İdmançımız triatlonu bürünc medalla başa vurdu

 

“Bakı-2015” I Avropa Oyunlarında triatlon üzrə yarışlara yekun vurulub. Yarışın 2-ci günündə Bilgəh çimərliyində kişi idmançılar mübarizə aparıblar. Üzgüçülük, velosiped idmanı və qaçışda qüvvəsini sınayan triatlonçuların yarışında 58 idmançı qüvvəsini sınayıb. Böyük Britaniya təmsilçisi Qordon Benson finişə 1 saat 48 dəqiqə 31 saniyəyə çataraq qızıl medala sahib çıxıb. Çempiondan 11 saniyə geri qalan portuqaliyalı Joao Silva gümüş mükafata yiyələnib.

Azərbaycan triatlonçusu Rostislav Pevtsov yarışı 3-cü pillədə bitirib. Bürünc mükafat qazanan idmançımız məsafəni 1 saat 49 dəqiqə 4 saniyəyə qət edib.

Rostislav Pevtsov mükafatlandırma mərasimindən sonra yarış haqqında fikirlərini bildirib: Çox çətin yarış idi. Medal qazanmağı çox istəyirdim bu, mənim arzum idi. Buna ürəkdən inanırdım çalışırdım. Bu uğuru əldə etdiyim üçün sevinirəm, qürur hissi keçirirəm. Avropa Oyunlarındakı triatlon yarışlarına məqsədli şəkildə yaxşı hazırlaşırdım. Bütün diqqətimi yarışlara cəmləmişdim. Çünki Avropa Oyunları mənim üçün ən mühüm yarışdır. Bu bürünc medalın mənim Azərbaycan Triatlon Federasiyası üçün mənası böyükdür. Ümid edirəm ki, bu uğurlu nəticə Azərbaycanda triatlon idman növünün inkişafına təkan verəcək. “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak etmək üçün bundan sonra da yarışlarda yüksək yerləri qazanmağa çalışacağam”.

Qeyd edək ki, triatlonda idmançılarımızın indiyədək belə yüksək nailiyyəti olmayıb.

 

 Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2015.- 17 iyun.- S. 9.