“Biz
bütün Azərbaycanın qibtə
ediləsi inkişaf yolu
keçdiyinin şahidi
olduq”
Ölkəmizdə keçirilən ilk Avropa Oyunları ilə bağlı Rusiyanın müxtəlif regionları ilə əlaqə saxladıq, tanıdığımız sıravi jurnalistlərin bu qitə yarışlarına, ona evsahibliyi edən Azərbaycana, Bakıya münasibətlərini öyrəndik. Onlardan biri isə idman şərhçisi kimi I Avropa Oyunlarını işıqlandırmağa Azərbaycana gəldi.
Aldığımız cavablar ilk baxışdan adi görünsə də, insanları, xalqları və dövlətləri bir-birinə bağlayan doğma və bənzərsiz duyğularla daha çox rastlaşdıq.
Badma Kaldayev, “İzvestiya Kalmıkii” qəzetinin əməkdaşı:
- Biz həmkarım Anton Vasilyevlə “İzvestiya Kalmıkii” qəzetinin əməkdaşları kimi Azərbaycanda qoşulacağımız möhtəşəm bayram təntənəsinin sevincini yaşayırıq. Bakıda ilk dəfə keçirilən I Avropa Oyunlarını işıqlandıran media ordusunun sıralarında olmağımızla fəxr edirik. Sizin ölkə ilə müəyyən bağlılığımız, əlaqələrimiz də mövcuddur. Belə ki, təhsil aldığım Lomonosov adına MDU-da qrup yoldaşlarımdan biri azərbaycanlı idi. O vaxtdan 35 ildən çox ötsə də, əlaqələrimiz kəsilməyib, əksinə, zaman dostluğumuzu daha da möhkəmləndirib. Fotomüxbirimiz kalmık Anton Vasilyevin qızı isə Bakıda ərdədir, azərbaycanlı ilə ailə həyatı qurub. Anton Bakıda axırıncı dəfə 1980-ci ildə olub. Bu dəfə Bakıya gələn kimi səhər tezdən taksi tutub sizin paytaxtı səyahətə çıxdıq. Onu heyrət bürümüşdü, hətta zarafat etdi ki, deyəsən, biz başqa bir şəhərə düşmüşük. 80-ci illərlə bugünü müqayisə etmək mümkün deyil. Çünki adi şəhər göydələnləri, bərq vuran, səliqəli küçələri ilə insan zövqünü oxşayan müasir meqapolisə, paytaxta çevrilib, inanılmaz dərəcədə dəyişib. Biz bütün Azərbaycanın qibtə ediləsi inkişaf yolu keçdiyinin şahidi olduq.
Ən başlıcası odur ki, sizin insanlar daha yaxşı yaşamağa, daha fəal olmağa çalışırlar. Heç kim gözləmir ki, onlara kənardan, xaricdən yardım olacaq, nəyisə gətirib ovuclarına qoyacaqlar. Özləri qurur, yaradır, həyatlarını da, ölkələrini də dəyişirlər. Biz bütün bunları öz gözlərimizlə gördük, qulaqlarımızla eşitdik. İndi yazdığımız yazılarda, çəkdiyimiz fotoreportajlarda fantastik şəhərdən topladığımız zəngin təəssüratı oxucularımızla bölüşürük.
Mən dünyanın müxtəlif şəhərlərində keçirilən 5 olimpiya oyununu işıqlandırmışam, böyük idman tədbirlərində iştirak etmişəm. Bakıda keçirilən Oyunlar dünyada təşkil edilən belə mötəbər turnirlərin heç birindən geridə qalmır. Əksinə, maraqlı yeniliklər, fərqlər çoxdur. Düşünürəm ki, I Avropa Oyunları bütün media nümayəndələrinin yaddaşına unudulması mümkün olmayan təmtəraqlı bayram kimi həkk olunacaq.
Eyni zamanda, Bakının idman arenalarında gərgin yarışları, güzəştsiz mübarizəni sonsuz maraqla izləyirik. Biz həmişə çılğın yarışların, idmanın bənzərsiz gözəlliyinin, heyrətamiz mübarizənin və dünyanı təəccübləndirən nəticələrin şahidi olmaq istəmişik. Bakı bu mənada da bizim gözləntilərimizi doğruldur. Ən başlıcası isə, qonaqpərvərliyi ilə bizi heyrətləndirir.
Aslan Kikov,
Adıgey Respublikası:
- Mən bir qafqazlı kimi Azərbaycanda I Avropa Oyunlarının keçirilməsinə hədsiz dərəcədə sevinirəm. Bu Oyunların ilk dəfə məhz Bakıda, Azərbaycanın paytaxtında keçirilməsinə mane olmaq istəyən böyük güclər var. Qafqazlılara Yer kürəsində bir qədər yuxarıdan baxanlar, bizə mədəniyyət öyrətməyə, tərbiyə verməyə cəhd edənlər Qərbdə kifayət qədərdir. Yarışların Bakıda keçirilməsinə mane olmaq, onu boykot etmək üçün min oyundan çıxanlar yetərincədir. Biz də Rusiyada Soçi Olimpiadası zamanı belə təpkilərə məruz qaldıq, ancaq sonda qalib gəldik. Azərbaycan da bu mübarizədə qalibdir. Qoy bu, bizi Avropadan və sivil dəyərlərdən uzaq salmaq istəyən bədxahlara ibrət dərsi olsun. Qoy görsünlər ki, Bakı Oyunlara bütün məsuliyyəti ilə yüksək səviyyədə evsahibliyi edə bilir.
Avropa elə Qafqazdan - qədim yunan əfsanələrində odu allahlardan oğurlayıb insanlara gətirən Prometeyin çarmıxa çəkildiyi məkandan başlayır. Zənnimcə, məhz buna və bir sıra başqa amillərə görə Oyunların təşkilatçıları Cənubi Qafqazı əbəs yerə seçməyiblər. Cənubi Qafqaz, ümumiyyətlə bütün Qafqaz əsrlər boyu Qərblə Şərq arasında körpü rolunu oynayıb. Vaxt olub ki, çox şeyi Qərb elə bizdən öyrənib. Mən ürəkdən sevinirəm ki, bu yarışlar qardaş Azərbaycanda keçirilir, sevinirəm ki, mənim ölkəmin - Rusiyanın 400-ə yaxın idmançısı bu Oyunlara qatılıb.
Bizim tariximizin bənzər səhifələri, bənzər faciələri mövcuddur. Rusiyanın fəxri sayılan “Vəhşi diviziya”da adıgeylər misilsiz rəşadətlər göstəriblər, burada xidmət edən azərbaycanlı Hüseynqulu xan Rusiya imperatoru II Nikolayın xüsusi rəğbətini qazanıb, əlahəzrətin general-adyutantı vəzifəsinədək yüksəlib. Sizin Müslüm Maqomayevi biz həm adıgeylərin, həm də Rusiyanın dahi müğənnisi sayırıq. Həqiqətən də bizi bağlayan qırılmaz tellər mövcuddur. Ona görə də I Avropa Oyunları ilə bağlı sizi də, adıgeyləri də, bütün Rusiyanı da təbrik edirəm.
Vladimir Medvedyev, İrkutsk şəhəri:
- Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov demişdir ki, bu vaxtadək Avropa öz Oyunları olmayan yeganə qitə idi. Fikirləşirəm ki, Bakı yarışlarından sonra Avrooyunların nə demək olduğu ilə bağlı suallar gündəmdən çıxacaq. Əminəm ki, bu Oyunlar Avropanın əsas turniri olacaq, böyük idman bayramına çevriləcək.
Azərbaycanda 1990-cı ilin yanvar ayında
olmuşam. Onda “Komsomolskaya Pravda” qəzetində
işləyirdim. Ağır günlər
idi. Mən o vaxtlar Bakıda
öz faciəsini dəyanətlə yaşayan
və bizi jurnalist kimi qəbul edən, qarşılayan, çörəyini
bizimlə bölən
insanları gördüm.
Vacibi odur ki, bunlar
arxada qalıb, siyasilərin müdrikliyi əlaqələrimizin qırılmasına
imkan verməyib, əksinə, dostluğumuzu
gücləndirib.
Baykal-Amur Magistralının tikintisini işıqlandırdığım
illərdə Heydər
Əliyevin nə dərəcədə güclü
rəhbər olduğunu
gördüm. Bu gün
də iki dövlət arasında əlaqələr genişlənir,
inkişaf edir. I Avropa Oyunlarının
Azərbaycanda keçirilməsində
də bir qanunauyğunluq var. Dünyada
idman sülhə, barışa çağırış
kimi qəbul edilir. Bu baxımdan
I Avropa Oyunlarının
keçirilməsini sülhə,
əmin-amanlığa atılan
addım kimi qiymətləndirmək mümkündür.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-
2015.- 17 iyun.- S. 10.