gimnastikasının fərdi yarışlarının final mərhələsinin iştirakçıları da müəyyənləşib. Fərdi yarışlara vəsiqə qazanan gimnastlar iyunun 18-də mübarizəyə davam edəcəklər. Azərbaycan gimnastı Oleq Stepko da finalçılar arasındadır.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.- 2015.- 17 iyun.- S. 9.