Cüzeppe Marra:
AZƏRTAC ilə tərəfdaşlıq əlaqələri qurmaqdan çox məmnun
olardıq
İtaliyanın ən önəmli özəl media qurumlarından biri olan “Adnkronos” xəbər agentliyinin prezidenti Cüzeppe Marra AZƏRTAC-ın xüsusi müxbirinə müsahibə verib. Müsahibəni təqdim edirik.
- Əvvəlcə,
uğurlu karyeranızda
atdığınız ilk addımlar barədə
məlumat verməyinizi xahiş edirik.
- Mətbuata hər zaman marağım olub. Hələ beş yaşımda
olarkən nəşriyyatçı
kimi çalışan
dayımın çap
maşını ilə
oynamağı xoşlayırdım.
Məktəbi bitirdikdən sonra
Romaya köçdüm
və bir sıra qəzetlər üçün çalışmağa
başladım. O vaxtdan
indiyədək keçən
dövrdə müvafiq
sahədə uğurlar
qazanmışam. Bu gün mən İtaliyanın ən önəmli özəl
media şirkətlərindən birinə rəhbərlik edirəm. Biz fəaliyyətimizə xəbər
agentliyi olaraq başladıq. Hazırda media və kommunikasiya sahəsində çoxşaxəli
bir qurum kimi fəaliyyət göstəririk. Şirkətimizin fəaliyyətini yeni minilliyin tələblərinə
uyğun olaraq qurmağa çalışırıq.
Hesab edirəm ki, nəşriyyatçıların və jurnalistlərin bacarıqlarına söykənən
gələcək media dünyasının
önəmini anlamaq vacibdir. Çünki texnologiya informasiyanın
və ya etik dəyərlərin keyfiyyətini, etibarlılığını
heç vaxt əvəz edə bilməz. Bu prinsiplər işimizin əsasını təşkil
edir.
- “Adnkronos”un yaranma tarixi və hazırkı fəaliyyəti
barədə nə deyə bilərsiniz?
-
1963-cü ildə təsis
olunmuş bu qurum “Adn” və
“Kronos” agentliklərinin
birləşməsi nəticəsində
yaranıb. “Adnkronos”
bu gün İtaliyada ən önəmli özəl xəbər agentliyidir.
Romada baş idarəmiz, İtaliyanın digər bölgələrində isə
şöbələrimiz fəaliyyət
göstərir. Gün ərzində
təxminən 2 min 200 xəbər
hazırlayırıq. İllər keçdikcə qurumun fəaliyyəti çərçivəsində
kommunikasiya, məşğulluq,
səhiyyə, ətraf
mühit və mədəniyyət sahələrini
əhatə edən spesifik strukturlarımız
yarandı. Fəaliyyət dairəmizi bu cür genişləndirməyimiz
həm milli, həm də beynəlxalq informasiya bazarının tələblərinə
uyğunlaşmaqda bizə
kömək edir.
“Adnkronos”un ixtisaslaşdırılmış sahələrindən biri də beynəlxalq xəbərlərin istehsalı
ilə məşğul
olan “Adnkronos
International” (AKI) agentliyidir. Qurum italyan, ingilis və ərəb dillərində xəbərlər
yaymaqdadır.
- AZƏRTAC-ın
geniş beynəlxalq əlaqələri var, mötəbər informasiya
alyanslarında nüfuz
sahibidir. O, bir sıra ölkələrin
aparıcı media qurumları
ilə uğurla əməkdaşlıq edir.
“Adnkronos” ilə tərəfdaşlığın qurulması bu istiqamətdə növbəti
addım ola
bilər. Bununla bağlı fikirlərinizi
bilmək istərdik.
-
AZƏRTAC -ın tarixi
və agentliyinizin Azərbaycanın media sahəsinə
verdiyi töhfələr,
gördüyü dəyərli
işlər barədə
məlumatlıyıq. Eyni zamanda,
Azərbaycanın önəmli
iqtisadi tərəqqi mərhələsində olduğunu
da bilirik. Bu baxımdan AZƏRTAC-ın jurnalistlərinin üzərinə bütün
bu inkişafı, əldə edilən uğurları dolğun şəkildə təqdim
etmək öhdəliyi
düşür. Əsas istəyimiz
keyfiyyətli xəbər
istehsalı ilə məşğul olan
AZƏRTAC ilə tərəfdaşlıq
əlaqələri qurmaqdır.
“Adnkronos” bir sıra önəmli beynəlxalq media qurumları
ilə əməkdaşlıq
edir. Bu sırada “Washington Post” qəzeti, “DPA” (Almaniya), “Sinxua” (Çin),
“JİJİ Press” (Yaponiya) və
digər xəbər agentliklərini qeyd etmək olar. Bu kontekstdə AZƏRTAC ilə də tərəfdaşlıq əlaqələri
qurmaqdan çox məmnun olardıq. Çünki bu əlaqələr
bizə ölkələrimiz
haqqında reallıqları
çatdırmaq, xəbərlərimizi,
foto və videolarımızı paylaşmaq
imkanı verəcək.
Zənnimcə, əməkdaşlığımızı
genişləndirmək üçün
bütün mümkün
vasitələri nəzərdən
keçirmək olar.
- İtaliyalı
jurnalistlər son illər
Azərbaycana daha böyük maraq göstərirlər. Sizin fikrinizcə,
ölkəmizin İtaliya
mətbuatı üçün
cəlbedici bir məkana çevrilməsinə
təsir göstərən
amillər hansılardır?
- Daha əvvəl də qeyd etdiyim kimi, Azərbaycan son illər köklü tərəqqi dövrü yaşayır. İqtisadi tərəqqi ilə yanaşı, mədəni və sosial sahələrin inkişafı da heyranedicidir. Bu baxımdan Azərbaycan ilə daha yaxın əlaqələr qurmağa böyük maraq göstəririk. Bu, ölkənizdəki dinamik inkişaf barədə daha çox məlumat əldə etmək və Azərbaycanda fəaliyyət göstərmək arzusunda olan İtaliya şirkətləri üçün hansı imkanların mövcud olduğunu analiz etmək baxımından da vacibdir. İtaliya Azərbaycan, bu ölkənin mədəniyyəti, malik olduğu potensial ilə, gələcəkdə görəcəyi işlərlə maraqlanır. Digər tərəfdən, Azərbaycan strateji baxımdan önəmli məkanda yerləşir. Bu da ölkənizə olan marağın əsas səbəblərindən biridir.
Maqsud DADAŞOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Azərbaycan.- 2015.- 17 iyun.- S. 16.