“Bakı-2015” ilk Avropa Oyunlarının
açılış mərasiminin Parisdə nümayişi
olub
“Bakı–2015” birinci Avropa Oyunlarının açılış mərasimini “Equipe21” kanalı vasitəsilə canlı izləmək üçün Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyi və Azərbaycanın Fransadakı səfirliyi tərəfindən 60-dan artıq parisli Azərbaycan Mədəniyyət Mərkəzinə dəvət edilib. Mərasimdən sonra Azərbaycan mətbəxinin nümunələrindən ibarət ziyafət keçirilib.
İzləyicilər arasında Parisdə akkreditə olunmuş diplomatlar, Fransa Milli Olimpiya və İdman Komitəsinin nümayəndələri, “TOTAL”, “Bouygues Construction” və “Galeries Lafayette” kimi məşhur fransız şirkətlərinin təmsilçiləri və Azərbaycan diasporunun fəalları olublar.
Tədbirdə Azərbaycanın Fransadakı səfirliyinin birinci katibi Ayaz Qocayev və TEAS-ın nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gourdin qitənin bütün ölkələrini təmsil edən idmançıların iştirakı ilə birinci Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsinin tarixi əhəmiyyətini vurğulayıblar. Bildiriblər ki, bu, idmanın ümumbəşəriliyini və birləşdirici bir qüvvə kimi gücünü göstərir.
“Bakı-2015”in
açılış mərasiminin gözəlliyindən heyrətə
gələn tamaşaçılar mərasimdə bir çox məqamları,
xüsusilə sanki sehrlə Avropa qitəsi üzərindən
buğanın keçməsi alleqoriyasını sürəkli
alqışlarla qarşılayıblar. Bu,
qitənin coğrafi cəhətdən
birliyinə və Azərbaycanın Avropa
qitəsinə məxsusluğuna işarə idi.
AZƏRTAC
Azərbaycan.- 2015.- 17 iyun.-S. 11.