Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Milli

Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Macarıstan Respublikasının Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Macarıstana sonuncu səfərini məmnunluqla xatırladı. Ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın da fəal şəkildə inkişaf etdiyini bildirən dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin müxtəlif istiqamətlərdə daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.

Prezident İlham Əliyev Macarıstan Respublikasının Milli Assambleyasının sədri Laszlo Köverin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrimizin inkişafı işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı səfərin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına da əminliyini ifadə etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana son səfərinə toxunan Laszlo Köver səfərin mühüm əhəmiyyət daşıdığını və səfər çərçivəsində imzalanan sənədlərin əlaqələrimizin daha da genişləndirilməsi baxımından önəmini qeyd etdi. Macarıstanlı qonaq birinci Avropa Oyunlarının ölkəmizdə yüksək səviyyədə təşkil olunduğunu vurğuladı.

Görüşdə ölkələrimiz arasında əlaqələrin enerji, təhsil, səhiyyə və digər sahələrdə daha da inkişaf etdirilməsı ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2015.- 18 iyun.- S.3.